Məhkəmə qərarları › İş №e-2(010)-3693/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3693/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3693/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı “X2 LTD. ŞTİ” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Dərman pereparatlarının alqı-satqısına görə Cavabdeh ödənilməmiş 25000 (iyirmi beş min) manat pulun tutularaq “X2 LTD. ŞTİ” MMC-yə ödənilməsi. İddia tələbinin dəlilləri “X2 LTD. ŞTİ” MMC ilə Cavabdeh oğlıı arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh şirkətdə satış üzrə nümayəndə vəzifəsində müddətli olaraq işə başlamışdır. Cavabdeh ilə şirkət arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh əmək funksiyası dərman pereparatlarını tibb müəssisələrində təbliğ etmək, həkimlərə təqdim etmək, məhsula tələbat yaratmaq və onun satışını təşkil etmək, bölgə daxilində apteklərdə pcreparatların olmasına nəzarət etmək, gündəlik tibb müəssisələri və aptekləri ziyarət etmək, aparıcı tibb mütəxəssisləri ilə işgüzar görüşlər keçirmək və onlarla əlaqələr yaratmaqdan ibarət olmuşdur. Cavabdehin əmək funksiyasına dair əlavə hcçbir dəyişiklik edilməmiş və ona öz vəzifələri izah edilmişdir. Cavabdehin MMC ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən öz təşəbbüsü ilə xx.xx.2023-cii il tarixdə 08/23 saylı əmr əsasında xitam verilmişdir. Cavabdeh şirkətdən dərman pereparatları almış və digər şəxslərə satışını həyata keçirmişdir. Məsələ araşdırılmış və məlum olmuşdur ki, cavabdehin “X2 LTD. ŞTİ” MMC-yə 25000 (iyirmi beş min) AZN məbləğində borcu yaranmışdır. Cavabdeh qaiməsiz olaraq 25000 manat dəyərində olan malı şirkətdən götürmüş və digər obyektlərə və fiziki şəxslərə satmışdır. Nəticədə işçi ilə şirkət arasında yazılı olmayan alqı-satqı müqaviləsi mövcud olmuş və cavabdehin şirkətə qeyd edilən miqdarda borcu yaranmışdır. Cavabdehə borcunu ödəməsi üçün müəyyən vaxt verilmiş, lakin o, müəyyənləşdirilmiş müddətin ötməsinə baxmayaraq öz öhdəliyini lazımi qaydada icra etməmişdir. Hal-hazırda Cavabdeh iddiaçıya 25000 (iyirmi beş min) manat ödənilməmiş pul borcu qalmışdır. Cavabdeh öz öhdəliyini lazımi qaydada icra etmədiyi üçün iddiaçı çıxılmaz vəziyyətdə qalmışdır. Hal-hazırda borclu dərman percparatlarının dəyəri olan pulu ödəməməklə öhdəliklərini vaxtlı- vaxtında icra etmir. Bu isə 25000 manatlıq dərman pereparatlarını təhvil vermiş iddiaçının iqtisadi müstəqilliyinə maneəçilik törədir. Tələb hüququ olan pul məbləğini mal alandan ala bilmədiyi üçün satıcının iqtisadi vəziyyəti pisləşir. Bu zəmində alqı-satqı müqaviləsinin ləğvi tələbini qoymaqla satıcının cavabdehdən borcun ödənilməmiş hissəsinə münasibətdə 25000 (iyirmi beş min) manat pulu tələb etmək hüququ vardır. Hal-hazırda Cavabdeh borcunu ödəməkdən imtina edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdən “X2 LTD. ŞTİ” MMC-yə “tibbi nümayəndə” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının iddia tələbi əsassızdır. O, iddiaçı şirkətə məxsus 8000 manat dəyərində stomatoloji malları müxtəlif diş texniklərinə qaiməsiz olaraq vermişdir. Həmin diş texnikləri də bu faktı təsdiq edirlər, lakin işləri rəsmi olmadığı üçün bunu yazılı olaraq təsdiq edə bilmirlər, lakin hər birinin şirkətə borcu olduğunu bilirlər. İddiaçı şirkətə həmin texniklərin adları bildirilmişdir. Şirkətin həmin texniklər barədə məlumatları var. Bakı şəhəri üzrə həmin texniklərin sayı təxmini 4000-dir. Lakin şirkətə borclu olanların sayı 10-12 nəfərdir. Həmin texniklər qeyri-leqal işləyirlər, həmin borc məbləğini maddi vəziyyətləri ilə əlaqədar ödəyə bilmədiklərini, lakin tez bir zamanda ödəyəcəklərini bildirirlər. Texniklər həmin məbləği ödəmədiyindən o, şirkət yanında borclu qalmışdır. Lakin yenə də iddiaçı şirkət onun barəsində məhkəmədə iddia qalmışdır. İddiaçı şirkət onu xx.xx.2023-cü ildən işdən çıxarsa da, onun əmək kitabçasını ona qaytarmamışlar. Bu səbəbdən də o, işə düzələ bilmir. O, iddiaçıya 8000 (səkkiz min) manat məbləğində borcu olduğunu etiraf edir. İş materialları Əmək müqaviləsi (kontraktı)ndən görünür ki, “X2 LTD. ŞTİ” MMC ilə işçi Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən İşçi “X2 LTD. ŞTİ” MMC-də tibbi nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. İşçi üçün sınaq müddəti müəyyən edilməmiş və işçi xx.xx.2022-ci il tarixindən işə başlayır. İşçiyə hər ay ştat cədvəlinə uyğun olaraq 900 manat əmək haqqı ödənilir. “X2 LTD. ŞTİ” MMC-nin xx.xx.2023-cü il tarixli 08/23 saylı əmrdən görünür ki, "asfarma" bölməsində "Tibbi nümayəndə" vəzifəsində işləyən "Cavabdeh Əli oğlu" haqqında aşağıdakı səbəb(-ləri) nəzərə alaraq, İşçinin öz təşəbbüsü ilə bir ay öncədən işdən ayrılma ərizəsinə əsasən əmr etmişdir: "asfarma" bölməsində "Tibbi nümayəndə" vəzifəsində işləyən Cavabdeh Əli oğlu ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 69. "7" - İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023 tarixindən xitam verilmiş, işçinin xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 5.9 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmiş, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, Sadıxov X1 şirkətində dental sektorunda işləmiş, diş texnikləri ilə çalışmışdır. Onlara texniki stamotoloji mallar satmışdır. Qaiməsiz verdiyi üçün 8000 manat bu günə kəsiri yaranıb. Bu borcu qısa zamanda bağlayacağına dair kağıza imza etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh oğlu əmək mübahisəsi üzrə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları “X2 LTD. ŞTİ” MMC ilə işçi Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə görə işçi Cavabdeh dərman preparatlarını tibb müəssisələrində təbliğ etmək, həkimlərə təqdim etmək, məhsula tələbat yaratmaq və onun satışını təşkil etmək, bölgə daxilində apteklərdə preparatların olmasına nəzarət etmək, gündəlik tibbi müəssisələri və aptekləri ziyarət etmək, aparıcı tibb mütəxəssisləri ilə işgüzar görüşlər keçirmək və onlarla əlaqələr yaratmaq kimi əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Hazırda iddiaçı işçisi olmuş Cavabdeh Cəmiyyətə vurulmuş 25000 manat məbləğində zərərin ödənilməsini istəyir və iddiasını onunla əsaslandırır ki, Cavabdeh şirkətə məxsus stomatoloji malları şirkətdən götürmüş, lakin mallardan gələn vəsaiti Cəmiyyətə geri verməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, onda iddia edildiyi kimi 25000 manat məbləğində deyil, cəmi 8000 manat məbləğində şirkətə məxsus mal olmuş, o, isə həmin malları müxtəlif texniklərə vermiş, lakin onlardan malların dəyərini ala bilməmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublilkasının Əmək Məcəlləsi: 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

199. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: 202.1 İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, “X2 LTD. ŞTİ” MMC ilə işçi Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə görə işçi Cavabdeh dərman preparatlarını tibb müəssisələrində təbliğ etmək, həkimlərə təqdim etmək, məhsula tələbat yaratmaq və onun satışını təşkil etmək, bölgə daxilində apteklərdə preparatların olmasına nəzarət etmək, gündəlik tibbi müəssisələri və aptekləri ziyarət etmək, aparıcı tibb mütəxəssisləri ilə işgüzar görüşlər keçirmək və onlarla əlaqələr yaratmaq kimi əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Hazırda iddiaçı işçisi olmuş Cavabdeh Cəmiyyətə vurulmuş 25000 manat məbləğində zərərin ödənilməsini istəyir və iddiasını onunla əsaslandırır ki, Cavabdeh əmək funksiyalarından irəli gələrək şirkətə məxsus stomatoloji malları həkimlərə təqdim etmək, məhsula tələbat yaratmaq və onun satışını təşkil etmək üçün şirkətdən götürmüş, lakin nə həmin malların dəyərini, nə də həmin malları Cəmiyyətə geri qaytarmamışdır. Cavabdeh isə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, onda iddia edildiyi kimi 25000 manat məbləğində deyil, cəmi 8000 manat məbləğində şirkətə məxsus mal olmuş, o, isə həmin malları müxtəlif texniklərə vermiş, lakin onlardan malların dəyərini ala bilməmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçıya məxsus 8000 manat dəyərində stomatoloji malların şirkət tərəfindən ona təhvil verilməsi faktını etiraf edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan Cavabdeh iddiaçıya məxsus 8000 manat dəyərində stomatoloji malların şirkət tərəfindən ona təhvil verilməsi faktı cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında etiraf olunduğundan iddiaçı həmin halı bu hissədə sübut etmək vəzifəsindən azaddır. Məhkəmə hesab edir ki, bu halın cavabdeh tərəfindən etiraf olunması həmin halın mövcudluğuna dair məhkəmə araşdırmasının zəruriliyini istisna edir. Məhkəmə belə qənaətə gəlir ki, həmin halın mövcudluğu mübahisəsizdir. Məhkəmə vurğulayır ki, cavabdeh iddiaçıya məxsus 8000 manat dəyərində stomatoloji malları müxtəlif texniklərə çatdırdığından ona qarşı qaldırılmış iddianın əsassız olduğunu hesab etsə də, bu halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri və istinad edilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş 8000 manat məbləğində zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının iddia etdiyi yerdə qalan 17000 manat məbləğində zərərin ödənilməsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında vurğulanır ki, “İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.” Beləliklə, hazırki işdə iddiaçı Cəmiyyət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında vurğulanmış prosedur qaydalara əməl etməsini və yoxlamanın nəticələrini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən etiraf edilməyən 17000 manat məbləğində zərərə münasibətdə iddia təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən vurulmuş zərərə görə 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X2 LTD. ŞTİ” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar