Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3716/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı - İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə ECK5733385 nömrəli və ECK5793271 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5733385 nömrəli müqavilə üzrə 1790 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizoru alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. ECK5793271 nömrəli müqavilə üzrə 1754 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizoru alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı ECK5733385 nömrəli müqavilə üzrə 150 manat ilkin ödəniş olmaqla, qalan 1640 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 20 ay müddətinə, aylıq 82 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5793271 nömrəli müqavilə üzrə 170 manat ilkin ödəniş olmaqla, qalan 1584 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 66 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5733385 nömrəli müqavilə üzrə 795 manat əsas, 238 manat dəbbə pulu olmaqla, 1033 manat və ECK5793271 nömrəli müqavilə üzrə 1163 manat əsas, 348 manat dəbbə pulu olmaqla, 1511 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5733385 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 25 manat ödəniş və ECK5793271 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 25 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.
İddiaçının tələbi:
2. Cavabdeh xx.xx.2019-cu il tarixli, ECK5733385 nömrəli müqavilə üzrə 795 manat əsas, 238 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, ECK5793271 nömrəli müqavilə üzrə 1163 manat əsas, 348 manat dəbbə pulu və 46 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2590 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
İş materialları.
4. xx.xx.2019-cu il tarixli, ECK5733385 saylı müqaviləyə əsasən İddiaçı – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1790 manat olan Samsung LED TV hər ay 82 manat ödəmək şərti ilə 20 ay müddətinə nisyə satılmışdır.
5. xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən İddiaçı – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1754 manat olan Samsung LED TV hər ay 66 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır.
6. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində hər ay 82 manat ödəməklə borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
7. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində hər ay 66 manat ödəməklə borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
8. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 795 manat ödənilməmiş hissə, 238 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1163 manat ödənilməmiş hissə, 348 manat cərimə borcu vardır.
9. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
10. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs olan iddiaçı alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
15. Məhkəmə hesab edir ki, iddianın xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimənin tutulması hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən 20 manat məbləğində cərimə tutulmalı; iddianın xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimənin tutulması hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən 30 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 795 manat ödənilməmiş əsas məbləğ, 20 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1163 manat ödənilməmiş hissə, 30 manat cərimə məbləğində borc tutulmalıdır.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 795 manat ödənilməmiş əsas məbləğ, 20 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1163 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, cəmi 2008 manat məbləğində pul və 46 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 795 manat ödənilməmiş hissə və 20 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1163 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, cəmi 2008 (iki min səkkiz) manat məbləğində pul vəsaiti və 46 (qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.