Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3715/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə kreditin əsas borcu üzrə 24227 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 4263.64 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 29490.64 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 178.48 manat məbləğində kredit borcunun tutulması, tələbin Cavabdeh ona məxsus TOYOTA LAND- CRUİSER MİNİK markalı, buraxılış ili 2012-ci il olan, JTMHU09J2C4061298 saylı ban nömrəli, dövlət qeydiyyat nişanı 10DV444 olan, ağ mirvari rəngli nəqliyyat vasitəsinə yönəldilməsi və həmin nəqliyyat vasitəsinin açıq hərracda satılaraq Cavabdeh cəmi 29490.64 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 178.48 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tariхli, 2022/00338- 01AK №-li krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. 28 noyabr 2022-ci il tariхli, 2022/00338-01AK №-li krеdit müqaviləsinin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tariхli, 2022/00338-01AK №-li girov müqaviləsinə əsasən, Cavabdeh ona məxsus TOYOTA LAND-CRUİSER MİNİK markalı, buraxılış ili 2012-ci il olan, JTMHU09J2C4061298 saylı ban nömrəli, dövlət qeydiyyat nişanı 10DV444 olan, ağ mirvari rəngli nəqliyyat vasitəsini girov qoymuşdur. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Qaimədən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin, göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında bağlanmış xx.xx.2022cu il tarixli, 2022/00338-01 AK nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.6-cı bəndinə görə, gecikdirilmiş borc yarandıqda borcalan borcverənə hər gecikdirilmiş gün üçün götürülmüş kreditin 0,1% miqdarında dəbbə (penya) pulu ödəyir. Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli girov müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan TOYOTA LAND-CRUİSER MİNİK markalı, buraxılış ili 2012-ci il olan, JTMHU09J2C4061298 saylı ban nömrəli, dövlət qeydiyyat nişanı 10DV444 olan, ağ mirvari rəngli nəqliyyat vasitəsini girov qoymuşdur. 2022/00338-01AK saylı müqavilənin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 1485 manat ödəniş etmiş, ondan 773 manat əsas, 712 manat isə faiz məbləğinə hesablanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 1.397,8 manat ödəniş etməlidir. xx.xx.2023-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh iddiaçıya qalıq borc üzrə: kreditə görə 24227 manat, faiz borcu 4263,64 manat, dəbbə borcu 1000 manat, cəmi 29490,64 manat təşkil edir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 10 gün müddətinə borcunu ödəmədiyi təqdirdə, kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması tələbin ipoteka predmetinə yönəldilməsi barədə məlumat verilmişdir. Tətbiq edilən hüquq. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur…. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 280. Girov müqaviləsi 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 307. İpoteka müqaviləsi 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.... Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər... Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tariхli, 2022/00338- 01AK nömrəli krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehə bildiriş göndərməklə kredit müqaviləsini ləğv edib və əsas borc məbləğinə faizləri ləğv etmə tarixinədək hesablayıb. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmin müqavilənin təminatı kimi cavabdehə məxsus avtomobil girova qoyulmuş, tərəflər arasında yazılı girov müqaviləsi bağlanmışdır. Lakin, məhkəmə yuxarıda sadalanmış qanunvericiliyin müddəalarına əsaslanaraq, iddia tələbinin tutmanın girov predmeti olan avomobilə yönəldilməsi hissəsini əsaslı saymır. Belə ki, cavabdehə məxsus avtomobil girova qoyularkan, tərəflər rasında sadə yazılı formada girov müqaviləsi deyil, notarial qaydasında təsdiqlənmiş ipoteka müqaviləsi bağlanmalı idi. Bildiyimiz kimi, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır, ipoteka isə daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Avtomobil - rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyadır. Daşınar əmlakın ipotekası haqqında müqavilə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalı, ipoteka müqaviləsində isə ipoteka verənin hüququnun qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsi ilə bağlı qanunvericiliyini bu normaları imperativ xarakter daşıdığından, tərəflər öz aralarında onları dəyişdirə bilməzlər. Bununla da məhkəmə elə nəticəyə gəlir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıldığından, iddiaçı və cavabdeh arasında bağlanmış girov müqaviləsi etibarsız müqavilədir və hüquqi nəticələr doğurmur. Lakin, girov müqaviləsi əlavə müqavilə olduğundan, əsas kredit müqaviləsinə onun etibarsızlığın təsiri yoxdur. Bağlanmış kredit müqaviləsi tam etibarlı bir müqavilədir. Beləliklə də, İddiaçı BOKT ASC-nin tələblərinin ödənilməsi üçün tutmanı məhz girov qoyulmuş əşyaya yönəldilə bilməz. Məhkəmə iddianın 1000 manat dəbbə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə ilə dəbbə pulu razılaşdırılmış, lakin cavabdehə hesablanmış cərimə borcu yüksək olduğundan azaldılmalıdır. Belə ki, cavabdeh 2023-cü ilin mart ayından ödənişi həyata keçirmir. İddia ərizəsində qeyd olunan 1000 manat cərimə tənasübsüz yüksəkdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cərimə 100 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə elə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 noyabr 2022-ci il tariхli, 2022/00338-01AK nömrəli krеdit müqaviləsinə əsasən, 24227 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 4263.64 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat məbləğində dəbbə pulu, cəmi 28590,64 manat borc tutularaq, İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 175,77 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 noyabr 2022-ci il tariхli, 2022/00338-01AK nömrəli krеdit müqaviləsinə əsasən, 24227 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 4263.64 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat məbləğində dəbbə pulu, cəmi 28590,64 manat borc və dövlət rüsumu kimi ödənilmiş 175,77 manat məbləğində pul tutularaq, İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3715/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3715/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver