Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3459/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1555.20 manat məbləğində zərər, 35.56 manat ödənilmiş dövlət rüsumu əvəzi, ümumilikdə 1590.76 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə AKX-05324xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz sayğacınının dövlət yoxlanılması keçirilən zaman qaz sayğacına məqsədli şəkildə müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabın düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555.2 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda SALDO üzrə 1555.2 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) X3 iddianı müdafiə edərək bildirmişdir ki, Birliyin əməkdaşları tərəfindən hər ay qaz sayğaclarına baxış keçirilir. Baxış zamanı cavabdehin adına olan sayğacın üzərində əziklər olduğu aşkarlanmışdır. Həmçinin sayğacın üzərində mexaniki göstərici olan plastik şüşənin zədələndiyi, sayğacın yararsız hala düşdüyü müşahidə edilmişdir. Yəqin ki, sayğacı bu hala cavabdeh salmışdır. Qaz sayğacına müdaxilə edilməsi Birliyin əməkdaşları tərəfindən aşkar olunan zaman sayğacın mövcud vəziyyəti video görüntü ilə qeydə alınmışdır və həmin video görüntülər məhkəməyə təqdim olunacaq.
4. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, müəllimdir və belə hərəkətlərə heç vaxt yol verməz. Onun adına olan qaz sayğacı indiyədək dörd dəfə dəyişmişdir. Axırıncı dəfə sayğaca gələn qaz borusu qırılıb onun üzərinə düşmüş, o da bu barədə qaz idarəsinnin əməkdaşlarına məlumat vermişdir. Bir gün işdən evə gələndə İddiaçı İB-nin işçilərinin ona məxsus qaz sayğacını söküb yenisi ilə əvəz etdiklərini görmüş, onlardan nə etdiklərini soruşmuş, işçilər ona kobud tərzdə “Sənə dəxli yoxdur” cavabını vermişlər. Sonra ona demişlər ki, sayğaca müdaxilə olunmuşdur və bunu araşdırıb ona cərimə yazacaqlar. O buna etiraz etdikdə isə işçilərdən biri onu “qaza həsrət qoyacaqları”nı bildirmişdir. Həmçinin işçilər onun icazəsi olmadan və etirazına baxmayaraq, qanunsuz olaraq evə daxil olmuş, evində baxış keçirmişlər. xx.xx.2023-cü il tarixdə sayğac bacısı Hüseynova Svetlananın adına olmuşdur. Qaz sayğacı onun evindən 60 metr aralıda yerləşir. Birinci dəfə akta imza edəndə elə bilmişdir ki, akt yeni sayğacla bağlıdır. Lakin ikinci akt tərtib olunanda artıq ona məlum olmuşdur ki, bu akt sayğaca müdaxilə ilə bağlıdır. Bu səbəbdən aktı imzalamaqdan imtina etmişdir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac laboratoriyaya aparılsa da, orada hansı rəy verilməsindən xəbəri olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. İddiaçı və abonent Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX- 05324xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh yaşayış evinə quraşdırılmış qaz sayğacına (zavod nömrəsi: **********9, tipi/markası: G-4 Zenner) baxış keçirilən zaman sayğacın göstəricilərinin geri çəkildiyinin aşkarlandığı, bununla bağlı video çəkiliş aparıldığı qeyd edilmişdir. Aktda Cavabdeh aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.
8. İddiaçı tərəfindən tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4035-1 nömrəli aktdan görünür ki, zavod nömrəsi **********9 olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoyucu şüşəsinin üzərinə vurulan plastmas plomblarının üzərində əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
9. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış yerində quraşdırılmış sayğacda sayğacda xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla aşkarlanmış qüsura görə 12960 m3 həcmində dəymiş zərər hesablanmışdır.
10. **********00031 nömrəli abonentin (Cavabdeh) saldosundan görünür ki, 2023-cü ilin aprel ayında abonentə “qalıq və aktlar”a görə 1555.2 manat məbləğində borc hesablanmışdır.
İşin faktiki halları.
11. Cavabdeh abonent olduğu ünvan 3 ünvanında yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, cavabdehə məxsus qaz sayğacının göstəricisinin geri çəkildiyi aşkar olunmuş, bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, həmin akta əsasən təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın həcmi (12960 m3) hesablanmış, həmin həcmə uyğun qazın dəyəri (1555.2 manat) akta əsasən borc kimi abonentin hesabına yazılmışdır.
12. Qaz sayğacı laboratoriya müayinəsinə təqdim olunmuş, laboratoriya tərəfindən sayğacın hesablama mexanizminin qoyucu şüşəsinin üzərinə vurulan plastmas plomblarının üzərində əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması barədə akt tərtib olunmuşdur.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
17. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından göründüyü kimi, istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilərək təbii qaz talanmışdırsa, qanunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının təqsirli olaraq qaz sayğacına müdaxilə etdiyi və bununla da təbii qazı taladığı sübuta yetirilməlidir.
18. Belə ki, yuxarıda istinad edilmiş (§ 14, 15) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
19. Bundan əlavə, tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.2.4-cü bəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququ kimi; 2.3.4-cü bəndində isə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir.
20. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız cavabdehin sayğaca müdaxilə edərək təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.
21. Məhkəmə qeyd edir ki, cavabdehin təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).
22. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
23. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
24. İş materiallarından görünür ki, Cavabdeh abonent olduğu ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmişdir. Lakin bu aktın tərtib edilməsi zamanı nə hal şahidlərinin iştirakı təmin edilmiş, nə də istehlakçı özü aktı imzalamışdır. Aktda istehlakçının adının qarşısında “imtina etdi” yazılmaqla kifayətlənilmişdir.
25. Həmçinin aktda müdaxilə edilmiş sayğacın video çəkilişinin aparıldığı qeyd edilmiş, məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi də müvafiq videonun mövcudluğundan bəhs etmiş, həmin videonu məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir.
26. Bu vəziyyətdə cavabdehin təbii qazdan istifadə qaydalarını pozmasını sübut etməyə borclu olan iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntunu təsdiq edən sübut kimi yalnız pozuntunun aşkar edilməsinə dair iddiaçı orqanın əməkdaşları tərəfindən tərtib edilmiş akt və bir neçə sayğac fotoşəkli təqdim edilmişdir ki, yalnız bu sənədlər əsasında cavabdehin sayğaca müdaxilə edərək təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlmək mümkün deyil.
27. Məhkəmə onu da qeyd edir ki, cavabdehin abonent olduğu ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, həmin akta əsasən itirilmiş qazın dəyərinin hesablanması haqqında tələbnamədə əsas aktın tarixi kimi xx.xx.2023-cü il qeyd edilmişdir.
28. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən cavabdehdən pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva