Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3537/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 609,5 manat ödənilməmiş hissə, 60,5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ASUS kompüter üçün 1493.08 manat ödənilməmiş hissə, 149,92 manat cərimə borcu olmaqla, ümumilikdə 2313 manat borcun və 43,13 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən LG LED TV, ASUS kompüter almış və nəticədə 2313 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1200 manat LG LED TV üçün ümumilikdə 670 manat olmaqla ondan, 609,5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 60,5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2045,7 manat olan ASUS kompüter üçün ümumilikdə 1643 manat olmaqla ondan, 1493.08 manat ödənilməmiş hissə, güzəşt olunaraq 149,92 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1143,12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyanın təhvil-təslim aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bldirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materialları
4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10815581 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 100 manat olmaqla, cəmi qiyməti 1200 manat LG LED TV satmış, Cavabdeh isə onu qəbul edib, malın qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 5."xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 14893903 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 18 ay müddətinə hər ay 113,65 manat olmaqla, cəmi qiyməti 2045,62 manat olan ASUS kompüter satmış, Cavabdeh isə onu qəbul edib, əşyanın qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Müqavilələrə əsasən Cavabdeh "xxxx" MMCyə 2102,58 manat ödənilməmiş məbləğ, 210,42 manat cərimə borcu olmaqla, cəmi 2313 manat məbləğində borcu vardır.
7. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubdan görünür ki, "xxxx" MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
İşin faktiki halları
8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
12. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
13. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43.13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
15. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli 10815581 saylı müqavilə üzrə 609.5 manat ödənilməmiş məbləğ, 60.5 manat cərimə, xx.xx.2023-cü il tarixli 14893903 saylı müqavilə üzrə 1493.08 ödənilməmiş məbləğ, 149.92 manat cərimə borcu olmaqla, cəmi 2313 manat və 43.13 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 10815581 saylı müqavilə üzrə 609.5 manat ödənilməmiş məbləğ, 60.5 manat cərimə, xx.xx.2023-cü il tarixli 14893903 saylı müqavilə üzrə 1493.08 ödənilməmiş məbləğ, 149.92 manat cərimə borcu olmaqla, cəmi 2313 (iki min üç yüz on üç) manat və 43.13 (qırx üç manat, on üç qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova