Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3651/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 11842.56 manat – bundan 4835.58 manat əsas, 2667.11 manat faiz, 3639.05 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 700.82 manat faiz borcu və iş üzrə ödənilmiş 125.53 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov fillialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 22% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-80007940 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 9991.01 manat məbləğində hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən, ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından da göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 11842.56 manat təşkil edir. Bundan 4835.58 manat əsas, 2667.11 manat faiz, 3639.05 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 700.82 manat faiz borcu təşkil edir.
Tərəflərin izahatları.
3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 80007940 nömrəli kredit müqaviləsindən görünür ki, “Kreditor” “Borcalan”a şəxsi istehlak məqsədləri üçün, 24 ay müddətinə, illik 22% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, “Borcalan” isə həmin kredit məbləğini məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi lə birlikdə “Kreditor”a qaytarmağı öz öhdəsinə götürür.
7. xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2015 – xx.xx.2017-ci il tarixləri arasında hər ay 518.86 manat (sonuncu ay 518.66 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
8. xx.xx.2015-ci il tarixli, **********72 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 iddiaçı bankın kassasından 10000 manat məbləğində pul vəsaiti verilmiş və sonuncu tərəfindən bu barədə tərtib edilmiş orderə imza edilmişdir.
9. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 80007940/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə bankdan kredit götürmüş “Borcalan” tərəfindən “Kreditor” qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti “Zamin”in və ya “Zamin”lərin öz üzərinə götürməsidir.
11. İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə 01 nömrəli əlavə sazişdən görünür ki, “Borcalan”ın “Kreditor” qarşısındakı kredit öhdəliyinin qalığı 9991.01 manat, “Borcalan”ın “Kreditor” qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7643.17 manat əsas borc, 1788.93 manat faiz borcu və 558.91 manat cərimə borcu və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixinədək təşkil edir.
12. xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsinə əlavə olan yeni ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə yeni ödəniş cədvəli təsdiq edilmiş və restrukturizasiya edilmiş kredit borcunun xx.xx.2017 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 194.09 manat (sonuncu ay 193.76 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
13. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli zaminlik müqaviləsi üzrə 01 nömrəli əlavə sazişdən görünür ki, “Zamin” bu əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.
14. xx.xx.2025-ci il tarixli, 12-5/2-A-23-6601/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə iddiaçı LPO İddiaçı ASC-yə 4835.58 manat əsas, 2667.11 manat faiz, 3639.05 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmış 700.82 manat faiz olmaqla, cəmi 11842.56 manat məbləğində borcu vardır.
15. xx.xx.2025-ci il tarixli, 12-5/2-A-41-6598/2025 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə borcun məbləği barədə xəbərdar edilmiş və həmin borcun 3 (üç) gün ərzində ödənilmədiyi təqdirdə bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı qeyd edilmişdir.
İşin faktiki halları.
16. İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən borcalana şəxsi istehlak məqsədləri üçün, 24 ay müddətinə, illik 22% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kredit məbləğini məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi lə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.
17. xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 80007940/ZM nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın kreditor qarşısında yaranmış öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür.
18. Həm kredit müqaviləsi, həm də zaminlik müqaviləsi üzrə tərəflərlə əlavə sazişlər imzalanaraq, öhdəliklərin icra müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır.
19. Hazırda iddiaçı bank iddia edir ki, Cavabdeh1 tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilməmiş və nəticədə Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə iddiaçı LPO İddiaçı ASC-yə 4835.58 manat əsas, 2667.11 manat faiz, 3639.05 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmış 700.82 manat faiz olmaqla, cəmi 11842.56 manat məbləğində borcu yaranmışdır.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.
Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
23. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı bank cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
24. Lakin məhkəmə, zamin - Cavabdeh2 münasibətdə iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
25. Hazırkı iş üzrə Cavabdeh2 zamin olduğu kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Bu vəziyyətdə iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək üçün bir illik müddət artıq keçdiyindən onun zaminliyinə xitam verilmişdir. Odur ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
26. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir.
27. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
29. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
30. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 3639.05 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir.
31. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”.
33. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 150 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər.
34. İddia tələbinin gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə AR MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
35. Digər tərəfdən, xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış və xx.xx.2017ci il tarixli əlavə sazişlə xx.xx.2022-ci il tarixinədək müddəti uzadılmış kredit müqaviləsinin müddəti bitmiş, buna baxmayaraq müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı bank gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 700.82 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur.
36. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 4835.58 manat əsas, 2667.11 manat faiz, 150 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 700.82 manat faiz borcu olmaqla, ümumilikdə 8353.51 manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 125.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
39. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (8353.51 manat) mütənasib olan 103.54 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
40. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 4835.58 manat əsas, 2667.11 manat faiz, 150 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 700.82 manat faiz borcu olmaqla, ümumilikdə 8353.51 manat məbləğində borc və 103.54 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
41. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 80007940 nömrəli kredit müqaviləsi üzrə 4835.58 manat əsas, 2667.11 manat faiz, 150 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 700.82 manat faiz borcu olmaqla, ümumilikdə 8353.51 (səkkiz min üç yüz əlli üç manat əlli bir qəpik) manat məbləğində borc və 103.54 (yüz üç manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva