Məhkəmə qərarları › İş №e-2(010)-3630/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3630/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3630/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 7731.32 manat əsas borc, 757.78 manat cari faiz borcu və 200 manat cari dəbbə borcu olmaqla, cəmi 8689.10 manat kredit borcunun və 107.40 manat ödənilm dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış 14 aprel 2023-cü il tarixli GARA-26424-3235 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 26% faizlə 36 ay müddətinə 9000 manat kredit verilmiş və kreditin aylıq 363 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 14 aprel 2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 01 iyul 2024-cü il tarixinədək verilmiş kredit üzrə 7731.32 manat əsas borc, 757.78 manat cari faiz borcu və 200 manat cari dəbbə borcu olmaqla, cəmi 8689.10 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

4. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdi.

İş materialları

5. xx.xx.2023-cü il tarixli, GARA-26424-3235 nömrəli kredit müqaviləsi və ödəniş qrafikindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh1 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2023-cü il tarixli, GARA-26424-3235+GARA-26698 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında zamin durmuşdur.

7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, GARA-26424-3235 nömrəli kredit müqaviləsi üzrə banka 7731.32 manat əsas borc, 757.78 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla 8689.10 manat borcu vardır.

8. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə borc məbləğinin 5 gün müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, GARA-26424- 3235 nömrəli kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və Cavabdeh2 ilə bank arasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirmişdir. Digər cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə məhkəməyə daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi

11. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

12. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh1 təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmiş, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi müqavilə şərtlərinin əhəmiyyətli pozuntusudur.

13. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh1 təqdim etsə də, lakin cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etəməməsi yanaşı, eyni zamanda, iş üzrə digər Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanan zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kredit öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyət daşımasına baxmayaraq, qeyd olunan müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsi mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zamindən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 107.40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Xadı̇ rova Elmı̇ ra Məhəmməd qızından müştərək qaydada 7731.32 manat əsas borc, 757.78 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla cəmi 8689.10 (səkkiz min altı yüz səksən doqquz manat on qəpik) manat və iş üzrə ödənilmiş 107.40 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Xadı̇ rova Elmı̇ ra Məhəmməd qızından müştərək qaydada 7731.32 manat əsas borc, 757.78 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla cəmi 8689.10 (səkkiz min altı yüz səksən doqquz manat on qəpik) manat və iş üzrə ödənilmiş 107.40 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar