Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3741/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 4898.65 manat əsas, 306.98 manat faiz, 64 manat cərimə olmaqla, cəmi 5269 manat və ödənilmiş 73 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0003664-2022 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 48 ay müddətinə, illik 25% ödəmək şərtilə 5780 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh bağlanmış xx.xx.2022-ci il tarixli HO0003664-2022 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdar edilməsinə baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Hazırda xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-yə 4898.65 manat əsas, 306.98 manat faiz, 64 manat cərimə olmaqla, cəmi 5269 manat kredit borcu qalmaqdadır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək, iddianı qəbul etdiyini bildirmişdir. İş materialları.
5. "xxxx" MMC (Borc verən) və Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0003664-2022 nömrəli çərçivə kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Borc verən 60 ay müddətində (xx.xx.2027-ci il tarixədək) 5780 manat məbləğində bərpa olunan kredit xəttini Borc alana verir. Borc alan isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, Borc verənin xidmət haqlarını ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə təqdim ediləcək kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsi 48%-dən çox, ayrılmış hər kredit tranşının müddəti 60 aydan çox ola bilməz.
6. xx.xx.2022-ci il tarixli, HO0003664-2022 nömrəli çərçivə kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 48 ay müddətinə verilmiş 5780 manat məbləğində kreditin xx.xx.2022 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 189.72 manat (sonuncu ay 189.95 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə olan əsas borcu 4898.65 manat, faiz borcu 306.35 manat, cərimə borcu 64 manat, cəmi 5269 manat məbləğində borcu var.
İşin faktiki halları.
8. "xxxx" MMC (Borc verən) və Cavabdeh (Borc alan) arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borc verən Borc alana 60 ay müddətinə, illik 25% ödəmək şərtilə 5780 məbləğində kredit verməyi, Borc alan isə götürdüyü krediti, müqavilə ilə müəyyən edilmiş qaydada Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
11. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC-dən 5780 manat məbləğində kredit götürmüş, həmin krediti aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından belə görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Öz növbəsində cavabdeh də iddianı etiraf edərək, bu halı təsdiqləmişdir.
12. Yuxarıda (§ 10) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
13. Məhkəmə, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlandığını, bu müqavilənin yalnız tərəflər üçün hüquq və vəzifələr yaratdığını, hazırkı mübahisənin məhz həmin müqavilədən qaynaqlandığını, dolayısı ilə cavabdeh tərəfindən edilmiş etirafın yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı qəbul edir.
14. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 4898.65 manat əsas borc, 305.35 manat faiz borcu və 64 manat cərimə olmaqla, cəmi 5269 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
15. Bu hissədə məhkəmə qeyd edir ki, iddia tələbində cavabdehdən tələb edilən faiz borcu 306.98 manat məbləğində göstərilsə də, iş materiallarında olan maliyyə arayışda faiz borcunun 306.35 manat məbləğində olduğu qeyd edilmişdir. Məhkəmə, tələb edilən ümumi borc məbləğinin (5269 manat) maliyyə arayışındakı ümumi borc məbləği ilə (5269 manat) eyni olmasını nəzərə alaraq, iddia tələbindəki faiz borcunun texniki səhv nəticəsində maliyyə arayışdan fərqli göstərildiyi nəticəsinə gəlir və iddianın maliyyə arayışında göstərildiyi, eləcə də iddia tələbindəki ümumi borc məbləğinə uyğun olaraq tam təmin edilməsi nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
17. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4898.65 manat əsas borc, 306.35 manat faiz borcu, 64 manat cərimə olmaqla, cəmi 5269 manat məbləğində borc və 73 manat məbləğində dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 4898.65 manat (dörd min səkkiz yüz doxsan səkkiz manat altmış beş qəpik) əsas borc, 306.35 manat (üç yüz altı manat otuz beş qəpik) faiz borcu, 64 (altmış dörd) manat cərimə olmaqla, cəmi 5269 (beş min iki yüz altmış doqquz) manat məbləğində borc və 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva