Məhkəmə qərarları › İş №e-2(010)-375/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-375/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-375/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə, müəyyən etdi İddia tələbi

1. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********49947 İPHONE 13 PRO MAX markalı telefon, HUAWEİ WATCH FİT QOL SAATİ, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO MAX CASE üçün 3696.98 manat ödənilməmiş hissə, 369.02 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********77051 SAMSUNG GALAXY A52 markalı telefon üçün 610.50 manat ödənilməmiş hissə, 61.50 manat cərimə pulu, ümumilikdə 4738 manat borc, 67.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022cu il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********49947 İPHONE 13 PRO MAX markalı telefon, HUAWEİ WATCH FİT QOL SAATİ, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO MAX CASE , İMEİ KOD **********77051 SAMSUNG GALAXY A52 markalı telefon almış və nəticədə 4738 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4186.98 manat (18 ay x 232.61 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********49947 İPHONE 13 PRO MAX markalı telefon, HUAWEİ WATCH FİT QOL SAATİ, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO MAX CASE üçün ümumilikdə, 4066 manat olmaqla, ondan 3696.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 369.02 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 916.2 manat (18 ay x 50.9 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********77051 SAMSUNG GALAXYA 52 markalı telefon üçün ümumilikdə, 672 manat olmaqla, ondan 610.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 795.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-cu il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşin faktiki halları

3. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın alış qiyməti 913.60 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 50.90 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmişdir.

4. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 03311894 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın alış qiyməti 4187 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 232.61 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.

5. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə müqavilələr üzrə cavabdehin 4307.48 manat əsas borcu, 430.52 manat cərimə borcu, ümumilikdə 4738 manat borcu müəyyən edilmişdir.

Tərəflərin izahatları

6. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər

8. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə və ona edilən əlavəyə əsasən İMEİ KOD **********77051 SAMSUNG GALAXY A52 markalı telefon üçün Cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 50.90 manat, cəmi 913.60 manat ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh ******* saylı müqaviləyə əsasən malı tam qüsursuz halda təhvil almışdır.

10. xx.xx.2022-ci il tarixli, 03311894 saylı müqavilə və ona edilən əlavəyə əsasən İMEİ KOD **********49947 İPHONE 13 PRO MAX markalı telefon, HUAWEİ WATCH FİT QOL SAATİ, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO MAX CASE üçün Cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 232.61 manat, cəmi 4187 manat ödəməyi öhdəsinə götürmüşdür.

11. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 03311894 saylı müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır

12. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərə əsasən, müqavilələrin bütün şərtləri tam yerinə yetirilənədək əşyalar İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

13. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə Cavabdeh 4738 manat borcu vardır.

14. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi

18. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir.

19. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəlləri ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır.

20. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir.

21. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

22. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu ( cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

24. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azaqlıqlarının müdafiəsi haqqında Konvensiyanın ( Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 61.5 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 369.02 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat hesablanmaqla ödənilməlidir.

26. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır, yəni iddianın təmin olunan hissəsinə münasibətdə iddiaçıya ödənilməlidir.Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63.22 manatı cavabdehə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

29. Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 610.50 manat ödənilməmiş məbləğ, 5 manat cərimə məbləği; xx.xx.2022-ci il tarixli, 03311894 saylı müqavilə üzrə 3696.98 manat ödənilməmiş məbləğ, 10 manat cərimə məbləği, cəmi 4.322.48 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63.22 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

30. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 610.50 manat ödənilməmiş məbləğ, 5 manat cərimə məbləği; xx.xx.2022-ci il tarixli, 03311894 saylı müqavilə üzrə 3696.98 manat ödənilməmiş məbləğ, 10 manat cərimə məbləği, cəmi 4.322.48 (dörd min üç yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63.22 (altmış üç manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar