Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3361/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(010)-4135/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulub ona ödənilməsi, alimentin hazırkı iş üzrə qəbul ediləcək qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının iddia ərizəsinin verildiyi tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək alimentin məbləğinin ərizə verildiyi gündən hesablanması hissəsində iddia tələbinin həcmini azaltmış, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, hər ay cəmi 340 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4931/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi qət edilmişdir. Bundan sonra alimentin miqdarının artırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli, e-2(010)-4135/2019 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən hesablanmaqla ümumilikdə 320 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hesab edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən hər uşağa görə hazırda tutulmaqda olan 160 manat həddində alimentin məbləği uşaqların saxlanılması üçün kifayət etməyəcək. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(010)- 4135/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4931/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 160 manat vəsait yetərli sayıla bilməz. Məhkəmə hazırkı işdə alimentin artırılaraq 160 manat müəyyən edilməsini azyaşlıların hüquq və mənafeləri baxımından qanuni hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(010)- 4135/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulmuş alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 170 manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3361/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3361/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver