Məhkəmə qərarları › İş №e-2(010)-3523/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3523/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3523/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Cavabdehn iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, **********000014 saylı kredit müqaviləsinə əsasən 6997,86 AZN əsas; 808,06 AZN faiz, 590,89 AZN cərimə; 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı kredit kartı müqaviləsinə əsasən 580,20 AZN əsas; 26,37 AZN faiz; 90,52 AZN cərimə borcu olmaqla, cəmi 9093,90 AZN borcun və ödənilmiş 110,94 AZN dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "Azərbaycan Sənaye Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********000014 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə İllik 18% hesablanmaqla 8300 (səkkiz min üç yüz) AZN məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2022-cİ İl tarixinə əsas borcu 6997,86 AZN (altı min doqquz yüz doxsan yeddi manat səksən altı qəpik), faiz borcu 808,06 AZN (səkkiz yüz səkkiz manat sıfır altı qəpik), cərimə borcu 590,89 AZN (beş yüz doxsan manat səksən doqquz qəpik) təşkil edir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 010.1.KK.N0001.KM01 saylı kredit kartı müqaviləsinə əsasən borcluya İllik 24% hesablanmaqla 1000,00 AZN (bir min) məbləğində kredit limiti ayrılmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə əsas borcu 580,20 AZN (beş yüz səksən manat İyirmi qəpik), faiz borcu 26,37 AZN (iyirmi altı manat otuz yeddi qəpik), cərimə borcu 90,52 AZN (doxsan manat əlli iki qəpik) təşkil edir. Cavabdeh hər iki müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh müqavilələrin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələblərini qəbul etdiyini bildirərək izahatında göstərdi ki, hər iki kredit müqaviləsi üzrə öhdəlik daşıdığını dərk edir, lakin maddi cəhətdən çətinlik çəkdiyinə görə birdəfəyə kredit borcunu qaytara bilmir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla, cavabdehin izahatını dinləyib və işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********000014 saylı Kredit Müqaviləsindən görünür ki, borc verən "xxxx" ASC tərəfindən borc alan Cavabdeh 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 8300 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli **********000014 saylı Kredit Müqaviləsi üzrə Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx.xx.2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı Kredit kartı müqaviləsindən görünür ki, borc verən "xxxx" ASC tərəfindən borc alan Cavabdeh illik 24 faiz dərəcəsi ilə 1000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, **********000014 saylı kredit müqaviləsi üzrə 6997,86 AZN əsas; 808,06 AZN faiz, 590.89 AZN olmaqla cəmi 8396.81 AZN məbləğində borcu, 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı kredit kartı müqaviləsinə əsasən 580,20 AZN əsas; 26,37 AZN faiz; 90.52 AZN cərimə olmaqla cəmi 697.09 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli, **********000014 saylı və 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı Kredit müqavilələri ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" ASC-nə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müvafiq qaydada ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun lazımi qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən xx.xx.2021-ci il tarixli, **********000014 saylı kredit müqaviləsi üzrə 6997,86 AZN əsas; 808,06 AZN faiz məbləğində borcu, 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı kredit kartı müqaviləsinə əsasən 580,20 AZN əsas; 26,37 AZN faiz borcun tutulması barədə iddia tələbi əsaslıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu xx.xx.2021-ci il tarixli, **********000014 saylı kredit müqaviləsi üzrə 50 manat məbləğinə 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı kredit kartı müqaviləsi üzrə 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2021-ci il tarixli, **********000014 saylı kredit müqaviləsi üzrə 6997,86 AZN əsas; 808,06 AZN faiz, 50 AZN cərimə borcu, 28 aprel 2021-ci il tarixli, 010.01.KK.N0001.KM01 saylı kredit xətti müqaviləsi üzrə 580,20 AZN əsas; 26,37 AZN faiz və 10 AZN məbləğində borc tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 110,94 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 110,94 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli,kredit müqaviləsinə əsasən 6997,86 manat əsas 808,06 manat faiz və 50 manat cərimə, xx.xx.2021-ci il tarixli Kredit kartı müqaviləsinə əsasən 580,20 manat əsas 26,37 manat faiz və 10 manat cərimə olmaqla umumilikdə cəmi 8472,49 manat məbləğində borc və 110,94 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar