Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3901/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11 oktyabr 2024-cü il tarixli BF3296-2024 saylı kredit müqaviləsi üzrə 11040,83 (on bir min qırx manat 83 qəpik) manat əsas, 479,49 (dörd yüz yetmiş doqquz manat 49 qəpik) manat faiz, 2,68 (iki manat 68 qəpik) manat cərimə borcu, 10,73 (on manat 73 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% həddində hesablanmış gecikdirilmiş faiz borcu olmaqla, cəmi 11533,73 (on bir min beş yüz otuz üç manat 73 qəpik) manat borcun və 124,61 (bir yüz iyirmi dörd manat 61 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulmaası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 11 oktyabr 2024-cü il tarixli BF-3296-2024 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 18 % hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 11 402 (on bir min dörd yüz iki) manat məbləğində kredit vəsaiti ayrılmışdır. 11 oktyabr 2024-cü il tarixli BF-3296-2024 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 334,93 (üç yüz otuz dörd manat 93 qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 11 oktyabr 2024-cü il tarixli BF-3296-2024 saylı Kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş, kredit müqaviləsi üzrə borcunun dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2025-ci il tarixinə hesablanmaqla 11 oktyabr 2024-cü il tarixli BF-3296-2024 saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 11 533,73 (on bir min beş yüz otuz üç manat 73 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 11040,83 (on bir min qırx manat 83 qəpik) manat əsas borcu, 479,49 (dörd yüz yetmiş doqquz manat 49 qəpik) manat faiz borcunu, 2,68 (iki manat 68 qəpik) manat cərimə borcunu, 10,73 (on manat 73 qəpik) manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış gecikdirilmiş faiz borcunu ehtiva edir. Qeyd edilir ki, faiz və cərimə borcu pretenziya məktubunda göstərilən tarixə hesablanmış faiz və cərimə borcunu ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BF-3296-2024 saylı kredit müqaviləsindən görünür ki, “Bank” illik 18 % hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 11 402 (on bir min dörd yüz iki) manat məbləğində krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə “Kredit alan”ın mülkiyyətinə verir və “Kredit alan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, BF-3296-2024 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2024 – xx.xx.2028-ci il tarixləri arasında hər ay 334.93 manat (sonuncu ay 335.19 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, BF-3296-2024 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikinə xx.xx.2024-cü il tarixli dəyişiklikdən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2024 – xx.xx.2028-ci il tarixləri arasında hər ay 350.27 manat (sonuncu ay 350.3 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, BF-3296-2024 saylı kredit müqaviləsi üzrə Bank Avrasiya» Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə 11040.83 manat əsas borc, 479.49 manat faiz borcu, 2.68 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 10.73 manat faiz borcu olmaqla, ümumilikdə 11533.73 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcluya müqavilə üzrə borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşin faktiki halları. İddiaçı ASC (Bank) və Cavabdeh (Kredit alan) arasında xx.xx.2024-cü il tarixli, BF- 3296-2024 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank illik 18% ödənilmək şərtilə 11402 manat məbləğində krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kredit alanın mülkiyyətinə vermiş və kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçı cavabdehdən xx.xx.2025ci il tarixə borclu olduğu məbləğin ödənilməsini tələb etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, ondan tələb edilən məbləği mübahisələndirməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur. Tələb edilən 2.68 manat məbləğində cəriməyə münasibətdə isə məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin tələb edilən cərimə məbləği əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil. Odur ki, iddia cəriməyə münasibətdə təmin edilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faizlə tələb edilən faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti bitmiş, buna baxmayaraq müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 10.73 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Odur ki, ödənilmiş 124.61 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11 oktyabr 2024-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11040,83 (on bir min qırx manat səksən üç qəpik) manat əsas, 479,49 (dörd yüz yetmiş doqquz manat qırx doqquz qəpik) manat faiz, 2,68 (iki manat altmış səkkiz qəpik) manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 10,73 (on manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11533,73 (on bir min beş yüz otuz üç manat yetmiş üç qəpik) manat məbləğində borc və 124,61 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220 və 222-ci, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11 oktyabr 2024-cü il tarixli kredit müqaviləsi üzrə 11040,83 (on bir min qırx manat səksən üç qəpik) manat əsas, 479,49 (dörd yüz yetmiş doqquz manat qırx doqquz qəpik) manat faiz, 2,68 (iki manat altmış səkkiz qəpik) manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 10,73 (on manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11533,73 (on bir min beş yüz otuz üç manat yetmiş üç qəpik) manat məbləğində borc və 124,61 (bir yüz iyirmi dörd manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3901/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3901/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver