Məhkəmə qərarları › İş №e-2(010)-34/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-34/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-34/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “borcun tutulması və s.” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 082İK/2018 saylı kredit müqaviləsinə əsasən Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən illik 7%-lə 240 ay müddətinə 92.000 manat məbləğində ipoteka kredit verilmişdir. Kredit borcalana Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56 ünvanında yerləşən 22 saylı mənzilin alınması məqsədilə verilir.

2. 17 yanvar 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh hesabına 115.000 manat məbləğində vəsait köçürülmüşdür.

3. 18 yanvar 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56 ünvanında yerləşən 22 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 240 ay müddətinədək müəyyən edilmişdir.

5. xx.xx.2022-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 87.833,66 manat əsas, 22.188,06 faiz olmaqla, cəmi 110.061,72 manat borcu vardır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 3-16-16/2-9/5531/2023 №-li ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 17 yanvar 2018-ci il tarixdə bağlanmış 082İK/2018 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il (maliyyə arayışı tarixinə) borcu 110169,85 manat. - əsas borc üzrə - 90441,84 manat, - faiz borcu üzrə 19728,01 manat.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5307, 9/5522 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 127500 manat məbləğində müəyyən olunur.

İşin faktiki halları

9. Cavabdeh ilə bank arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə kredit verilməsi, borcun təminatı olaraq, mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

10. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcun tutulması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 87873,66 manat əsas, 22188,06 manat faiz borcu olmaqla, cəmi 110061,72 manat borcun tutulmasını, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqının cavabdehdən tutulması, Cavabdeh ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 22 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 400,06 manat dövlət rüsumu və 0,60 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 082İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 90441,84 manat əsas, 28311,93 manat faiz borcu olmaqla, cəmi 118753,77 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ilkin olaraq ödənilmiş 400,06 manat dövlət rüsumunun, daha sonra tələbin artırılması üçün ödənilmiş əlavə 8,69 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15.68 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 22 saylı mənzilə (Seriya RX, № 1246989, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi:xx.xx.2018) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra Cavabdeh əmlaka dair istifadə hüququna xitam verilməklə boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, evin qiymətləndirilməsi ilə razıdırlar. Mühasibatlıq ekspertizasına uyğun olaraq isə əsas və faiz borcu dəqiqləşdirmişlər. Buna görə də cavabdehdən 90441,84 manat əsas borc, 28311,93 manat faiz borcu olmaqla, cəmi 118753,77 manat borcu və ödənilmiş məhkəmə xərclərini həmçinin, borc məbləğinin cavabdehə məxsus evə yönəldilməsini, həmin evin satılaraq borcun ödənilməsini, əmlak satıldıqdan sonra cavabdehin əmlaka istifadə hüququna xitam verilməsini və evin boşaldılaraq əmlakın yeni sahibinə təhvil verilməsini, evin satışından əldə edilən məbləğ borcu ödəməyə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, ödəniş etməyə razıdır, hazırda da maddi vəziyyəti ödəniş etməyə imkan verir. Lakin ödəniş etdikdə həmin məbləğin əsas, faiz və ya cərimə borclarından silinməsini bilmir, əsas borcundan silinməsini istəyir. Evinin qiyməti 127500 manatdan çoxdur, bu səbəbdən verilən ekspert rəyi ilə razı deyildir, başqa qiymətləndirici tərəfindən qiymətləndirilməsini istəyir. Əgər yekun məhkəmə aktında qeyd edilənlərlə qane olmasa apellyasiya şikayəti verəcək və orada evin real dəyəri barədə sübut təqdim edəcəkdir. Onun yalnız bu evi var və onu da satmaq fikri yoxdur. O, evi ipotekaya götürdükdə 89000 manata götürmüş, həmin vaxtdan isə artıq 5 il keçdiyi üçün hazırda real dəyəri təxminən 170000 manatdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

14. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil bildirdi ki, mülki iş uzun müddətdir məhkəmənin icraatındadır və bu müddət ərzində cavabdeh dəfələlər banka yaxınlaşaraq ödəniş etməsi barədə razılığa gəlməyi təklif edib. O, qərəzli olaraq ödəniş etməkdən yayınmayıb, onun övladı ağır ürək əməliyyatı keçirib və edilmiş bütün ödənişlər əməliyyatdan əvvəlki tarixə aiddir. Hazırda da uşağın müalicəsi davam etdiyi üçün bu müddət ərzində ödənişlər edə bilməyib. Cavabdeh bütün əmlakını uşağın əməliyyatı, müalicəsi üçün xərcləyib, təkcə əmlakı olaraq mülki iş üzrə mübahisələndirilən mənzili qalıb. Mənzilin satılıb cavabdehin xəstə övladı ilə birlikdə evsiz qalmaması üçün məhkəmədən cavabdehə insaniyyət naminə qanun çərçivəsində köməklik etməsini və qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi

21. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

22. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

23. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum olduğu kimi, "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdehə) kredit vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. İş üzrə məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyinə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 90441,84 manat, faiz borcu üzrə 19728,01 manat borcu vardır. İddiaçı tərəf maliyyə arayışının tərtib olunduğu tarixdən xeyli müddət keçdiyini əsas gətirərək əsas və faiz borc məbləğini artırmışdır.

25. Məhkəmə hesab edir ki, tərəflər arasında olan müqavilə münasibətləri hələ də davam etdiyi üçün iddiaçı borc məbləğlərini artırmaqda haqlıdır. Belə ki, ərizədən görünür ki, əsas borc məbləği ekspertizanın rəyindən götürülmüş, faiz borcu isə rəydə hesablandığı kimi günlük faiz məbləğinin maliyyə arayışının tərtib olunduğu tarixdən hazırki günədək hesablanmamış günlərinin sayına vuraraq hesablanmış və 28311,93 manat (197278 manat + 488 gün x 17,59) müəyyən edilmişdir. Qeyd olunan faiz məbləğinin hesablanması düsturu sadə olduğu üçün məhkəmə tərəfindən yenidən mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət qalmamışdır.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, Cavabdeh kredit müqaviləsi üzrə 90441,84 manat əsas borc, 28311,93 manat faiz borcun tutulması barədə tələb əsaslıdır.

27. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş bildirişlər qeydə alınmışdır.

28. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56 ünvanında yerləşən 22 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

29. Cavabdeh tərəfindən ipoteka predmetinin məbləği mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56 ünvanında yerləşən 22 saylı mənzilin likvid dəyəri təqribən 127.500 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab olunur ki, həmin qiymətlər ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

30. Cavabdeh həmin məbləğlə də razılaşmadığını və apellyasiya instansiyasında olan zaman orada yeni qiymətləndirmə rəyi təqdim edəcəyini bildirsə də, məhkəmə hesab edir ki, mənzilin dəyərinin yuxarı olmasını sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Cavabdeh isə məhkəmə iclaslarının davam etdiyi bu dövrlər ərzində sübut təqdim etməyərək yuxarı instansiya məhkəməsində işə baxılan zaman yeni qiymətləndirmə rəyi təqdim edəcəyini bildirərək məhkəmənin qərarına təsir göstərmək istəmişdir. Halbuki, sübutlar 1-ci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmalıdır.

31. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

32. İpoteka predmetinin hərracda satıldıqdan sonra cavabdehin istifadə hüquqlarının itirilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Məsələ burasındadır ki, qanunvericilik ipoteka saxlayanın ipoteka predmeti ilə bağlı hüquqlarını məhdudlaşdırır.

33. Belə ki, iddiaçının kredit müqaviləsinin şərtlərinin pozulduğu halda ipoteka saxlayan kimi ipoteka predmeti üzərində hüquqları yalnız onun hərracdan satılmasını və əldə edilmiş pul vəsaitinin borc məbləğinə mütənasib hissəsinin onun mülkiyyətinə verilməsini tələb etməklə məhdudlaşır. İpoteka predmetinin faktiki azad edilməsi və ya üçüncü şəxslərin hüquqlarından azad edilməsini tələb etmək, subyektiv hüquq kimi onu açıq hərracda əldə etmiş yeni mülkiyyətçiyə aiddir. Belə olan halda, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması aşkar görünəndir.

34. Qeyd edilənlər mənzil satıldıqdan sonra cavabdehin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək hüququnun ipoteka saxlayana deyil, ipoteka pretmetini hərracdan satın almış şəxsə aid olduğunu deməyə əsas verir.

35. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin olunmalı və sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və Cavabdehhəmin evi tərk etmədiyi halda evdən çıxarılmalıdır.

Məhkəmə xərcləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 409,29 manat məbləğində dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı ödənilmişdir.

39. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş ümumilikdə 409,29 manat məbləğində dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 455,74 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

40. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

41. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 90441,84 manat əsas borc, 28311,93 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 118.753,77 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56 ünvanında yerləşən 22 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 127.500 manat müəyyən edilməli, ipotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 118.753,77 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, ipotekaya qoyulmuş mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı və Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 90441,84 manat əsas borc, 28311,93 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 118.753,77 (bir yüz on səkkiz min yeddi yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56 ünvanında yerləşən 22 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti 127.500 (bir yüz iyirmi yeddi min beş yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 118.753,77 (bir yüz on səkkiz min yeddi yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İpotekaya qoyulmuş mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,29 manat, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 455,74 (dörd yüz əlli beş manat yetmiş dörd qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar