Məhkəmə qərarları › İş №e-2(010)-3339/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3339/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3339/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 200 manat olmaqla, ümumilikdə 800 manat pul məbləğində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı dörd övladları dünyaya gəlmişdir. Aralarında olan nikah məhkəmənin 2(010)- 3174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi və iddiaçı Cavabdeh uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 17 avqust 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmşdir. Hazırda 100 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğini vaxtı-vaxtında vermir, uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və ümumiyyətlə övladı ilə maraqlanmır, nəticədə uşağın hər bir çətinliyi ilə iddiaçı məşğul olur. Bütün bunları təşkil etmək iddiaçı üçün təkbaşına olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də, uşağın saxlanılması üçün, təyin edilmiş aliment məbləği artırılmalıdır. Cavabdeh qeyri-rəsmi olaraq avtomobil alqı-satqısı ilə məşğuldur və kifayət qədər gəlir əldə edir. Buna görə də hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir və onun əlavə gəlir yeri yoxdur. O, yalnız 499 manat pensiya alır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün 100 manat məbləğində olan alimenti çox çətinliklə ödəyir. Bundan əlavə onun Binə qəsəbəsində evi vardır və onun satılmasını iddiaçıya təklif etmiş, lakin iddiaçı onunla razılaşmamışdır. Hal-hazırda iddiaçının tələb etdiyi 200 manat məbləğində olan alimenti ödəyə bilməyəcəyini və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MBŞ/4-00939 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 saatlarında keçirilən iclasda tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cаvаbdeh İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixli, 218 sayla qeydə alınmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi və iddiaçı Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 17 avqust 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əılavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 499,96 manat məbləğində yaşa görə pensiya və əlavə olaraq pendiya məbləğinin 10% -50 manat maddi yardım ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq hec bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu hallara qiymət verərkən, məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi və iddiaçı Cavabdeh uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 17 avqust 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilmişdir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşaqların ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşaqların saxlanmasına kifayət etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 manat, cəmi 600 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X10” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunu nəzərə alaraq,(50 manat medisaiya xərci nəzərə alınmaqla) ödənilməli 42 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşağa 150 manat, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri – 42 (qırx iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar