Məhkəmə qərarları › İş №e-2(010)-3909/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3909/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3909/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1558,4 manat əsas, 263,34 manat cərimə borcu, cəmi 1831,74 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 19 oktyabr 2020-ci il tarixdə bağlanmış 125677 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1864, 4 manata nisyə 1 ədəd notebook satmışdır. Həmin tarixdə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən alıcı 272 manat ilkin ödəniş həyata keçirmiş, qalan 1592,4 manat məbləğində pulu hər ay 132,7 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 19-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə heç bir ödəniş etməmişidir. Cavabdehlər tələb olunan borcu tam olaraq ödəməyərək müxtəlif tarixlərdə 69 manat (34 manat əsas 35 manat cərimə) qismən ödəniş etmiş və qalan borcu ödəməkdən yayınmış və nəticədə 1558,5 manat əsas, 05.06.2021-ci il tarixinədək hesablanmış 263,34 manat cərimə borcu, cəmi 1831,74 manat borcları yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 125677 nömrəli 19 oktyabr 2020-ci il tarixli müqavilədən görünür ki, satıcı Lenovo markalı notebooku 1864,4 manat məbləğə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Alıcı müqavilə bağlandıqdan sonra 272 manat ilkin ödəniş həyata keçirmiş və 1592,40 manat qalıq borc məbləğini isə ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının 19-da ödəmək şərti ilə almışdır. İş materiallarında olan olan "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 125677 nömrəli 19 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 125677 nömrəli 19 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcının öhdəlikləri üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə 19.11.2020-ci il tarixdən 19.10.2021-ci il tarixədək hər ay 132,70 manat məbləğində ödəniş ediməli idi. İş materiallarında olan 363 nömrəli 05.06.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, 19.10.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC-yə 1558,4 manat əsas, 263,34 manat cərimə olmaqla, cəmi 1821,74 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanan 01 dekabr 2020-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi xahiş edilmiş, əks tədirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən hazırki iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 20 manata endirilməlidir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də, əsas öhdəlik üzrə zamin durmuş digər Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 oktyabr 2020-ci il tarixli 125677 nömrəli müqavilə üzrə 1558,4 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 1578,4 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 oktyabr 2020-ci il tarixli 125677 nömrəli müqavilə üzrə 1558,4 (bir min beş yüz əlli səkkiz manat qırx qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1578,4 (bir min beş yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar