Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3533/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 323705- CNS-22739 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 2.321,41 (iki min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc, 261.29 (iki yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 364.80 (üç yüz altmış dörd manat səksən qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 2.947,50 (iki min doqquz yüz qırx yeddi manat əlli qəpik) manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 49.48 (qırx doqquz manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 323705-CNS- 22739 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 16,9 (on altı tam onda doqquz) faiz hesablanması şərti ilə 48 ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 2.321,41 (iki min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc, 261.29 manat (iki yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 364.80 (üç yüz altmış dörd manat səksən qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 2.947,50 (iki min doqquz yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli, 323705-CNS- 22739 saylı Nağd pul krediti müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC-dən illik 16,9 (on altı tam onda doqquz) faiz hesablanması şərti ilə 48 ay müddətinə 3.000 (üç min) manat məbləğində məbləğində borcunun qaytarılmasını cavabdeh Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızı öz üzərinə götürmüşdür. İddiaçı ASC-ti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızının iddiaçı banka xx.xx.2023-cü il tarixinə olan 2.321,41 (iki min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc, 261.29 manat (iki yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 364.80 (üç yüz altmış dörd manat səksən qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 2.947,50 (iki min doqquz yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızı arasında xx.xx.2021-ci il tarixli, 323705-CNS- 22739 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və həmin müqavilə ilə cavabdeh illik 16,9 (on altı tam onda doqquz) faiz hesablanması şərti ilə 48 ay müddətinə 3.000 (üç min) manat məbləğində məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə müəyyən edir ki, cavabdehin əsas borcuna görə 2.321,41 manat məbləğində əsas borc, 261.29 manat məbləğində faiz borcu, 364.80 manat məbləğində cərimə borcu, ümumilikdə 2.947,50 manat məbləğində borcu vardır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 364.80 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 170 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızından xx.xx.2021-ci il tarixli, 323705-CNS- 22739 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2.321,41 (iki min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc, 261.29 manat (iki yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 170 (bir yüz yetmiş) manat məbləğində cərimə borcu, ümumilikdə 2752,7(iki min yeddi yüz əlli iki manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 49,48 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ramazanova (İsmayılova) Gülnarə Yaşar qızından xx.xx.2021-ci il tarixli, 323705-CNS- 22739 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2.321,41 (iki min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc, 261.29 manat (iki yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 170 (bir yüz yetmiş) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 49,48 (qırx doqquz manat qırx səkkiz qəpik) manat olmaqla cəmi 2802,18 (iki min səkkiz yüz iki manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3533/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3533/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver