Məhkəmə qərarları › İş №e-2(010)-3711/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3711/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3711/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağladıqları “Kredit müqaviləsi“ üzrə cavabdeh tərəfindən ödənilməmiş 5100 (beş min yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödədiyi 70 manat məbləğində pulun Cavabdeh tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı (İddiaçı) daha sonra iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən cavabdehlə xx.xx.2023-cü il tarixdə bağladıqları “Kredit müqaviləsi” üzrə cavabdeh tərəfindən ödənilməmiş 5100 (beş min yüz) manat pulun, həmin pul vəsaitinin məbləğindən 1848,75 manat faizə görə pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödədiyi 70 manat pulun cavabdehdən onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən onun tərəfindən Cavabdeh 5100 (beş min yüz) manat pul vəsaiti notariusun depozit hesabı vasitəsilə borc verilmişdir. Cavabdeh həmin məbləği, yəni 5100 (beş min yüz) manat pul vəsaitini ona xx.xx.2024-cü il tarixinədək notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtdan 113 gün keçsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni ona (İddiaçı) borclu olduğu 5100 manat pul vəsaitini qaytarmamışdır. Bununla da, tərəflər arasında bağlanmış müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2023-cü il tarixində “kredit müqaviləsi” bağlamışdır. Həmin sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh Rövşənovaya 5100 (beş min yüz) manat borc verilmişdir. Həmin sazişə əsasən müəyyən edilmiş borcun qaytarılma müddəti xx.xx.2024-cü il tarixində başa çatmışdır. Lakin həmin vaxtdan müəyyən müddət keçsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə cavabdehə bununla bağlı olaraq xəbərdarlıq olunmasına baxmayaraq,o götürdüyü məbləği verməkdən imtina etmişdir. Buna görə də müqavilədə nəzərdə tutulduğu vaxtda pul vəsaiti geri qaytarılmadığından iddiaçı 5 ay üçün illik 7.25% hesablanmaqla 1848,75 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmək arzusunda olduğunu bildirməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. 10 avqust 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqviləsinə əsasən, “Borc verən” İddiaçı 5100 manat (beş min yüz) məbləğində pul vəsaitini, “Borc alan” Cavabdeh vermişdir. “Borc alan” Cavabdeh isə pul vəsaitini “Borc verənə” xx.xx.2024 tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.

7. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən Cavabdeh ünvanlanan Pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 5100 AZN məbləğində borcunu 10 (on) gün ərzində ödənilməsini tələb etmişdir.

İşin faktiki halları.

8. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən borcverən 5100 manat pul vəsaitini Cavabdeh vermişdir. Cavabdeh isə həmin borcu xx.xx.2024 müddətinə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilədə nəzərdə tutulduğu vaxtda pul vəsaiti geri qaytarılmadığından iddiaçı 5 ay üçün illik 7.25% hesablanmaqla 1848,75 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

10 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

11. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarı

Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

14. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən borcverən 5100 manat pul vəsaitini xx.xx.2024-cü il tarixədək borcalana verməyi və borcalan həmin borcu xx.xx.2024-cü il tarixdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

15. İddiaçı tərəf müqavilə və ona əlavə olunmuş sənədləri təqdim edərək tərəflər arasında real olaraq borc müqaviləsi bağlandığını, həmin pulu müqavilədə nəzərdə tutulmuş qaydada borcalana verdiyini və həmin borcun cavabdeh tərəfindən ona qaytarılmadığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

16. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

17. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İddiaçı tərəf məhkəməyə cavabdehlə onun arasında bağlanmış borc müqaviləsi təqdim etmiş, hər iki tərəf həmin borc müqaviləsinin tərəflər arasında bağlandığını və pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və xx.xx.2024-cü il tarixinə kimi qaytarılması şərti ilə bağlı öz iradə ifadəsini bildirmişlər və əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu şərtinə əməl etmişlər. Lakin cavabdeh tərəf müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş və öhdəliyin icra olunması ilə bağlı hər hansı sübutunu və etirazını məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən həmin borcun qaytarılma müddəti və qaydası barədə tərəflər razılıq əldə etsələr də, həmin kredit müqaviləsi üzrə müddət bitdikdən sonra öhdəliyin icra olunmaması halı iddiaçıya məlum olmuş, bununla bağlı o tərəfə xəbərdarlıq edərək kredit müqaviləsi üzrə borcun xx.xx.2024-cü il tarixinə kimi iddiaçıya qaytarılması halı baş tutmadığından iddiaçı məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Lakin göründüyü kimi cavabdeh tərəf pulun geri qaytarılması ilə bağlı heç tədbir görməmiş və nəticədə kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı tərəf 5100 manat pulun Milli Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə illik 7.25% hesablanmaqla 1848.75 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı hesablamada səhvə yol vermiş və məhkəmə hesab edir ki, 5100 manat pulun Milli Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə illik 7.25% hesablanmaqla 5 ay üçün (5100x7.25%=369.75:12x5) 154.06 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, əlavə faizlərin tutulması hissəsində iddia tələbi qismən təmin olunmalıdır.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

20. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 72,54 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5100 manat borc, 154.06 manat illik 7.25% uçot faiz dərəcəsi ilə hesablanmış pul vəsaiti və 72,54 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 5100 (beş min yüz) manat borc və 154.06 (bir yüz əlli dörd manat, altı qəpik) manat illik 7.25% uçot faiz dərəcəsi ilə hesablanmış pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 72.54 (yetmiş iki manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar