Məhkəmə qərarları › İş №e-2(010)-3435/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3435/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3435/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X4 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1388.59 manat əsas, 0.03 manat faiz, cəmi 1388.62 manat kredit borcunun və ödənilmiş 33.89 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3435/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 21%-lə, 44 ay müddətinə 3050 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 214520 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-239 reyestr nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən, miras əmlak 1190.74 manat, 2V-240 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən, miras əmlak 1517.04 manat, 2V- 316 nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak 735.82 manatdır. Yuxarıda qeyd olunan şəhadətnamələrə əsasən, miras əmlak cəmi 3443.6 manat pul məbləğindədir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1388.59 manat əsas, 0.03 manat faiz borcu olmaqla, cəmi 1388.62 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahəsinin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-12689/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 33.89 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, X6 rəhmətə getdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ona verilən pulla dəfn xərclərini qarşılamışdır. İddiaçı Bankın hazırkı iddiasını qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. "xxxx" ASC (Borc verən) və X6 (Borc alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borc verən” “Borc alan”a 44 ay müddətinə, 3050 manat məbləğində, kreditdən istifadəyə görə illik 21% ödəmək şərtilə kredit verməyi, “Borc alan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Borc verən”ə ödəməyi, habelə kreditdən şəxsi istehlak məqsədi üzrə istifadə etməyi öhdəsinə götürür.

7. xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə ödənişlərin xx.xx.2020 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 100 manat (sonuncu ay 98.27 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışında görünür ki, borcalan X4 xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 1388.59 manat əsas borc və 0.03 manat faiz borcu olmaqla, ümumilikdə 1388.62 manat məbləğində borcu vardır.

9. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-12689/2024 nömrəli bildirişdən görünür ki, X4 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir.

10. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 214520 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1183 nömrə ilə qeyd edilmişdir.

11. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – arvadı Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 31-5348/2022 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin Nəsimi fillialında X4 adına açılmış ******************** nömrəli hesabdakı 735.82 manat məbləğində pul vəsaitindən ibarətdir.

12. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – arvadı Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “X2” MMC-nin müvafiq cavab məktubuna əsasən 1190.74 manat ödənilməli olan pul vəsaitindən ibarətdir.

13. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – arvadı Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “X8” X10 xx.xx.2021-ci il tarixli, 345 nömrəli məktubuna əsasən 1517.04 manat ödənilməli olan pul vəsaitindən ibarətdir. 14 .“X2” MMC-nin müvafiq cavab məktubuna əsasən X4 vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verilərkən onun vərəsəsi Cavabdeh 1190.74 manat pul vəsaiti ödəmişdir.Bu məbləğdən 845.46 manat müavinət, 345.28 manat son haqq-hesab kimi hesablanmışdır.

İşin faktiki halları.

15. "xxxx" ASC və X6 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borc alan 44 ay müddətinə, 3050 manat məbləğində, kreditdən istifadəyə görə illik 21% ödəmək şərtilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən şəxsi istehlak məqsədi üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

16. Kredit müqaviləsi üzrə borclu Mehdiyev Murad xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

17. X9 miras qalan əmlakla bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu şəhadətnamələr əsasən, ümumilikdə 3443.6 manat məbləğində pul vəsaiti mərhumun arvadı olan vərəsəsi Cavabdeh miras əmlak kimi verilmişdir.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair 08 dekabr 2022-ci il tarixli Qərarı.

Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından görünür ki, mərhum X6 "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə Cavabdeh isə mərhum borclunun vərəsəsidir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş borcu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

25. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

26. İş materiallarından görünür ki, X9 miras qalan əmlakla bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu şəhadətnamələr əsasən, ümumilikdə 3443.6 manat məbləğində pul vəsaiti mərhumun arvadı olan vərəsəsi Cavabdeh miras əmlak kimi verilmişdir. Məhkəmə araşdırması zamanı həmin 3443.6 manat məbləğində pul vəsaitindən 735.82 və 345.28 manat pul məbləğlərinin əmək haqqı qismində işçiyə ödənilməli olan pul vəsaiti olduğu müəyyən olunmuşdur. Yəni şəxs yaşamış olsaydı həmin əmlak onun sağlığında əldə edəcəyi əmlak olacaqdı. Odur ki, əmək haqqı qismində işçiyə ödənilməli olan bu vəsait miras qoyanın sağlığında ona məxsus ola biləcək əmlak hesab olduğundan həmin məbləğlər həddində, yəni 1081.01 manat məbləğində pul vəsaiti miras əmlak kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Belə ki, Konstutusiya Məhkəməsi Plenumunun Qərarının ((§20) sərgilədiyi mövqedən çıxış edərək, Azərbaycan Respublikası Əmək Məcələsinin 77.7-ci maddəsinə əsasən (İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir) vəfat edən işçinin vərəsələrinə müavinət qismində ödənilən pul məbləği (845.46+1517.04 manat) miras qoyanın sağlığında ikən mövcud olmadığından həmin vəsait miras əmlak sayıla bilməz.

28. Bu vəziyyətdə Cavabdeh mərhum ərinin iddiaçı Bank qarşısında olan icra edilməmiş öhdəliyinə görə qəbul etdiyi miras əmlak həddində məsuliyyət daşımalıdır.

29. Odur ki, Cavabdeh mərhum əri Mehdiyev Muradın iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyinə görə qəbul etdiyi miras əmlak həcmində məsuliyyət daşıdığından iddia qismən təmin edilməli, cavabdehdən 1081.01 məbləğdə vəsait tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

30. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 33.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

31. İddia qismən təmin edildiyindən 30.81 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1081.01 manat məbləğində borc, 30.81 manat məbləğində dövlət rüsumu və 40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1081.01 manat məbləğində pul vəsaiti, 30.81 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar