Məhkəmə qərarları › İş №e-2(010)-3748/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3748/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3748/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 5 may 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8483,13 manat, faiz borcuna görə 385,66 manat, dəbbə borcuna görə 615,42 manat, cəmi 9484,21 manat məbləğində pulun və 114,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 5 may 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsinə əsasən, illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 11500 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3, 2.4 bəndləri). 5 may 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 5 May 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dan gec olmayaraq hər ay 393,05 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 5 may 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 8483,13 manat, faiz borcuna görə 385,66 manat, dəbbə borcuna görə 615,42 manat, borcun cəmi məbləği 9484,21 manat təşkil edir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SHNPU-09868 saylı müqavilə üzrə 31 iyul 2023-cü il tarixinə 8483,13 manat əsas borc, 385,66 manat faiz borcu, 615,42 manat cərimə borcu vardır. Cəmi borcun məbləği 9484,21 manatdır. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış SHNPU-09868 nömrəli 05 may 2022-ci il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə lokal kartla kredit razılaşmasından+ görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 14 % dərəcəsi ilə 11500 manat məbləğində kredit verilmişdir. 3.2.1-ci bəndindən görünür ki, müştəri qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən başlayaraq- bank müştəridən kredit götürülməsinə dair müvafiq razılaşma və ya SMS-lə təsdiq olunmuş razılaşma üzrə gecikdirilmiş məbləğin 1,0 faizi həcmində dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. 3.2.2-ci bəndində Müştəri qrafik üzrə ödənişi gecikdirərsə , 1-ci gecikmə günündən 11-ci gecikmə gününədək Bank Müştəridən kredit götürülməsinə dair Müvafiq Razılaşma və ya SMS-lə təsdiq olunmuş gecikdirilmiş məbləğin 0,1 faizi həcmində 11ci gecikmə günündən başlayaraq annuitet ödənişi üzrə gecikdirilmiş 1.0 faizi həcmində dəbbə pulu(cərimə) ödənilməsi tələb edilə bilrə.3.2.3-cü bəndində Dəbbə (cəirmə) kreit məbləğinin 20faizindən çox olmamaq şərt ilə hesablana bilər. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış SHNPU-09868 nömrəli 05 may 2022-ci il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə lokal kartla kredit limitinin ayrılması razılaşmasından görünür ki, ona 60 ay müddətinə, illik 29 % dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. 3.2.1-ci bəndindən görünür ki, müştəri qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən başlayaraq- bank müştəridən kredit götürülməsinə dair müvafiq razılaşma və ya SMS-lə təsdiq olunmuş razılaşma üzrə gecikdirilmiş məbləğin 1,0 faizi həcmində dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. PKİD-6 saylı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 05 may 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 gün müddətində ödəməyəcəyi təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 393,07 manat ödəniş etməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İlk növbədə məhkəmə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə, illik 14 % dərəcəsi ilə 11500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın 615,42 manat dəbbə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə hesablanmış cərimə borcu azaldılmalıdır. Belə ki, cavabdeh 2023-ci ilin mart-aprel aylarından ödənişlər həyata keçirmir. İddia ərizəsində qeyd olunan 615,42 manat cərimə cavabdeh tərəfdən ödənilməmiş məbləğin ortalama ilə 7,7 % təşkil edir. Bu isə 6 ay üçün tənasübsüz yüksək faizdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cərimə 50 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə elə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8483,13 manat, faiz borcuna görə 385,66 manat, cərimə isə 50 manat, cəmi 8918,79 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 109,2 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5 may 2022-ci il tarixli, SHNPU-09868 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8483,13 manat, faiz borcuna görə 385,66 manat, dəbbə borcuna görə 50 manat, cəmi 8918,79 manat məbləğində pulun və 109,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar