Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-38/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 2019-cu il 01 iyun tarixli 03/00024370 nömrəli operativ lizinq müqaviləsinə əsasən 750,00 (yeddi yüz əlli) manat məbləğdə ödənilməmiş borcun və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 770,00 (yeddi yüz yetmiş) manat məbləğin Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ASC (əvvəlki "xxxx" ASC) ilə borclu Cavabdehoğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/00024370 nömrəli operativ lizinq müqavilələrinə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 03/00024370 nömrəli müqaviləyə əsasən 1500,00 (bir min beş yüz) manat öhdəlikdən 750,00 (yeddi yüz əlli) manat ödənilmiş, 750,00 (yeddi yüz əlli) manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal- hazırda müqavilə üzrə cəmi 750,00 (yeddi yüz əlli) manat borcu vardır. Lakin, borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilələrin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, cavabdeh ehtiyat hissələrini aldıqdan sonra lizinq müqaviləsi bağlanmışdır. Avadanlığın saz vəziyyətdə olması ilə bağlı akt tərtib edilib. Ondan sonra razılaşdırılmış qiymətlə tərəflər arasında müqavilə bağlanıb. İddiaçı ilə cavabdeh arasında təmir xərclərinin müqavilə qiymətindən çıxılacağı barədə heç bir razılaşma yoxdur. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, müqaviləni oğlu Cavabdeh bağlamışdır. Həmin kombaynı işə salmaq üçün onlara 1500 manat pul ayrılmışdır. Sezon qurtardı və sonra onlar maşını qaytarmışlar. O, müqavilə üzrə 750 manat ödəmişdir. Bundan başqa kombaynın təmiri üçün 335.36 manat və 485 manat vəsait xərcləmişdir. Onlara bildirilmişdir ki, kombaynın təmirini etsinlər, çəkilər xərc müqavilə qiymətindən çıxılacaq. Odur ki, iddiaçının iddiasının əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2019-cu il tarixli, 03/00024370 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC-nin Bərdə Regional Nümayəndəliyinin istifadəsində olan (31 Dekabr 2010-cu il tarixli, şərti9-ASL/10 №-li Aqroservis xidməti lizinq müqaviləsi, Cəmiyyətin 1 Yanvar 1- cu il tarixli, №-li Əmri) aşağıda göstərilən kənd təsərrüfatı texnikasını (60.000 manat dəyərində, Mühərrikin və şassinin (zavod) №-si 087877, 188164; buraxılış ili 2009 olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı 2019-cu il olan) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə 2 aylıq müddətə Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh texnikadan istifadəyə görə "xxxx" ASC-nə bu Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş şərtə uyğun olaraq bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (Əlavə 1) göstərilən məbləğdə və müddətdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Ödəniş qəbzlərindən müəyyən olunur ki, X2 Bəylər Əli oğlunun operativ lizinq müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 500.00 manat; xx.xx.2019-cu il tarixdə 250.00 manat və xx.xx.2019-cu il tarixdə 335,36 manat məbləğində ödəniş etmişdir. xx.xx.2019-cu il tarixli texniki vəziyyət haqqında aktdan görünür ki, buraxılış ili 2009 olan, mühərrikin 087877, şassinin №-si 188164; kombaynın mühərriki əsaslı təmir tələb edir. "xxxx" ASC –ti xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya ünvanlayaraq, 750.00 manat məbləğində vəsaitin qısa zaman ərzində ödəməsini xahiş edərək, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" ASC-nin Bərdə RN-nin direktoru vəzifəsini icra edən B.Cavadovun xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Cavabdeh 2019-cu ildə İddiaçı ASC Bərdə RN-ə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 03/00024370 №-li’ operativ lizinq müqaviləsi ilə Niva Effekt SK-5ME-1 markalı, şassi №188164, mühərrik №087877, buraxılış ili 2009-cu il olan taxıltığan kombaynı mövsümi icarəyə götürmüşdür. Götürən zaman kombaynın təmirə ehtiyacı olduğu üçün və Bərdə RN-də ehtiyac olan ehtiyat hissələri olmadığına görə öz hesabına nəğd şəkildə 485 (dörd yüz səksən beş) manatlıq ehtiyat hissəsi almış və kombaynı işlək vəziyyətə gətirmiş, biçində iştirak etmişdir. "xxxx" ASC-nin Bərdə RN-nin direktoru S.Rüstəmovun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 2019-cu ildə İddiaçı ASC Bərdə RN-ə müraciət edərək xx.xx.2019-cu il tarixli, 03/00024370 №-li operativ lizinq müqaviləsi ilə Niva Effekt SK-5ME-1 markalı, şassi №188164, mühərrik №087877, buraxılış ili 2009-cu il olan taxılyığan kombaynı mövsümi icarəyə götürmüşdür. Götürən zaman kombaynın təmirə ehtiyacı olduğu üçün və Bərdə RN-də ehtiyac olan bəzi ehtiyat hissələri olmadığına görə öz hesabına nəğd şəkildə 485 manatlıq ehtiyat hissəsi almış və kombaynı işlək vəziyyətə gətirmiş, biçində iştirak etmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə Kapital Bank ASC vasitəsilə Aqroservis ASC-nin (Aqrolizinq ASC-nin) bank hesabına Cavabdeh adına nəğd ödənilmiş 335,36 manat vəsaitlə Bərdə RN-dən ehtiyat hissələri alınmış və kombayna istifadə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Regional Nümayəndəlikləri və onun rayon bölmələri Cəmiyyətin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının bir hissəsini həyata keçirən hüquqi şəxs olmayan ayrıca struktur bölməsi olmaqla, əsas fəaliyyəti yerlərdə Cəmiyyətin siyasətini həyata keçirməkdən ibarətdir. Bu baxımdan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə Regional Nümayəndəliyinin Cəmiyyətin adından məhkəməyə müraciət etmək hüququ yoxdur. İşin faktiki halları İddiaçı "xxxx" ASC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/00024370 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi müqaviləsinə əsasən Lizinq verən Lizinq alanın sifariş etdiyi əmlakı (60.000 manat dəyərində, mühərrik və şassi (zavod) nömrəsi 087877, 188164, buraxılış ili 2009 olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn) 2 aylıq müddətə 1500 manat müqabilində Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş qaydada lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin ödənilməsi qaydası sözügedən müqavilənin 2.2.3-cü bəndində müəyyən edilmişdir. Həmin bənddə müqavilə üzrə öhdəliyin minimum 50 faizi ilkin ödənilməklə, qalan öhdəliyin taxılyığan kombaynlara görə hər on gündən bir ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi üzrə xx.xx.2019 tarixində 500 manat, xx.xx.2019-cu il tarixində isə 250 manat məbləğində ödəniş etmiş, digər 750 manat məbləğində ödənişi etməmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, borc ödənilməmiş, bundan sonra "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-10. Lizinq ödənişləri. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə lizinq alan kimi üzərinə öhdəlik götürmüş, bunun qarşılığında lizinq obyekti olan taxıltığan kombayn onun sahibliyinə və istifadəsinə verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtlı-vaxtında ödəməmişdir. Belə olan halda müqavilə öhdəliklərini lazımınca icra etməyən cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda istinad edilmiş maddi hüquq normalarına əsasən İddiaçı ASC lizinq müqaviləsi üzrə ödənilməmiş 750,00 manat məbləğində əsas borcu Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Cavabdehin iddia tələbinə etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıdan ehtiyat hissələri əldə edilməsi müqabilində tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş ödənişlərin qarşılanmasına dair sözügedən müqavilədə hər hansı bir razılaşmanın olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında müqavilədən kənar belə bir məzmunda razılaşmanın olması da iş materiallarından aşkar edilmir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış lizinq müqaviləsi üzrə lizinq alan kimi üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən iddiaçı müqavilə üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2019-cu il tarixli, 03/00024370 nömrəli müqaviləyə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 750,00 (yeddi yüz əlli) manat və dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2019-cu il tarixli, 03/00024370 nömrəli müqaviləyə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 750,00 (yeddi yüz əlli) manat və dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-38/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-38/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver