Məhkəmə qərarları › İş №e-2(010)-3754/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3754/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3754/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ”Rabitəbank” ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən borclu Ələsgərov Taleh Müseyib oğlunun vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, NZNPU-06179 saylı kredit müqaviləsi üzrə 2221 manat əsas, 41.58 manat faiz, 11.76 manat cərimə olmaqla, cəmi 2274.34 manat və dövlət rüsumu olaraq ödənilmiş 42.75 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami fillialı ilə borclu Ələsgərov Taleh Müseyib oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NZNPU-06179 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla, 36 ay müddətinə, 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə və onlara əlavə olan ödəniş cədvəlinə əsasən borclu həmin məbləği və ona hesablanmış faizi hər ayın 7-dən gec olmamaq şərti ilə ödəməli idi. Lakin, borclu Ələsgərov Taleh Müseyib oğlu kredit ödənişlərini vaxtlı-vaxtında edə bilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, borclu Ələsgərov Taleh Müseyib oğlu vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən, Ələsgərov Taleh Müseyib oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Ələsgərov Taleh Müseyib oğlunun xx.xx.2022ci il tarixdə öldüyünü nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2021-ci l tarixli, NZNPU-06179 saylı kredit müqaviləsinə görə borcu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edilir. Bu, borclunun vərəsəsi – Cavabdehdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC (Borc verən) və Ələsgərov Taleh Müseyib oğlu (Borc alan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış NZNPU-06179 nömrəli kredit müqaviləsindən görünür ki, “Borc verən” bu müqavilənin şərtləri daxilində “Borc alan”a şəxsi istehlak məqsədilə, 3000 manat məbləğində kredit verməyi, “Borc alan” isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə uyğun olaraq “Borc verən”ə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli NZNPU-06179 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2021 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 105.47 manat (sonuncu ay 104.45 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Ələsgərov Taleh Müseyib oğluna bankın kassasından 3000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2024-cü il tarixli, RB-02/PK-3065 nömrəli maliyyə arayışından görünür ki, borclu Ələsgərov Taleh Müseyib oğlunun (vərəsəsi Cavabdeh) xx.xx.2021-ci il tarixli, NZNPU-06179 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 2221 manat əsas borc, 41.58 manat faiz borcu və 11.76 manat cərimə borcu olmaqla, ümumilikdə 2274.34 manat məbləğində borcu vardır. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 286090 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Ələsgərov Taleh Müseyib oğlu xx.xx.2022-ci il tarixdə “dəqiqləşdirilməmiş ürək çatışmazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 995 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Ələsgərov Taleh Müseyib oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən, **********15-10301 reyestr və ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda döngəsində istifadədə olan 0.0098 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 73.50 kv.m olan, 8b saylı fərdi yaşayış evinin mərhum Ələsgərov Taleh Müseyib oğluna məxsus ½ hissəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, borclu Ələsgərov Taleh Müseyib oğlunun vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, NZNPU-06179 saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə (2221 manat əsas borc, 41.58 manat faiz borcu və 11.76 manat cərimə borcu olmaqla, ümumilikdə 2274.34 manat) məlumat verilmiş və həmin borcun 3 (üç) iş günü müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki hallarından görünür ki, mərhum Ələsgərov Taleh Müseyib oölu İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə Cavabdeh isə mərhum borclunun vərəsəsidir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından görünür ki, Cavabdeh mərhum əri Taleh Ələsgərovdan miras əmlak kimi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda döngəsində istifadədə olan 0.0098 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 73.50 kv.m olan, 8b saylı fərdi yaşayış evinin mərhum Taleh Ələsgərova məxsus ½ hissəsini qəbul etmişdir. Odur ki, mərhum ərinin Bank qarşısında olan 2274.34 manat məbləğində əsas borcu onun vərəsəsi olan Cavabdeh tam həcmdə tutumalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, NZNPU-06179 saylı kredit müqaviləsi üzrə 2221 manat əsas, 41.58 manat faiz, 11.76 manat cərimə olmaqla, cəmi 2274.34 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Odur ki, ödənilmiş 42.75 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2221 manat əsas, 41.58 manat faiz, 11.76 manat cərimə olmaqla, cəmi 2274.34 manat məbləğində pul və 42.75 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2221 manat əsas borc, 41.58 manat faiz borcu və 11.76 manat cərimə olmaqla, cəmi 2274.34 (iki min iki yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pul və 42.75 (qırx iki manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar