Məhkəmə qərarları › İş №e-2(010)-3914/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3914/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3914/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu - 1117.80 manat əsas borc, 0.02 manat faiz borcu borcu olmaqla, cəmi 1117.82 manat məbləğində kredit borcunun və 31.18 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********857 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2350 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, 2021-ci il tarixli ərizə ilə vərəsə Cavabdeh miras əmlakı olan Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 16 nömrəli Uşaq Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 708 nömrəli məktubuna əsasən 812.6 manat və Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən **********5 nömrəli məktubuna əsasən 266.82 manat alınmamış pensiya məbləğini qəbul etmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və onun kredit borcundan xəbəri olmadığını bildirdi.

İş materialları.

5. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********857 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən ona 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2350 manat kredit verilmişdir.

6. AZ-İİ seriyalı, 199436 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

7. Bakı şəhəri 35 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-107 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri : Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən **********5 nömrəli məktubuna əsasən 266.82 manat alınmamış pensiya məbləğindən ibarətdir.

8. Bakı şəhəri 35 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-108 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri : Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 16 nömrəli Uşaq Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 708 nömrəli məktubuna əsasən 812.6 manat pul vəsaitindən ibarətdir.

9. Cavabdeh göndərilən bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

10. Maliyyə arayışından görünür ki, mərhum X3 xx.xx.2020-ci il tarixli, **********857 saylı müqavilə üzrə 1117.80 manat əsas borcu və 0.02 manat faiz borcu olmaqla cəmi 1117.82 manat borcu vardır.

İşin faktiki halları.

11. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC ilə mərhum X6 arasında kredit müqaviləsi imzalanmış və ona həmin müqavilədə nəzərdə tutulan kredit vəsaiti verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia tələbində iddiaçı ödənilməmiş kredit borcunu mərhumun vərəsəsi – hazırki iş üzrə Cavabdeh tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivi Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı olmadığını bildirir. Cavabdeh etirazını onunla əsaslandırır ki, mərhumun kredit götürməsindən onun xəbəri olmamışdır.

Tətbiq olunan hüquq.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

13. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

18. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor "xxxx" ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X1na müqavilə üzrə nəzərdə tutulan kredit vəsaitini vermişdir. X1 isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumənin öhdəliyi şəxsi xarakterli deyil və vərəsəlik üzrə keçir. Onun yeganə vərəsəsi cavabdehdir. İş materiallarından müəyyən edilir ki, mərhumə X2 miras qalmış əmlak onun yeganə vərəsəsi kimi tanınan Cavabdeh tərəfindən qəbul edilmişdir. Miras əmlak mərhuməyə çatmalı olan pul məbləğidir. Cavabdehin etirazı ondan ibarətdir ki, onun kredit müqaviləsindən məlumatı olmayıb. Etiraza münasibətdə məhkəmə bildirir ki, etiraz maddi hüquq normalarının tələbləri baxımından əsaslı deyildir. Qanunvericilik vərəsənin miras passivindən məlumatlı olub-olmaması halını şərtləndirməmişdir. Miras qoyanın öhdəliyinin vərəsəyə keçməsi üçün iki şərt müəyyən edilmişdir. Birincisi, həmin öhdəlik şəxsi xarakterli öhdəlik olmamalıdır, ikincisi vərəsə miras aktivini qəbul etmiş olmalıdır. Hazırkı işə hər iki hal mövcuddur. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdeh borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə, hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 31.18 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Abdullayev Əmı̇ raslan Əmrah oğlundan 1117.80 manat əsas borc və 0.02 manat faiz borcu olmaqla cəmi 1117.82 (min yüz on yeddi manat 82 qəpik) manat və iş üzrə ödənilmiş 31.18 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Abdullayev Əmı̇ raslan Əmrah oğlundan 1117.80 manat əsas borc və 0.02 manat faiz borcu olmaqla cəmi 1117.82 (min yüz on yeddi manat 82 qəpik) manat və iş üzrə ödənilmiş 31.18 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar