Məhkəmə qərarları › İş №e-2(010)-3477/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3477/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3477/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5493/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hesablanaraq hər ay hər bir uşaq üçün 160 (yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilib. Günü-gündən artan qiymətlərlə yanaşı uşaqların böyüməsi ilə də onların qayğıları artır. Lakin borclu Cavabdeh övladlarının bu qayğıları ilə maddi olaraq ümumiyyətlə maraqlanmır. Nəzərinizə çatdırmaq istəyirəm ki, borclu kifayət qədər maddi cəhətdən təmin olunmuş şəxsdir. Aramızda bağlanmış nikah pozulan zaman mən notarial qaydada təsdiq edilmiş nikah müqaviləsinə əsasən birgəyaşayış dövründə əldə olunmuş avtomobillərdən, torpaq sahəsindən və dəyəri 80000 manatdan artıq olan fərdi yaşayış evindən borclunun xeyrinə imtina etmişəm (nikah müqaviləsinin surətinə əlavə olunur). Bu qədər var dövləti olan bir ata uşaqlarının saxlanması üçün alimenti qəsdən ödəmir. Halhazırda X3 13, X2 9 yaşı var. Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdim ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtında ödəmir. İcra Baş İdarəsinə şikayətimdən sonra ödəməli olduğu aliment borcunun bir hissəsini ödəsə də hal-hazırda 960 manat aliment borcu yaranıb. Uşaqların bütün qayğı və ehtiyaclarını tamamilə özüm çəkirəm. Böyüdükcə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklardan cavabdehin xeyrinə imtina etmişdir. Cavabdehin kifayət qədər gəliri də, əmlakı da mövcuddur. Hazırkı vəziyyətdə tutulan aliment isə uşaqların saxlanılması üçün kifayət deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hal-hazırda işləmir. Əvvəllər isə tikinti sektorunda sürücü kimi işləmişdir. Hal-hazırda aliment borcu olmasa da, bu ayın alimentini ödəməmişdir. İddiaçı tərəfin bəhs etdiyi əmlaklar dostuna məxsus olmuş və hazırda satılmışdır. Bundan başqa, köhnə maşınını 30000 manata sataraq 15000 manat dəyərində “Hyundai” markalı maşın almışdır. İddiaçı isə təhsil şöbəsində işləyir və ayda 450 manat əmək haqqı alır. Həmçinin dövlət tərəfindən ona hər ay 180 manat “çörək pulu” verilir. Bundan əlavə, hər ay 300 manat kirayədən pul, 320 manat isə aliment alır. Beləliklə, iddiaçının aylıq gəliri 1200 manatdan çoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5493/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2010-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 560897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 1342 nömrə ilə qeyd edilmişdir.

7. Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 298299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 395 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh xx.xx.2010-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

16. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

20. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

21. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

22. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5493/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(010)-3477/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5493/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3477/2023 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar