Məhkəmə qərarları › İş №e-2(010)-3526/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3526/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3526/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 və Cavabdeh2 3920 manat məbləğində verilmiş sığorta ödənişinin və 59.60 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri "xxxx" ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Mercedes Benz 190" markalı 10TR986 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 vuraraq öldürmüşdür. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkənin ölümü ilə əlaqədar onun varisinə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X8 AZEMİS vasitəsi ilə məhkəməyə müraciət edərək, iddialarını müdafiə etdiklərini bildirmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə münasibətini öyrənmək üçün məhkəmə tapşırığı onun hazırda cəza çəkdiyi 10 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. 10 saylı Cəzaçəkmə Müəssisəsindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh1 ərizəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixində ehtiyatsızlıqdan baş vermiş, yol hərəkəti qəzasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Yol hərəkəti qəzası nəticəsində 1 nəfər həyatını itirmişdir. O, idarə etdiyi "Mercedes Benz 190" markalı 10TR986 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Baş verən hadisədən sonra zərərçəkən tərəfə maddi köməklik kimi 1080 manat pul ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-414/2022 saylı hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həbs olunduqdan sonra onun hər hansı bir ödəniş imkanı olmayıbdır. O, iddianı qəbul etmir. Belə ki, baş verən hadisə sığorta idarəsi ilə bağladığı müqavilə müddətində olduğuna görə zərərçəkən tərəflə hər hansı bir tələbin ödənilməsi birbaşa sığorta İdarəsinin üzərinə düşür. Onun təyin olunmuş cəza müddətinin sonuna kimi hər hansı bir ödənişin edilməsi barədə imkanı yoxdur. Həmçinin doğmalarının onun əvəzinə tələb olunan iddianı ödəməyə imkanı yoxdur. Cəza müddəti bitdikdən sonra azadlıqda olarkən lazım gələrsə, zərərçəkmiş tərəfə maddi köməklik göstərməyə hazırdır. Baş verən bu qəza zamanı özü müxtəlif bədən xəsarətləri almış və idarə etdiyi avtomaşın yararsız vəziyyətə düşmüşdür. Sığorta idarəsi ilə hər hansı bir məsələni müzakirə etmək cəza müddətinin sonuna qədər məqsədəuyğun deyil. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: PGU-190465 saylı xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, Abbasov Elşad Şirvan oğlu MERCEDES BENZ 190 markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2018-xx.xx.2019-cu il tarixədək müddətə 55.000 manata sığortalamışdır. MERCEDES BENZ 190 markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı piyada X7 ilə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 5000 manat qiymətləndirilmiş və həmin məbləğ X1 ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən X2 5000 (beş min) manat məbləğində ödəniş olunmuşdur. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Ağdaş rayonu, Ağcayazı kəndində yaşayan atası X4r və Günay Bank ASC-nin xx.xx.2019-cu il tarixli 07/SÖ-572 nömrəli arayışa əsasən 5000 manat sığorta pulundan tam hissədə pay almalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-414/2022 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. DYP-nin sistemindən avtomobilin dövriyyəsi ilə bağlı çıxarışdan görünür ki, “Mercedes Benz 190” minik markalı, 10TR986 dövlət qeydiyyat nişanlı, 1991 buraxılış illi nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dır. Etibarnamə ilə xx.xx.2017-xx.xx.2018-ci il tarixləri ərzində X6, etibarnamə ilə xx.xx.2017-xx.xx.2018-ci il tarixləri ərzində X10, etibarnamə ilə xx.xx.2018-xx.xx.2020-ci il tarixləri ərzində Cavabdeh1 verilmişdir. Buradan da göründüyü kimi həmin nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən sonrakı dövr ərzində Abbasov Elşad Şirvan oğlunun mülkiyyətində və ya etibarnamə ilə istifadə və sahibliyində olmamışdır. İşin faktiki halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Abbasov Elşad Şirvan oğlu arasında xx.xx.2018ci il tarixində MERCEDES BENZ 190 markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsi bağlanmışdır. Cavabdeh1 MERCEDES BENZ 190 markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı, Zığ qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı piyada X7 ilə toqquşmuşdur. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən dəymiş zərərin ümumi məbləği 5000 manat qiymətləndirilmiş və həmin məbləğ X1 ödənilmişdir. “Mercedes Benz 190” minik markalı, 10TR986 dövlət qeydiyyat nişanlı, 1991 buraxılış illi nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dır. Hazırda iddiaçı "xxxx" ASC 3920 manat məbləğində verilmiş sığorta ödənişinin Cavabdeh1 və Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsini istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. 889.3. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. 889.4. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan DYP-nin sistemindən avtonəqliyyat vasitəsinin dövriyyəsi ilə bağlı çıxarışa əsasən məhkəmə müəyyən edir ki, Abbasov Elşad Şirvan oğlunun sığorta müqaviləsinin bağlandığı tarixdə sığortalan avtonəqliyyat vasitəsi üzərində qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınan sığorta marağı mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə "xxxx" ASC ilə Abbasov Elşad Şirvan oğlu arasında mülki hüquq məsuliyyəti yarada biləcək və iddiaçı "xxxx" ASC-yə subroqasiya hüququ verən etibarlı sığorta müqaviləsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallara əsasən iddiaçı "xxxx" ASC iddia tələbində göstərilən məbləği bağlandığı andan etibarsız hesab edilən icbari sığorta müqaviləsi əsasında verdiyindən onun zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı subroqasiya hüququndan istifadə etmək hüququ da yaranmamışdır. Məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" ASC yalnız etibarlı sığorta müqaviləsi çərçivəsində ödəniş etməkdə məsuliyyət daşıdığı, özü tərəfindən hazırlanmış müqaviləyə əsasən ödəniş edərkən zəruri yoxlamanı etməli olduğu halda buna əməl etməmiş və müqavilə təminatı altında olmayan bir ödənişi könüllü olaraq həyata keçirmişdir.

Məhkəmənin gəldiyi nəticə. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar