Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-380/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10266,23 AZN əsas; 1706,87 AZN faiz, cəmi 11973,10 AZN borcun və 125,92 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10324,31 AZN kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 10266,23 AZN əsas; 1706,87 AZN faiz; cəmi 11973,10 AZN borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
Tərəflərin izahatları.
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasına iştirakları olmadan baxılması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir.
5. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verən Cavabdeh bildirmişdir ki, o, bankdan kredit götürdüyü vaxt polis idi və işlədiyi dövr ərzində ödənişlərini etmişdir. O, işdən çıxdıqdan sonra da taksi fəaliyyəti ilə məşğul olub ödənişlər edirdi. Lakin buna baxmayaraq, ödəniş etsə də, borcu olduğu kimi qalır, faiz borcu isə artırdı. Sonuncu dəfə 195 manat ödəniş etmişdir. Ailədə tək işləyən şəxs odur, gah fəhlə işləyir, gah taksi fəaliyyəti ilə məşğul olur. Öhdəliyindən yayınmır və ödənişlərini edəcəkdir. O, yalnız faiz borcunun dondurulmasını və yeni bir məbləğ verilərək yeni qrafik əsasında ödənişlər etməyinə şərait yaradılmasını istəyir.
İş materialları.
6. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10324,31 manat kredit verilmişdir.
7. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh hesabına 10324,31 manat məbləğində pul köçürülmüşdür.
8. xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 10266,23 manat əsas; 1706,87 manat faiz, cəmi 11973,10 manat borcu yaranmışdır.
10. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 125,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
11. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10266,23 manat əsas, 1706,87 manat faiz borcun tutulması barədə tələb əsaslıdır.
Məhkəmə xərcləri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,92 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10266,23 manat əsas, 1706,87 manat faiz olmaqla, cəmi 11973,10 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10266,23 manat əsas, 1706,87 manat faiz olmaqla, cəmi 11973,10 (on bir min doqquz yüz yetmiş üç manat on qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,92 (bir yüz iyirmi beş manat doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.