Məhkəmə qərarları › İş №e-2(010)-3659/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3659/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3659/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Hoffmann Tv üçün 198.5 manat ödənilməmiş hissə, 19.85 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********75691 olan Huawei Nova 12SE markalı telefon üçün 666.96 manat ödənilməmiş hissə, 66.70 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Velosiped Stark 22 üçün 486.8 manat ödənilməmiş hissə, 48.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X1 5 markalı qulaqlıq üçün 125.7 manat ödənilməmiş hissə, 12.57 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Apple Adapter üçün 74.2 manat ödənilməmiş hissə, 7.42 manat cərimə olmaqla, ümumilikdə 1707.38 manat borc və 37.08 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 09417058 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 667 manat, ilkin ödəniş edilmədən, ödəniş müddəti 12 ay, aylıq ödəniş 55.58 manat məbləğində müəyyən edilmişdir. Alınan əşyalar xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 03487124 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın alış qiyməti 180 manat, ilkin ödəniş edilmədən, ödəniş müddəti 12 ay, aylıq ödəniş 15 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 03677939 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 550.8 manat, ilkin ödəniş edilmədən, ödəniş müddəti 18 ay, aylıq ödəniş 30.6 manat məbləğində müəyyən edilmişdir. Alınan əşyalar xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 04078493 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 300 manat, ilkin ödəniş edilmədən, ödəniş müddəti 12 ay, aylıq ödəniş 25 manat məbləğində müəyyən edilmişdir. Alınan əşyalar xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 11989214 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın alış qiyməti 170.4 manat, ilkin ödəniş edilmədən, ödəniş müddəti 12 ay, aylıq ödəniş 14.2 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə görə nisyə alğı-satqı müqavilələri üzrə cavabdehin 1552.16 manat əsas və 155.22 manat cərimə olmaqla, ümumilikdə 1707.38 manat borcu müəyyən edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********75691 olan Huawei Nova 12SE markalı telefon, Velosiped Stark 22, X1 5 markalı qulaqlıq, Hoffmann Tv, Apple Adapter almış və nəticədə 1707.38 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərinin pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 666.96 manat, İmei kodu **********75691 olan Huawei Nova 12SE markalı telefon üçün ümumilikdə 733.66 manat olmaqla, ondan 666.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.70 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 550.8 manat olan Velosiped Stark 22 üçün ümumilikdə 535.48 manat olmaqla, ondan 486.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 300 manat olan Hoffmann Tv üçün ümumilikdə 218.35 manat olmaqla, ondan 198.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.85 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alğısatqı qiyməti 170.4 manat olan X1 5 markalı qulaqlıq üçün 138.27 manat olmaqla, ondan 125.7 manat ödənilməmiş hissə, 12.57 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 180 manat olan Apple Adapter üçün 81.62 manat olmaqla, ondan 74.2 manat ödənilməmiş hissə, 7.42 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 316 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli, 03487124 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, cavabdeh Apple Adapter üçün ilkin ödəniş edilmədən, 12 ay ödəniş cədvəli üzrə hər ay 15 manat, cəmi 180 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 09417058 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, cavabdeh İmei kodu **********75691 olan Huawei Nova 12SE markalı telefon üçün ilkin ödəniş edilmədən, 12 ay ödəniş cədvəli üzrə hər ay 55.58 manat, cəmi 667 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 03677939 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, cavabdeh Velosiped Stark 22 üçün ilkin ödəniş edilmədən, 18 ay ödəniş cədvəli üzrə hər ay 30.6 manat, cəmi 550.8 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 04078493 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, cavabdeh Hoffmann Tv üçün ilkin ödəniş edilmədən, 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat, cəmi 300 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 11989214 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, cavabdeh X1 5 markalı qulaqlıq üçün ilkin ödəniş edilmədən, 12 ay ödəniş cədvəli üzrə hər ay 14.2 manat, cəmi 170.4 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, müqavilələrin bütün şərtləri tam yerinə yetirilənədək əşyalar İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilələrin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mallar”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişlərə əsasən müştəri öz imzası ilə bildirişləri oxumuş və məzmunu ilə tanış olmuş, bunları öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarından müəyyən olunur ki, cavabdeh malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə ümumilikdə ödənilməmiş məbləğ 1707.38 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 37.08 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəlləri ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafiklər əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilələr üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7.42 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 66.70 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 48.68 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 19.85 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 12.57 manat cərimə pulu tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 1 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat, xx.xx.2024-cü il müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 1 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 1 manat hesablanmaqla ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 37.08 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (1570.16 manat) mütənasib olaraq 35.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 03487124 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 74.2 (yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 1 (bir) manat cərimə məbləği, xx.xx.2024-cü il tarixli, 09417058 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 666.96 (altı yüz altmış altı manat doxsan altı qəpik) manat ödənilməmiş məbləğ, 10 (on) manat cərimə məbləği, xx.xx.2024-cü il tarixli, 03677939 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 486.8 (dörd yüz səksən altı manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2024-cü il tarixli, 04078493 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 198.5 (yüz doxsan səkkiz manat əlli qəpik) manat ödənilməmiş məbləğ, 1 (bir) manat cərimə məbləği, xx.xx.2024-cü il tarixli, 11989214 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 125.7 (yüz iyirmi beş manat yetmiş qəpik) manat ödənilməmiş məbləğ, 1 (bir) manat cərimə məbləği olmaqla, cəmi 1570.16 (min beş yüz yetmiş manat on altı qəpik) manat və 35.7 (otuz beş manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar