Məhkəmə qərarları › İş №e-2(010)-3355/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3355/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3355/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(005)-1074/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, 06 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Onun Cavabdeh ilə olan birgə nikahından bir övladları - 06 fevral 2013-cü il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan ailədə narazılıqlar baş vermiş, məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. 18 dekabr 2014-cü il tarixli qətnamə ilə azyaşlı uşağın saxlanması üçün cavabdehdən 103 manat məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra o, aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)-1074/2020 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq, Cavabdeh 06 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, cavabdehlə faktiki ayrıldığı dövrdən azyaşlı uşağı onun himayəsindədir, uşağın bütün ehtiyaclarını - istirahət və təhsilini o təmin edərək onun qayğısına tək qalır. Uşağın saxlanması üçün hər ay 170 manat məbləğində aliment onun əvvəlki təminatının yüksək səviyyədə saxlanmasına kifayət etmir. Belə ki, uşağın böyüməsi, onun ehtiyaclarını artması, pulun illik inflyasiyası və bir çox bu kimi amillər uşağın saxlanması üçün çəkilməli olan xərcləri də artırır ki, o, bu xərcləri ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşağı ilə heç maraqlanmır, alimentin uşağın saxlanmasına kifayət edib-etməməsinə məhəl qoymadan cavabdeh yalnız ona təyin edilmiş alimenti ödəyir. Hal-hazırda uşağın xərci də artdığına görə uşağın saxlanması üçün 350-400 manat xərc tələb edilir ki, bu hal onu aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etməyə məcbur etmişdir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini hər zaman vaxtında ödəmişdir, lakin hazırda işləmir və aliment miqdarı artırılacağı təqdirdə həmin məbləği ödəməyə maddi imkanı olmayacaqdır.

İş materialları

5. AZ-İ seriyalı, 216096 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı doğulan xx.xx.2013-cü il təvəllüdlü X4 atası hesab edilmişdir.

6. AZ-İ seriyalı, 244751 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmişdir.

7. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1074/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4578/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilmiş, Cavabdeh tutulan aliment miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İşin faktiki halları

8. Tərəflər arasında rəsmi nikahın olması, nikaha daxil olmazdan öncə faktiki ailə münasibətlərindən bir uşaqlarının doğulması, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, 06 fevral 2013-cü il təvəllüdlü X1 anasının yanında qalması və hər ay onun saxlanması üçün cavabdehdən 103 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və daha sonra isə məhkəmə qətnaməsi əsasında tututulan aliment miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə dair hallar işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladlarının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh isə hazırda heç bir yerdə işləmədiyi üçün aliment miqdarı artırılacağı təqdirdə onu ödəməyə maddi imkanının çatmayacağını bildirir. Əlavə olaraq qeyd edir ki, o yenidən ailə qurmuşdur və yeni ailəsi də onun himayəsindədir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

11. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı övladı 06 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 350 manat məbləğində aliment tutulmasını xahiş etsə də, lakin cavabdehin qeyd olunan məbləğdə aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, belə sübutu təqdim etmək iddiaçının üzərinə düşür. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda cavabdehin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, yetinlik yaşına çatmayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 06 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu xüsusda məhkəmə cavabdehin etirazını əsaslı hesab etmir. Belə ki, cavabdehin qeyd etdiyi 170 manat aliment məbləği hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddinə uyğun deyildir. Digər tərəfdən, sonuncu aliment məbləğinin təyin edildiyi 2020-ci ildən hazırkı vaxta qədər qiymətlər inflyasiyaya məruz qalmış, nəticə olaraq da yaşayış şərtləri dəyişmişdir. Bu hal şəraitin dəyişməsi kimi dəyərləndirilə bilər. Yetkinlik yaşına çatmayan Məryəm iddiaçının himayəsində olduğuna görə yuxarıda qeyd edilən hal iddiaçının əmlak vəziyyətinin çətinləşməsinə səbəb olur. Eyni zamanda, işin araşdırılması zamanı iddiaçının işləməsi və ya hər hansı qazanc mənbəyinin olması da müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğinin qismən, 30 manat həddində artırılması və hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi həm yetkinlik yaşına çatmayanın mənafelərinə uyğundur, həm də tərəflərin hüquq və mənafelərini pozmur.

17. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mustafayev Vahı̇ d Elşad oğlundan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1074/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Mustafayev Vahı̇ d Elşad oğlundan tutularaq iddiaçı Jı̇ draş Olqa Sergeyevnaya ödənilsin. Artırılmış aliment məbləği qətnamənin qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar