Məhkəmə qərarları › İş №e-2(010)-3676/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3676/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3676/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 284-3. Ərizənin forması və məzmunu 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır.

4. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1dır. Qanunvericiliyə əsasən həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan ərizədə göstərilməlidir. İddiaçı tərəfindən isə cavabdehin yaşadığı ünvanla bağlı iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddia ərizəsini Suraxanı Rayon Məhkəməsinə verməyə haqlı deyil. Çünki cavabdehin qeydiyyat ünvanı Balandin-42, yəni inzibati binadır və həmin ünvanda yaşayış olması mümkün deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi “yaşamaq” anlayışı hüquqi fakt kimi hərəkəti ehtiva edir. Belə olan halda, cavabdehin yaşamadığı (inzibati binaya) ünvana bildiriş göndərilməsi cavabdehin ona qarşı qaldırılmış iddiadan məlumatsız olacağı və “hüquq və azadlıqların məhkəmə təminatı” kimi konstitusion hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bundan əlavə, hazırki iş üzrə ərizənin qaytarılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və iddiaçı cavabdehin məlum olan faktiki yaşayış yeri üzrə arayış və s. digər sənəd əldə etməklə aidiyyət qaydaları üzrə yenidən məhkəməyə müraciət edə bilər.

Məhkəmənin gəldiyi nəticə

5. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılmalı və iddiaçının iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu ona tam qaytarılmalıdır.

6. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-3-cü və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçınə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar