Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3557/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixinə nağd kredit borcu ilə əlaqədar 744.99 manat əsas və 193.82 manat faiz olmaqla, cəmi 938.81 manat, kart krediti ilə əlaqədar 299.16 manat əsas və 85.24 manat faiz olmaqla, cəmi 384.4 manat və ödənilmiş 33.23 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Suraxanı filialı ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli “Tam kart” çərçivə müqaviləsinə əsasən, bank tərəfindən X7 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti, 36 ay müddətinə, illik 21 faiz hesablanmaqla, 3500 manat məbləğində isə nağd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, X5 vərəsəsi olan cavabdehin vərəsəlik işi açılmışdır. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən, cavabdehin 1) xx.xx.2025-ci il tarixinə nağd kredit borcu ilə əlaqədar olaraq, əsas borc üzrə 744.99 manat əsas borc, 193.82 manat faiz borcu olmaqla, cəmi 938.81 manat borcu mövcuddur. 2) xx.xx.2025-ci il tarixinə kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 299.16 manat əsas borc, 85.24 manat faiz borcu olmaqla, cəmi 384.4 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 33.23 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2021-ci il tarixli bank kartına kredit limitinin təyin edilməsinə dair razılaşmadan müəyyən olunur ki, bank tərəfindən borcalan X7 (kart hesabının nömrəsi – ********************) 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 300 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli məxaric orderindən müəyyən olunur ki, borcalan X7 iddiaçı bankın kassasından 1606.34 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Bank) və X9 (Borcalan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BPM**********63 nömrəli tam kart çərçivə müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”ın adına ikitərəfli ödəniş kartı buraxmağı, “Borcalan”ın adına bank hesabları açmağı, “Borcalan”a tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limiti ayırmağı, “Borcalan” isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2021 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 131.87 manat (sonuncu ay 131.45 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X7 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan arvadının müraciətinə əsasən vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 299.16 manat əsas və 85.24 manat faiz olmaqla, cəmi 384.4 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X5 xx.xx.2021-ci il tarixli, 214RPT********** nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 744.99 manat əsas və 193.82 manat faiz olmaqla, cəmi 938.81 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borcalanın qanun üzrə vərəsəsi olan cavabdehə xx.xx.2021-ci il tarixli kredit müqavilələri (həm nağd, həm də kart krediti) üzrə borcun məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq məktubunun göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 33.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş vərəsəlik işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-22690 reyestr nömrəli ərizədən müəyyən olunur ki, cavabdeh xx.xx.2024-cü ildə vəfat etmiş ərindən miras qalmış pul məbləğindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Həmin vərəsəlik işinə əlavə edilən xx.xx.1996-cı il tarixli, Vİİ-JQ seriyalı, 275747 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X9 və X8 arasında xx.xx.1996-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 18 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Salmanov, arvada Salmanova soyadı verilmişdir. Həmin vərəsəlik işinə əlavə edilən xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 403430 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X9 xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyindaxili qansızma” səbəbindən Bakı şəhərində ölmüşdür. Həmin vərəsəlik işinə əlavə edilən xx.xx.2024-cü il tarixli, 8İ-22669 reyestr nömrəli ərizədən müəyyən olunur ki, Salman-zadə Emin Zakir oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsində imtina etdiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan (miras qoyan) X9 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2021-cü il tarixli kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalana nağd kredit üzrə 36 ay müddətinə, illik 21% ödənilmək şərti ilə 3500 manat məbləğində kredit verilmiş, kart krediti üzrə 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 300 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş (kredit məbləğinin borcalanın bank hesabına köçürülməsini təsdiq edən ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir), lakin borcalan kredit müqavilələri üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi dəqiq müəyyən edilmişdir. Miras qoyanın qanun üzrə birinci dərəcə vərəsəsi arvadı, yəni hazırkı iş üzrə cavabdeh müəyyən edilmişdir. Eyni zamanda, miras qoyanın digər vərəsəsi, yəni oğlu Salman-zadə Emin Zakir oğlu miras əmlakdan ona çatası paya dair hüquqlarından anasının xeyrinə imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmiş və notariat orqanına müraciət edərək miras əmlakın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Nəticədə miras əmlakın formal qəbulu üsulu (notariat orqanına ərizə verməklə) cavabdeh tərəfindən realizə edilmişdir. Qeyd edilməlidir ki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qoyanın ölümü ilə əlaqədar açılmış vərəsəlik işi materiallarında onun qanun üzrə vərəsəsi olan cavabdehin adına hər hansı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin aşkar olunmaması, özözlüyündə mirasın qəbul edilməməsi mənasına gəlmir. Belə ki, miras qoyanın ölümü ilə artıq açılmış miras üzrə cavabdeh vərəsə statusu əldə etməklə, miras qoyanın əmlak hüquqlarını rəsmi qaydada əldə etmək üçün notariat orqanına müraciət etmiş və mirasın qəbulunun formal üsulunu öz iradəsi ilə həyata keçirmişdir. Müvafiq notariat hərəkətinin davamının aparılmaması və ya hazırda şəhadətnamənin iş materiallarında aşkar edilməməsi mirasın qəbul edilməməsi, bununla da vərəsənin miras qoyanın kreditorları qarşısında yaranmış əmlak vəzifələrinə görə məsuliyyət daşımaması qənaətinə gəlməyə əsas vermir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İstinad edilən maddi hüquq normasının dispozisiya şərtlərindən də görünür ki, qanunverici yalnız bir halda – mirasın notarius tərəfindən siyahıya alındığı halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə vəzifəsindən azad etmiş və digər hallarda sübuetmə yükünü dəqiq bölüşdürməklə bu vəzifəni məhz miras əmlakı qəbul etmiş vərəsəyə aid etmişdir. Hazırda mübahisə edilən hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarı da mövcuddur (xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli). Baxılan iş üzrə mirasın məhz notarius tərəfindən siyahıya alınması ilə bağlı hər hansı sənəd (siyahıya alınma aktı) aşkar edilməmiş, miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə yükü qanunla cavabdehin üzərinə qoyulmasına baxmayaraq, cavabdeh qeyd edilən halların təsdiqinə dair mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mirasın qəbulunun formal üsulunu realizə edən cavabdeh tərəfindən müvafiq miras əmlak qəbul edilmiş hesab edilməli və miras qoyanın ölümündən sonra hazırkı iş üzrə iddiaçı qarşısında mövcud əmlak vəzifələri cavabdeh tərəfindən şəxsən icra edilməlidir. Beləliklə, təqdim edilmiş hər bir sübutu aidlik, mötəbərlik və mümkünlük nöqteyinəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə iddia tələbinin təmin edilməli olması qənaətinə gəlir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 33.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 33.23 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X5 qanun üzrə vərəsəsi cavabdehdən xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.16 manat əsas və 85.24 manat faiz olmaqla, cəmi 384.4 manat, xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsi üzrə 744.99 manat əsas və 193.82 manat faiz olmaqla, cəmi 938.81 manat, ümumilikdə 1323.21 manat məbləğində borc və ödənilmiş 33.23 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməlidir Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:
İddia təmin edilsin. X5 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.16 (iki yüz doxsan doqquz manat on altı qəpik) manat əsas və 85.24 (səksən beş manat iyirmi dörd qəpik) manat faiz olmaqla, cəmi 384.4 (üç yüz səksən dörd manat qırx qəpik) manat, xx.xx.2021-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsi üzrə 744.99 (yeddi yüz qırx dörd manat doxsan doqquz qəpik) manat əsas və 193.82 (yüz doxsan üç manat səksən iki qəpik) manat faiz olmaqla, cəmi 938.81 (doqquz yüz otuz səkkiz manat səksən bir qəpik) manat, ümumilikdə 1323.21 (min üç yüz iyirmi üç manat iyirmi bir qəpik) manat məbləğində borc və ödənilmiş 33.23 (otuz üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Fəridə Rzayeva