Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3432/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 8407.77 manat məbləğində kredit borcu, 972.10 manat məbləğində faiz borcu və 237.04 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9616 (doqquz min altı yüz on altı) manat 91 (doxsan bir) qəpik məbləğində borcun və ödənilmiş 116.17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1592.23 manat ödəniş etmiş və onun iddiaçıya 8407.77 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır.
Tərəflərin izahatları
3. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi.
İş materialları
5. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir.
6. xx.xx.2022-ci il tarixli, 029A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir.
7. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, Cavabdeh ona təqdim edilmiş kredit vəsaitindən istifadə etmişdir.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 029A********** saylı Kredit Müqaviləsi üzrə 8407.77 manat əsas borc, 972.10 manat faiz borcu, 237.04 manat cərimə borcu olmaqla cəmi 9616.91 manat kredit borcu vardır.
9. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 029A********** saylı Kredit Müqaviləsi üzrə 8257.77 manat əsas borc, 1342.14 manat faiz borcu, 317.4 manat cərimə borcu olmaqla cəmi 9917.31 manat kredit borcu vardır.
10. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə isə borcun ödənilməsilə bağlı qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
11. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək sonuncu maliyyə arayışı üzrə yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh isə öz növbəsində iddia tələbi ilə razı olduğunu bildirir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi
13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli, 029A********** saylı kredit müqaviləsi əsasında Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə və cavabdehin izahatı ilə təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.
15. Lakin bununla belə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı əvvəlcə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2022-ci il tarixli, 029A********** saylı Kredit Müqaviləsi üzrə 8407.77 manat əsas borc, 972.10 manat faiz borcu, 237.04 manat cərimə borcu olmaqla cəmi 9616.91 manat kredit borcu olduğunu qeyd etsə də, lakin daha sonra məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında həmin borc məbləğinin 8257.77 manat əsas borc, 1342.14 manat faiz borcu, 317.4 manat cərimə borcu olmaqla cəmi 9917.31 manat olduğunu qeyd etmiş və cavabdehdən sonuncu maliyyə arayışı əsasında borc məbləğinin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinə münasibətdə tam, faiz və cərimə borclarına münasibətdə qismən əsaslıdır.
16. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı əvvəlcə əsas borc üzrə 8407.77 manat tələb etmiş, lakin daha sonra cavabdeh tərəfindən ödəniş olduğundan yeni maliyyə arayışı təqdim etməklə əsas borc məbləğinin 8257.77 manat olduğunu qeyd etməklə həmin məbləğin tutulmasını xahiş etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə tam əsaslıdır. Lakin bununla belə, məhkəmə faiz borcuna münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi əvvəlcə iddiaçı məhkəməyə müraciət edərkən cavabdehdən faiz borcu üzrə 972.10 manat tutulmasını xahiş etmiş, lakin daha sonra təqdim etdiyi arayışda həmin faiz borcunun artaraq 1342.14 manat olduğunu bildirmiş və həmin məbləğin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində tələb edilən faiz məbləği 972.10 manat olduğuna görə tələb də faiz borcuna aid hissədə yalnız qeyd edilən həddə təmin edilə bilər. Ona görə də, iddia tələbində qeyd olunan 972.10 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə tələb edilən cərimə borcuna münasibətdə isə qeyd edir ki, cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb edilən dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 manat həddində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 116.17 manat dövlət rüsumunun 113.29 manat hisəssi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 8257.77 manat əsas borc, 972.10 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 9329.87 (doqquz min üç yüz iyirmi doqquz manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş 116.17 manat dövlət rüsumunun 113.29 manat hisəssi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 8257.77 manat əsas borc, 972.10 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 9329.87 (doqquz min üç yüz iyirmi doqquz manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 116.17 manat dövlət rüsumunun 113.29 manat hisəssi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.