Məhkəmə qərarları › İş №e-2(010)-3341/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3341/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3341/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2903.95 manat məbləğində əsas borc və 1550.33 manat faiz borcu olmaqla, ümumilikdə 4454.28 manat borcun və 64.95 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi və eyni zamanda tutulmanın bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (1 ədəd boyunbağı – çəkisi 76 qram, əyarı 750; 2 ədəd kulon – çəkisi 20.5 qram, əyarı 583; 1 ədəd üzük – 7.5 qram, əyarı 583) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105805-554195/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30% faiz dərəcəsi ilə 5056 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 105805-554195/5 nömrəli girov müqaviləsi imzalanmış və onun mülkiyyətində olan qızıl-zinət əşyaları (1 ədəd boyunbağı – çəkisi 76 qram, əyarı 750; 2 ədəd kulon – çəkisi 20.5 qram, əyarı 583; 1 ədəd üzük – 7.5 qram, əyarı 583) ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilərək bankın xeyrinə girov qoyulmuşdur. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, banka olan borcunu ödəməmişdir. Borcalan kreditii vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nın girov predmetinə tutma hüququ yaranmışdır. Bununla bağlı olaraq girov predmetinə tutmanın tam əsaslı olması qanunvericilikdə ətraflı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2903.95 manat məbləğində əsas borc və 1550.33 manat faiz borcu olmaqla, ümumilikdə 4454.28 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Beləliklə, istehlak krediti müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalı və tələb girov predmetinə yönəldilməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, borclunun xx.xx.2022-ci il tarixdən bu günədək ödəniş etmədiyini və borcun güzəşt olunması ilə bağlı cavabdehlə razılıq əldə olunmadığını bildirmiş və işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, bankdan kredit götürmüş, lakin pandemiya dövründə ödəniş edə bilməmişdir. İş məhkəməyə verildikdən sonra o, İddiaçı ASC-nin nümayəndəsi ilə razılığa gələrək borcu hissə-hissə, hər ay 200 manat olmaqla ödəmək istəmiş, lakin razılıq əldə olunmamışdır. Hər bir halda banka girov qoyulmuş qızıllarının satılmasına razı deyil. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

İş materialları.

5. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105805- 554195/5 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən, Bank Cavabdeh 24 ay müddətinə 5056 manat məbləğində şəxsi istehlak məqsədi üçün kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 30 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.

6. xx.xx.2019-cu il tarixli, 105805-554195/5 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasında aylıq 282.7 manat (sonuncu ay 282.51 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

7. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105805- 554195/5 nömrəli girov müqaviləsindən görünür ki, müqaviləyə əsasən Girov qoyan verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə Kredit və Girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərinin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları Bankın xeyrinə girova qoyur və bu qızıl əşyalarını “Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı”na əsasən Bankın sahibliyinə verir. Girov predmeti müstəqil qiymətləndirici tərəfindən 10238.4 manat dəyərində qiymətləndirilmişdir.

8. xx.xx.2019-cu il tarixli, 554195.2 nömrəli Girovun təkrar qiymətləndirilməsi aktından görünür ki, Bankın pul anbarında ******* nömrəli xüsusi paketdə saxlanılan və yeni bağlanılan xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh tərəfindən girov qoyulmuş 4 ədəd qızıl-zinət əşyası (1 ədəd boyunbağı - əyarı 750, 76 qram; 2 ədəd kulon - əyarı 583, 20.5 qram; 1 ədəd üzük - əyarı 583, 7.5 qram) xüsusi paket açılmadan yenidən qiymətləndirilərək, dəyəri 10238.4 manat müəyyən edilmişdir.

9. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2903.95 manat əsas; 1550.33 manat faiz; cəmi 4454.28 manat məbləğində borcu vardır.

10. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 5056 manat məbləğində pul köçürülmüşdür.

11. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 5056 manat məbləğində kredit verilmiş, Borcalan isə götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzrərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmeti olan qızıl əşyalarına yönəltmək hüququ vardır. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə borcun tutulması və tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul etmiş, qızıl-zinət əşyalarının satılmasına etiraz etdiyini bildirmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 280. Girov müqaviləsi. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı bankla bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən ödənilməmiş 2903.95 manat əsas borc və 1550.33 manat faiz borcu tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.

17. Həmçinin iddiaçı məhkəmədən tələbin bank qarşısında girov qoyulmuş cavabdehə məxsus qızıl-zinət əşyalarına yönəldilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı girov predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin qızılzinət əşyalarının girov qoyulmasına dair müqavilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanmışdır və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu vəziyyətdə iddiaçı tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

18. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tutmanın girov predmetinə yönəldilməsi zamanı girov predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Ona görə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulandan fərqli olaraq yalnız girov predmeti olan əşyalarla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində belə bir tələb nəzərdə tutulmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu birbaşa qeyd edilsə də (maddə 10.5) girov müqavilələrində ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu Azərbaycan Respublikasının Mülki Məcəlləsində (maddə 280.2) nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hazırkı iş üzrə girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət görmür və hesab edir ki, bu məsələ qətnamənin icrası mərhələsində həll olunmalıdır.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 64.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2903.95 manat əsas borc və 1550.33 manat faiz borcu olmaqla, ümumilikdə 4454.28 manat (dörd min dörd yüz əlli dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul və 64.95 manat (altmış dörd manat doxsan beş qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və tutma bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (1 ədəd boyunbağı – çəkisi 76 qram, əyarı 750; 2 ədəd kulon – çəkisi 20.5 qram, əyarı 583; 1 ədəd üzük – 7.5 qram, əyarı 583) yönəldilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2903.95 manat əsas borc və 1550.33 manat faiz borcu olmaqla, cəmi 4454.28 manat (dörd min dörd yüz əlli dörd manat iyirmi səkkiz qəpik) və 64.95 manat (altmış dörd manat doxsan beş qəpik) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (1 ədəd boyunbağı – çəkisi 76 qram, əyarı 750; 2 ədəd kulon – çəkisi 20.5 qram, əyarı 583; 1 ədəd üzük – 7.5 qram, əyarı 583) yönəldilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar