Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-369/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3669,81 (üç min altı yüz altmış doqquz manat səksən bir qəpik) manat - bundan 3665,26 (üç min altı yüz altmış beş manat iyirmi altı qəpik) manat əsas, 4,55 (dörd manat əlli beş qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 57.90 (əlli yeddi manat doxsan qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 120.LN.1676.200819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 3840,29 (üç min səkkiz yüz qırx manat iyirmi doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 120.CL.200819.00001/a nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 3669,81 (üç min altı yüz altmış doqquz manat səksən bir qəpik) manat təşkil edir. Bundan 3665,26 (üç min altı yüz altmış beş manat iyirmi altı qəpik) manat əsas, 4,55 (dörd manat əlli beş qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********118 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu, **********835 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
Tərəflərin izahatları
3. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. İddiaçı ASC (Ləğv Prosesindədir) ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, kredit müqaviləsi Cavabdeh1 ilə bağlanılmış və kredit vəsaitini də o götürmüşdür. O yalnız həmin müqavilə üzrə zamin durmuşdur və hazırda həmin kredit borcunu ödəməyə maddi imkanı yoxdur.
İş materialları
6. xx.xx.2019-cu il tarixli, 120.LN.1676.200819.00001 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 3840.29 manat kredit verilmiş və həmin kredit vəsaitinin yalnız kredit və k/x ödənilməsi məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmuşdur.
7. xx.xx.2019-cu il tarixli, 120.CL.200819.00001/a nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 120.LN.1676.200819.00001 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında zamin durmuşdur.
8. İş matariallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borc məbləğinin 3 gün müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 120.LN.1676.200819.00001 nömrəli kredit müqaviləsi üzrə banka 3665.26 manat əsas borc və 4.55 manat faiz borcu olmaqla 3669.81 manat borcu vardır.
İşin faktiki halları
10. İddiaçı ASC (Ləğv Prosesindədir) ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 120.LN.1676.200819.00001 nömrəli kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və Cavabdeh2 ilə bank arasında Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək, kredit müqaviləsinin Cavabdeh1 ilə bağlanıldığını və kredit vəsaitini də onun götürdüyünü bildirərək həmin kredit borcunu ödəməyə maddi imkanı olmadığı qeyd edir. Digər Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh1 təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iş üzrə digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsı mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zamindən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 57.90 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3665.26 manat əsas borc, 4.55 manat faiz borcu olmaqla 3669.81 manat pul vəsaiti və iş üzrə ödənilmiş 57.90 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3665.26 manat əsas borc, 4.55 manat faiz borcu olmaqla 3669.81 manat pul vəsaiti və iş üzrə ödənilmiş 57.90 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.