Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3850/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı "xxxx" QSC-nin cavabdeh Məmmədova Mehrı̇ ban Ayaz qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Park Servis" QSC cavabdeh Məmmədova Mehrı̇ ban Ayaz qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törətmiş olduğu inzibati xəta nəticəsində dəymiş zərərə görə Cavabdeh ilkin təmir üçün 389,40 manat və 236 manat həcmində pardaqlama xərci olmaqla, cəmi 625,4 manat həcmində pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilkin təmir üçün 389,40 manat, 236 manat həcmində pardaqlama xərci və 100 manat vəkil xərci olmaqla 725.40 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 24 sentyabr 2021-ci tarixdə səhər saatlarında Nəbiyev Fəxri mülkiyyət hüququ direktoru olduğu İddiaçı QSC-yə məxsus olan, yol vərəqəsi ilə idarə etdiyi Opel İnsignia markalı Az ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Atatürk prospekti 65 ünvanında yolun orta zolağ hərəkətdə olduğum zaman sol tərəf istiqamətdən üzü Ayna Sultanova heykəli istiqamətində yolayrıcına daxil olan, sola dönmə manevri edən Chevrolet Cruze markalı Az ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağını dəyişərək sağa doğru manevr edərkən idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəyərək qəza törətmişdir. Avtomobildən düşən xanım sürücü kobud rəftar edərək qəzanın onun təqsiri ucbatından yarandığını qəbul etmək istəməmişdir. O, qəzanın onun təqsirli hərəkəti nəticəsində baş verdiyini bildirərək Daxili Nazirliyinin “102” xidmətinə zəng vurub (saat 08:27) qəza barədə məlumat vermişdir. Cavabdeh qanunvericiliyin tələbini kobud surətdə pozaraq polis əməkdaşlarının əraziyə cəlb olunmasını gözləmədən hadisə yerindən yayınmışdır. İzahatı alındıqdan sonra polis əməkdaş tərəfindən müvafiq araşdırılmalar aparılmış, qəzanı törətmiş şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 327.1,327.2 və 327.6-cı maddələ təsirli bilinərək İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında TP ******* nömrəli inzibati tər vermə haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticə etibarı ilə, Cavabdehin təqsiri ucbatından ilkin olarqaq 389,40 AZN həcmində təmir xərci və ƏDV daxil olmaqla 236 AZN pardaqlama xərci olmaqla, ümumilikdə 625,4 AZN həcmində maddi zərər dəymiş və mülki hüquq pozuntusu meydana gəlmişdir. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Məmmədova Mehrı̇ ban Ayaz qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - AD № 763964 X1 Şəhadətnaməsinin surətindən görünür ki, Opel İnsignia markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. - İXP 4268948, xx.xx.2021-ci il tarixli İnzibati Xəta haqqında Protokoldan və TP 4676873, xx.xx.2021-ci il tarixli İnzibati Tənbehvermə haqqında Qərardan görünür ki, X2 İXM-nin 327.1, 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilərək 100 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2021-ci il tarixli, Seriya EBBK, 309677 nömrəli Elektron Qaimədən görünür ki, İddiaçı MMC-yə məxsus olan Opel İnsignia markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin təmir xərci 389.40 manat, pardaqlama xərci isə 244.26 manat müəyyən edilmişdir. - Xalq Sığorta ASC-nin xx.xx.2022-ci il tarixli, xx/xx-1997 nömrəli məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsini qeydə almış polis orqanı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış və digər sənədlər elektron sistemə yüklənilmədiyindən dəymiş zərərə görə sığorta ödənişinin verilməsi mümkün olmamışdır. - İş materiallarında daxil edilmiş qəbzdən görünür ki, vəkil tərəfindən göstərilən xidmətlərə görə iddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçı tərəf cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir və təqdim olunmuş sübutlarla iddia tələbinin əsaslı olduğunu qeyd edir. Cavabdeh tərəf isə məhkəmə iclasında iştirak edə bilmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci massəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericil normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci madəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Belə ki, işə əlavə edilən sənədlərdən görünür ki, yol nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Bunun əksini sübut edəcək hallar müəyyən edilmir. Yuxarıda qeyd olunan mülki hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı avtomobilə dəymiş zərərə görə 625.40 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 100 manat məbləğində tələb olunan vəkil xərci hissəsində də əsaslıdır. İş materiallarına daxil edilmiş qəbzdən görünür ki, vəkil tərəfindən göstərilən xidmətlərə görə iddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. AR MPM-nin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə pulun tutulması hissəsinə qiymət verərkən işin həcmini, vəkilin hüquqi yardım üçün sərf etməli olduğu vaxtı da nəzərə alır və tələb edilən məbləği ağlabatan hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə pödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Məmmədova Mehrı̇ ban Ayaz qızından iddiaçı "xxxx" QSC-nin xeyrinə törətmiş olduğu inzibati xəta nəticəsində dəymiş zərərə görə ilkin təmir üçün 389.40 manat, 236 manat həcmində pardaqlama, vəkil xərcinə görə 100 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 755.40 manat pul vəsaiti tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3850/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3850/2022
16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver