Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3376/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2021-ci il tarixli, 59284 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 379 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 59284 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan hissə-hissə ödəniş şərti ilə 1131 manat məbləğində olan məişət avadanlığını əldə etmiş, 250 manat ilkin ödəniş edilməklə, qalıq 881 manat məbləği 12 ay müddətinə, aylıq 73 manat olmaqla iddiaçıya ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı MMC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 59284 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin və borclu nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsinə görə, o cümlədən ödənişin müqavilədə şərtləndirilmiş müddətdə qaytarılmadığı, müqavilədə nəzərdə tutulmuş dəbbə (cərimə və ya penya) pulu ödənilmədiyi hallarda satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə xx.xx.2021-ci il tarixli, 59284 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 379 manat əsas (qalıq) borcu vardır. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 59284 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 1131 manat dəyərində “Tel.Samsung Galaxy A725 White 128GB” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun dəyərinin 250 manat hissəsini ilkin ödəniş etməklə, qalıq borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliklərə təminat olaraq həmin tarixdə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixli, 59284 saylı nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli, 59284 saylı nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 379 manat təşkil edir. Qeyd olunanlara əsasən, nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehdən 379 manat pul tutulmalıdır. b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehlərin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı MMC (Satıcı) və Cavabdeh2 (Alıcı) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 59284 nömrəli müqavilədən müəyyən olunur ki, “Alıcı” “Satıcı”dan hissə-hissə ödəniş şərti ilə 1131 manat məbləğində məişət avadanlığı əldə edərək, 250 manat ilkin ödəniş edilməklə 881 manat qalıq məbləğini 12 ay müddətinə hər ay 73 manat olmaqla “Satıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 59284 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 73 manat (birinci ay 78 manat) məbləğində olmaqla ödənilməsi tərəfləri arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı), Cavabdeh2 (Borclu) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 59284 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Zamin” və “Borclu” nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsinə görə, o cümlədən ödənişin müqavilədə şərtləndirilmiş müddətdə qaytarılmadığı, müqavilədə nəzərdə tutulmuş dəbbə (cərimə və ya penya) pulu ödənilmədiyi hallarda satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 59284 nömrəli müqavilə üzrə iddiaçıya 379 manat məbləğində qalıq borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2021-ci il tarixli, 59284 nömrəli müqavilə üzrə ödənilməmiş borcun məbləği barədə məlumat verilmiş, həmin borcun 3 (üç) iş günü müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, **********72 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müqaviləyə ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna verir. Qeyd olunmalıdır ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən də qanunverici zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur Hazırkı işdə zaminlik müqaviləsi ilə təminat verilən nisyə alğı-satqı müqaviləsinin icra müddəti həmin müqaviləyə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunmuşdur. Həmin ödəniş cədvəlinə əsasən ödənişlərin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olması nəzərdə tutulmuşdur. Bununla da son ödəniş tarixinin xx.xx.2022-ci il olması müəyyən edilir. Əsas öhdəliyin icra vaxtı həmin tarixdən hesablandıqda iddiaçı zaminə qarşı bir il ərzində - xx.xx.2023-cü il tarixədək iddia irəli sürməli olsa da, hazırkı iddia qeyd olunan müddətin bitdiyi müddət keçdikdən sonra irəli sürülmüşdür. Beləliklə, iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminə qarşı iddia qaldırmadığı üçün Cavabdeh1 zaminliyinə qanuna əsasən xitam verilmişdir. Bu baxımdan o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Buna görə də iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz. İş materiallarının araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 müqavilə öhdəliklərinin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə xx.xx.2021-ci il tarixli, 59284 nömrəli müqavilə üzrə iddiaçıya ödənilməmiş 379 manat məbləğində borcunun olması müəyyən edilmiş, iş üzrə cavabdeh tərəfindən qeyd edilənlərin əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 59284 nömrəli müqavilə üzrə ödənilməmiş 379 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 59284 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 379 (üç yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3376/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3376/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver