Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3454/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vumlmuş maddi ziyandan qalıq olaraq qalan 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh 31.03.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində, mülkiyyət hüququ əsasında idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus olan 1 ədəd Sink örtüklü işıq dirəyini vuraraq sıradan çıxartmış və nəticədə müəssisəyə 1190 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Suraxanı rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən 31.03.2018-ci ijl tarixli, AP ******* saylı İnzibati xəta haqqında protokola əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Mitsubishi Pajero” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “Atəşgah” Sığorta” Şirkəti ASC-də sığortalanmışdır. Bu səbəbdən “Atəşgah” Sığorta” Şirkəti ASC tərəfindən mütənasib qaydada "xxxx" X2 bank hesabına 800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İki və daha çox şəxs tərəfindən hadisə baş verdikdə sığorta məbləği tərəflər arasında mütənasib olaraq bölünür. Buna görə də sığorta şirkəti tərəfindən 800 manat ödəniş edilib. 31.03.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Müəssisəsəyə məxsus olan 1 ədəd Sink örtüklü işıq dirəyinin sıradan çıxması nəticəsində 1190 manat məbləğində vurulmuş maddi ziyandan qalıq olaraq qalan 390 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilməsinə baxmayaraq gəlməmiş və ödənişdən imtina etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə 2018-ci il tarixdə baş verib. Onun sığorta ilə müqaviləsi var ki, sığorta ona 5000 manata qədər dəymiş zərəri ödəməlidir. Əgər sığorta 5000 manatı ödəmirsə iddiaçı sığortaya iddia qaldırmalıdır. Hadisə baş verib, lakin o, təqsirkar deyildir. Hadisə olanda o, öz istiqamətində gedirdi. Polisin tərtib etdiyi inzibati protokoldakı imza və xətt ona aid deyil. Həmçinin, ödənilmiş 40 manat cəriməni də o ödəməmişdir və onun yerinə kimsə ödəniş edib. Belə ki, hadisə olandan sonra o, müstəntiqin yanına dəvət olundu, kameralara baxıldı və o, sığorta şirkəti ilə əlaqə saxladı. Onlar gəlib dedilər ki, o, təqsirkar deyil və digər şəxsin təqsirkar olduğunu bildirdi. Həmin şəxs də izahat verdi və etiraf etdi ki, təqsirkar odur. Bundan sonra onlar birlikdə ustaya getdilər və 500-600 manata qədər məbləği digər tərəf ustaya verdi ki, onun maşını təmir olunsun. Bundan əlavə, o qeyd etdi ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, iddiaçı məhkəməyə müraciət etmək müddətini də itirmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon DYPŞ tərəfindən 31.03.2018-ci il tarixdə tərtib edilmiş AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Dədə Qorqud avtomobil yolunda Hövsan istiqamətinə hərəkətdə olarkən qarşısına avtomobil çıxdığı üçün digər hərəkət zolağına çıxarkən ötmə əməliyyatında olan Hyundai **-LN-*** nömrəli maşınla toqquşmuşdur. Nəticə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. 31.03.2021-ci il tarixli Cavabdeh izahatından görünür ki, o, Dədə Qorqud avtomobil yolunda Hövsan istiqamətinə hərəkətdə olarkən qarşısına avtomobil çıxdığı üçün digər hərəkət zolağına çıxarkən ötmə əməliyyatında olan Hyundai **-LN-*** nömrəli maşınla toqquşmuş və idarəetməni itirərək işıq dirəyinə çırpılmışdır. 09.04.2018-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" EŞM-in təqdim etdiyi 30.03.2018-ci il tarixli smetaya əsasən dəymiş zərərin ümumi məbləği 1190 manat, sığorta ödənişi 800 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı işdə cavabdehin hüquqa zidd hərəkəti, o cümlədən inzibati xəta törətməsi nəticəsində cavabdehin əmlakına ziyan vurması qüvvədə olan inzibati tənbeh haqqında qərarla müəyyən edilib. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilmədiyinə görə inzibati xətanın törədilməsi və ziyan vurulması hissəsində hazırkı iş üzrə mühim əhəmiyyətli sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək hesab edir ki, ərizə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 372.2-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi hazırki mülki işdə iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği yol nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə vurulmuş maddi zərərin əvəzi olduğundan və tərəflər arasında bununla bağlı hər hansı bir müqavilə münasibətləri mövcud olmadığından müqavilə tələbləri üzrə iddia müddəti buna şamil oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, dəymiş zərərin ümumi məbləği olan 1190 manatdan 800 manat sığorta ödənişi çıxıldıqdan sonra qalıq qalan 390 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Maddi zərərin əvəzi olaraq 390 (üç yüz doxsan) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X2 hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2(010)-3454/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3454/2021
25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver