Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-334/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 3140 manat məbləğində dəymiş zərərin əvəzinin, ödənilmiş cəriməyə görə 736 manat məbləğində pul vəsaitinin və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixdə 15 saylı Notariat Kontorunda 3M-775 saylı ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh 11204 manat dəyərində “Opel Astra” markalı avtomobil əldə etmişir. Müqavilənin şərtlərinə görə Cavabdeh 24 ay müddətinə hər ay 446 manat ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 6 ay ödəniş etdikdən sonra ödəniş etməmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq avtomobili həm nasaz vəziyyətə gətirmiş, həm də 700 manatdan artıq ödənilməmiş cərimə ilə cərimə meydançasına qoymuşdur. Cavabdeh ödəniş edilməsi və cərimələr ödənilməsi üçün ofisə dəvət edilmiş, lakin ödəmək üçün heç bir cəhd etməmişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 3140 manat vəsait xərclənmişdir. Bundan əlavə, avtomobili idarə edərkən cavabdeh müxtəlif yol hərəkəti qaydalarını pozaraq 736 manat cərimə etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o, məhkəməyə ərizə verərək, cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. “X3” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, buraxılış ili 2006-cı il olan, “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləğinin 3140 manat (işçilik + ehtiyat hissələri) təşkil etməsi müəyyən edilmişdir.
6. İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqısı müqaviləsindən görünür ki, tərəflər bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BA 319949 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi: W0L0AHL**********, mühərrikin nömrəsi və buraxılış ili 2006-cı il olan, “Satıcı”ya məxsus “Opel Astra minik xetçbek” markalı, **-TZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüş, avtomobilin satış qiyməti 11204 manat məbləğində müəyyən edilmiş, Alıcı 500 manat məbləğində pul vəsaitini müqavilə bağlandığı anda, borclu olduğu 10704 manat məbləği hər ay 446 manat olmaqla 24 ay ərzində Satıcıya nağd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.
7. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
8. EQ17602436, EQ/18065234, EQ17959637, İXP5909161, EQ17875544, EQ17831984 və EQ17640413 nömrəli protokollar barədə məlumatdan görünür ki, Cavabdeh “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində ümumilikdə 736 manat məbləğində (cərimə + dəbbə pulu) inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notariat qaydasında nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Alıcı (Cavabdeh) satış qiyməti 11204 manat məbləğində qiymətləndirilən “Opel Astra minik xetçbek” markalı, **-TZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə müqavilə bağlandığı anda 500 manat, sonrasında isə 24 ay ərzində hər ay 446 manat məbləğində pul ödəməyi, Satıcı (İddiaçı) isə avtomobilin Alıcıya satılması ilə bağlı əsas alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür.
10. “Opel Astra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üzrə Cavabdeh istifadəsində olduğu dövrdə avtomobilə zərər dəymiş, eləcə də avtomobili idarə edən Cavabdeh müxtəlif tarixlərdə müxtəlif inzibati xətaların törədilməsində təqsirli bilinərək, ümumilikdə yeddi inzibati xəta haqqında protokol əsasında 736 manat (cərimə vaxtına ödənilmədiyinə görə hesablanmış dəbbə pulu ilə birlikdə) məbləğində inzibati cərimə edilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan “Opel Astra minik xetçbek” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobili almaq üçün 24 ay ərzində ümumilikdə 11204 manat (500 manatı müqavilə bağlanarkən) məbləğində pul ödəməyi, iddiaçı isə bu pul ödənildikdən sonra cavabdehlə avtomobilin alqı-satqısı ilə bağlı müqavilə bağlamağı öhdəsinə götürmüşdür.
14. Tərəflər arasında notariat qaydasında bağlanmış müqavilənin 7-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı (cavabdeh) avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır. Müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, avtomobil tam saz vəziyyətdə alıcıya təhvil verilir, avtomobil və gələcəkdə avtomobildə yaranan nasazlıqlara görə satıcı (iddiaçı) məsuliyyət daşımır. Müqavilənin 9-cu bəndində isə nəzərdə tutulmuşdur ki, alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində ilkin alqı-satqı müqaviləsi bağlandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir. Müqavilənin 18-ci bəndinə əsasən, avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa, avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir.
15. Müqaviləyə uyğun olaraq iddiaçının mülkiyyətində olan sözügedən avtomobil cavabdehin istifadəsinə verilmişdir. Belə ki, iş materiallarında olan avtomobillə törədilmiş inzibati xəta haqqında protokollar barədə məlumatdan görünür ki, bu protokollar müqavilənin bağlandığı tarixdən qısa müddət sonra - xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tərtib edilmişdir və hər bir protokolda cərimə olunan şəxs kimi Cavabdeh adı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə bağlandıqdan sonra müqavilənin şərtlərinə uyğun olaraq, avtomobil cavabdehin istifadəsinə verilmişdir.
16. Lakin cavabdeh avtomobilin istifadəsində olduğu dövrdə həm avtomobilə maddi ziyan vurmuş, həm də avtomobillə törətdiyi müxtəlif inzibati xətalara görə ümumilikdə 736 manat (cərimə vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə pulu ilə birlikdə) məbləğində inzibati cərimə edilmişdir ki, bu cərimə də iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, həm avtomobilə vurulmuş zərərə görə, həm də avtomobillə törədilmiş inzibati xətalara görə cavabdehin təqsirli olduğu nəticəsinə gəlir.
17. Belə olan halda həm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, həm də yuxarıda (§ 11) istinad edilmiş mülki qanunvericiliyin tələbinə görə cavabdeh öz təqsirli hərəkətləri ilə iddiaçıya məxsus avtomobilə vurduğu zərəri, eləcə də həmin avtomobili idarə edərkən törətdiyi inzibati xətalara görə iddiaçının ödəməli olduğu inzibati cərimələri iddiaçıya ödəməlidir.
18. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 18.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 18.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 18.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 18.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
19. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).
20. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıya məxsus avtomobilə zərər vurmaqla mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır.
21. Məhkəmə, cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iş materiallarında olan qüsur aktından görünür ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərər 3140 manat (ehtiyat hissələri+işçilik) məbləğində qiymətləndirilmişdir. Məhkəmə həmin aktı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, aktda qeyd edilən məbləğ ağlabatan məbləğdir. Həmçinin müvafiq aktın əsaslılığını şübhə altına alacaq hər hansı hal məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Bu halları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərin məbləği qüsur aktında qeyd edildiyi kimi 3140 manat məbləğində qiymətləndirilməlidir.
22. Həmçinin cavabdehin iddiaçıya məxsus avtomobili idarə edərkən müxtəlif inzibati xətaların törədilməsinə təqsirli bilinərək inzibati cərimə olunduğunu və bu cərimələrin ödənildiyini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir.
23. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçıya məxsus avtomobilə vurduğu zərər – 3140 manat, eləcə də təqsirli hərəkətləri ilə törətdiyi inzibati xətalara görə təyin edilmiş və iddiaçı tərəfindən ödənilmiş inzibati cərimələrə görə ümumilikdə 736 manat məbləğində pul (reqres qaydada) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
24. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3140 manat məbləğində dəymiş zərərə görə, 736 manat məbləğində inzibati cərimələrə görə olmaqla, ümumilikdə 3876 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 3140 manat məbləğində dəymiş zərərə görə, 736 manat məbləğində inzibati cərimələrə görə olmaqla, ümumilikdə 3876 (üç min səkkiz yüz yetmiş altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Səlimə Miriyeva