Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3516/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən 1000 manat, dəymiş zərərə görə 2160 manat, cərimə ödənişlərinə görə 400 və 160 manat məbləğinə pulun və ödənilmiş 57 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3516/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, TX220130-001 saylı nəqliyyat vasitəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Kia Ceed” markalı, **-MA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 30 manat ödəmək şərtiylə icarəyə verilmişdir. Cavabdeh2 tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və lazımınca yerinə yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilənin 7.4-cü bəndi pozulmuş, nəqliyyatı idarə etmək hüququ olmayan üçüncü şəxs Cavabdeh1 ötürülmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Nəticədə Cavabdeh1 qəzanın törədilməsində təqsirili bilinərək İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh tətbiq edilmişdir. Nəqliyyat vasitəsinə dəymiş zərər mütəxəssis tərəfindən 2160 manat məbləğində qiymətləndirilmişdir. Nəqliyyat vasitəsi təqsirkarın məsuliyyətsiz yanaşması səbəbi ilə xx.xx.2023-cü il tarixədək cərimə meydançasında saxlanıldığından xx.xx.2023-cü il tarixinə ümumilikdə 160 manat pul vəsaiti cərimə meydançasına ödənilmişdir. Əlavə olaraq, Cavabdeh1 barəsində tətbiq olunmuş 400 manat cərimə məbləği tərəflərindən ödənilmişdir. Beləliklə, icarə müqaviləsinin 7.4-cü bəndinə əsasən 1000 manat, zərərə görə 2160 manat, cərimə ödənişinə görə 400 manat və nəqliyyat vasitəsinin cərimə meydançasında çıxarılmasına görə 160 manat, ümumilikdə 3720 manat borc yaranmışdır. Zərərin ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsələr də, onlar zərərin ödənilməsindən yayınmışlar.
İddia tələbinin dəyişdirilməsi.
4. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, icarə müqaviləsinin şərtlərini pozduğuna görə 1000 manat məbləğində pulun Cavabdeh2, 2160 manat dəymiş zərərin, avtomobilin cərimə meydançasından çıxarılmasına görə 160 manat, cərimə ödənişinə görə 400 manat məbləğində pulun Cavabdeh1, həmçinin ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. İcarəyə verən İddiaçı MMC və icarəçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İcarəyə verən “Kia Ceed” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə verir, İcarəçi isə nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir və istifadə üçün bu müqavilə ilə müəyyən edilmiş məbləği İcarəyə verənə ödəyir. İcarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 sutkası üçün 30 manat məbləğində icarə haqqı ödəyir. Bu müqavilə xx.xx.2022-ci il, saat 17:00-dan xx.xx.2023-cü il, saat 17:00-dək qüvvədədir. İdarə etməni digər şəxsə ötürmək 1000 manat cəriməyə səbəb olur.
8. Bakı şəhəri Suraxanı rayon DYPŞ YNH inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Kia Ceed” markalı, ** MA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 19:50-də İXM-in 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir.
9. Ödəniş tarixçəsindən görünür ki, İPX ******* nömrəli protokol üzrə Cavabdeh1 tərəfindən törədilmiş inzibati xətaya görə 400 manat məbləğində cərimə ödənilmişdir.
10. Nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Kia” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin “Siqnal” İLİİ-nin 4 saylı mühafizə olunan duracağa yerləşdirilməsi üçün 130 manat və nəqliyyat vasitəsinin duracağa gətirilməsi üçün 30 manat məbləğində evakuator xərci ödənilmişdir.
11. xx.xx.2022-ci il tarixli zərər aktından görünür ki, xx.xx.2022-ci il tarixində “Kia Ceed” markalı, **-MA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərər 2160 manat qiymətində hesablanmışdır.
İşin faktiki halları.
12. İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Kia Ceed” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək günü 30 manata Cavabdeh2 icarəyə verilmişdir. Müqavilədə avtomobili idarəetmənin başqa şəxsə ötürülməsinin 1000 manat məbləğində cərimənin tətbiqinə əsas olduğu göstərilmişdir.
13. İş üzrə digər Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Kia Ceed” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə); 332.1 (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, 400 manat məbləğində inzibati cərimə edilmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 683. Kirayəyə götürülmüş əşyanın üçüncü şəxslərə verilməsi. 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. İşin faktiki hallarından göründüyü kimi, “Kia Ceed” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. Müvafiq icarə müqaviləsində müqavilənin xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri arasında qüvvədə olduğu göstərilmişdir. Bu müqavilənin qüvvədə olduğu tarixdə - xx.xx.2022-ci ildə iş üzrə digər Cavabdeh1 həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisədə təqsirli olduğunu təsdiq edən inzibati xəta haqqında protokol tərtib edilmişdir.
17. Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Kia Ceed” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərər aktından görünür ki, avtomobilə dəymiş zərərin ümumi məbləği 2160 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə, müvafiq aktın yol nəqliyyat hadisəsinin baş verdiyi gün tərtib edilməsini və iddiaçı MMC tərəfindən yox, üçüncü bir şəxs (fərdi sahibkar) tərəfindən qiymətləndirilməsini nəzərə alaraq, hadisə nəticəsində avtomobilə dəymiş zərərin 2160 manat məbləğində qiymətləndirilməsi ilə razılaşır. Məhkəmə, həmçinin hesab edir ki, avtomobilə dəymiş zərər, bu zərəri vurmuş şəxsdən – Cavabdeh1 tutulmalıdır.
18. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəticədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçı tərəfindən icarəyə verilmiş avtomobilə zərər dəyməsi iş materiallarında olan sənədlər əsasında müəyyən edilir.
19. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 19.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 19.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 19.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 19.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
20. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).
21. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı MMC qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, həmin cavabdehdən avtomobilə vurduğu zərərə görə 2160 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə 400 manat inzibati cərimə, avtomobilin qəzadan sonra mühafizə duracağında saxlanmasına görə 130 manat dayanacaq xərci və avtomobilin həmin duracağa gətirilməsinə görə 30 manat evakuator xərci iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC həmin vəsaitləri də dəymiş zərər kimi həmin cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
22. İddia tələbinin digər Cavabdeh2 yönələn hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə icarə müqaviləsi bağlayaraq yuxarıda qeyd edilmiş avtomobillə bağlı üzərinə öhdəlik götürən məhz bu cavabdeh olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində avtomobili idarə etmənin digər şəxsə ötürülməsinin 1000 manat məbləğində cərimə edilmək üçün əsas olduğu göstərilmişdir. Buna baxmayaraq, Cavabdeh2 icarə müqaviləsinə əsasən ona verilən avtomobili üçüncü şəxsə - iş üzrə Cavabdeh1 vermiş, sonuncunun bu avtomobili idarə etmək hüququ olmamış, elə bu səbəbdən təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsinə görə İXM-in digər maddələri ilə yanaşı, həm də nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsində təqsirli bilinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icarəyə verənlə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini pozaraq, icarə obyekti olan avtomobili özbaşına başqa şəxsə verən Cavabdeh2, məhz bu hal üçün müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya 1000 manat məbləğində cərimə ödəməlidir.
23. Məhkəmə, son olaraq onu da qeyd edir ki, İddiaçı MMC və Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsində icarəyə verən İddiaçı MMC-nin avtomobilin mülkiyyətçisi yox, etibarnamə əsasında istifadəçisi olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Bu Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə xərcləri.
24. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 57.2 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (3720 manat) mütənasib olmuşdur.
25. Belə olan halda məhkəmə hesab edir ki, hər cavabdehə münasibətdə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh1 41.9 manat, digər Cavabdeh2 15.3 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 2160 manat dəymiş zərər, 130 manat duracaq xərci, 30 manat evakuator xərci, 400 manat inzibati cərimə, cəmi 2720 manat məbləğində pul, digər Cavabdeh2 1000 manat cərimə tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh1 2720 (iki min yeddi yüz iyirmi) manat və 41.9 manat (qırx bir manat doxsan qəpik) dövlət rüsumu, digər Cavabdeh2 1000 (min) manat və 15.3 manat (on beş manat otuz qəpik) dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva