Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3530/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə 5159.10 manat əsas borc, 49.41 manat faiz borcu olmaqla, cəmi 5208.51 manat kredit borcunun və ödənilmiş 72.09 manat dövlət rüsumunun və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə olmaqla 5300 manat məbləğində kredit verilmiş və vəsait X6 tərəfindən məxaric orderi əsasında nağd şəkildə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 234461 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 notariat ofisinə müraciət etmiş, xx.xx.2022-ci il tarixində cavabdehlərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışlarına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə 5159.10 manat əsas borcu, 49.41 manat faiz borcu olmaqla, cəmi 5208.51 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-5549/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda ondan tələb olunan borc məbləği mərhum yoldaşı ilə bank arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir və digər cavabdeh onun qızıdır. Qanun üzrə şəhadətnamə əsasında ona keçən miras əmlak ümumi paylı mülkiyyətdədir, torpaq sahəsindən ibarətdir. Hazırda həmin torpaq sahəsini sata bilmir. Kirayədə yaşayır, aylıq əmək haqqı çox aşağıdır və kredit ödəyicisidir. Məhz bu səbəbdən ondan tələb olunan məbləğdə pul vəsaitini ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC (Borc verən) və X6 (Borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən “Borc verən” “Borc alan”a 48 ay müddətinə (xx.xx.2025-ci il tarixinədək), 5300 manat məbləğində, kreditdən istifadəyə görə illik 22% ödəmək şərtilə kredit verməyi, “Borc alan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Borc verən”ə ödəməyi, habelə kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2021 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 166.99 (sonuncu ay 166.4 manat) manat məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 5159.10 manat əsas borc və 49.41 manat faiz borcu olmaqla, ümumilikdə 5208.51 manat məbləğində borcu vardır. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 234461 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2021-ci il tarixdə “sol mədəcik çatışmamazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1877 nömrə ilə qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2dır və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X4 verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.19 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Reyestrdə 2V-237 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2dır və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X4 verilmiş **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyəti üzrə ona ayrılmış hissəsindən ibarətdir. Reyestrdə 2V-238 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. xx.xx.2024-cü il tarixli 6-2-22/2-5549/2024 saylı bildirişdən müəyyən olunur ki, mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə ödənilməmiş borc məbləği barədə xəbərdar edilmiş, borcun 3 gün müddətində ödənilməyəcəyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 72.09 (66.91 + 5.18) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə təsdiq olunur ki, mərhum X6 ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda isə X1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 5159.10 manat ödənilməmiş əsas, 49.41 manat faiz borcu olmaqla, ümumilikdə 5208.51 manat məbləğində borcu vardır. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun vərəsələri olaraq mərhum X2 qalmış mirası notarial qaydada qəbul etmiş, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 Şəhadətnamə verilən miras əmlaklar İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.19 ha olan torpaq sahəsinin ½ hissəsi və İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyəti üzrə ona ayrılmış hissəsindən ibarət olması müəyyən edilir. Cavabdehlər miras qoyanın borcunun qəbul edilmiş mirasdan çox olduğunu sübut etməli olduqları halda bunu sübuta yetirə bilməmişlər. İşdə olan materiallar əsasında məhkəmə mərhum X2 vərəsələrinə miras qalmış əmlakların kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən, onlar, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 72.09 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsinə əsasən 5159.10 manat əsas borc, 49.41 manat faiz borcu olmaqla, ümumilikdə 5208.51 manat məbləğində borc və ödənilmiş 72.09 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsinə əsasən 5159.10 (beş min yüz əlli doqquz manat on qəpik) manat əsas borc, 49.41 (qırx doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5208.51 (beş min iki yüz səkkiz manat əlli bir qəpik) manat məbləğində borc və ödənilmiş 72.09 (yetmiş iki manat doqquz qəpik) manat dövlət rüsumu və 0.80 (səksən qəpik) manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva