Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3853/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsi üzrə əsas borca görə 198,3 manat əsas, 16,86 manat faiz borcu olmaqla, cəmi 215,16 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsinə əsasən illik 25% faiz dərəcəsi olmaqla 48 ay müddətinə 200 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 21-dən gec olmayaraq hər ay 8,49 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 198,3 manat əsas, 16,86 manat faiz borcu olmaqla, cəmi 215,16 manat məbləğində təşkil edir. Nəticədə iddiaçı ilə cavabdeh arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.
İş materialları.
4. xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsindən və əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 48 ay müddətinə, illik 25% ödəmək şərtilə 200 manat məbləğində kredit verilmişdir.
5. xx.xx.2024-cü il tarixli arayışına əsasən Cavabdeh 198,3 manat əsas, 16,86 manat faiz borcu olmaqla, cəmi 215,16 manat borcu vardır.
6. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
İşin faktiki halları.
7. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 25% ödəmək şərtilə 200 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat
Məhkəmənin mövqeyi.
11. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
12. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
13. Odur ki, Cavabdeh 198,3 manat əsas, 16,86 manat faiz borcu olmaqla, cəmi 215,16 manat borc tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri.
14. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
15. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 198,3 manat əsas, 16,86 manat faiz borcu olmaqla, cəmi 215,16 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SHKRK-03256 saylı Kredit Müqaviləsi üzrə 198,3 manat əsas, 16,86 manat faiz borcu olmaqla, cəmi 215,16 (iki yüz on beş manat, on altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova