Məhkəmə qərarları › İş №e-2(010)-3922/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3922/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3922/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 96.79 manat əsas, 13.67 manat faiz, 3.43 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 113.89 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərltər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 23% olmaqla, 100 manat məbləğində kredit xətti açılmışdır. Bu standart şərtlər Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən iddiaçı tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların bankla münasibətlərini tənzimləyir. Bu standart şərtlər bankın “Leobank” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və standart şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə əsasən, müştəri kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri bu standart şərtlər, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə banka qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il, bazar ertəsi tarixinə iddiaçıya 96.79 manat əsas, 13.67 manat faiz, 3.43 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 113.89 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli, 02U/23 nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair” Standart Şərtlərdən müəyyən olunur ki, bu standart şərtlər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 73 nömrəli lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların bankla münasibətlərini tənzimləyir. xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən müəyyən olunur ki, cavabdeh müvafiq ərizəni imzalamaqla iddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 01U/23 nömrəli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair” Standart Şərtlər və xx.xx.2023-cü il tarixli, 02U/23 nömrəli “Fiziki şəxslərə kreditin verilməsinə dair” Standart Şərtlər ilə tanış olduğunu, onların bütün şərtləri ilə razı olduğunu, bütün öhdəlikləri vaxtlı-vaxtında, düzgün və qeyd-şərtsiz yerinə yetirəcəyinə dair razılığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli elektron sms bildirişlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə illik 23% ödənilmək şərti ilə, 100 manat məbləğində kredit xətti açılması təklif olunmuş və təklif qəbul edilərək vəsait borcalanın kart hesabına mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin həmin tarixə kredit müqaviləsi üzrə 96.79 manat əsas, 13.67 manat faiz, 3.43 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 113.89 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il bildirişdən müəyyən olunur ki, cavabdehin həmin tarixə olan borcu (96.79 manat əsas, 10.1 manat faiz, 1.9 manat cərimə, cəmi 108.79 manat) barədə məlumat verilmiş, borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 2057sBKXb/24 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehlə aralarında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olaraq kredit məbləğini cavabdehə verməklə şərtlənən öhdəliyini lazımı qaydada və vaxtında (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə müəyyən olunmuş və kredit müqaviləsi üzrə borcun qaytarılmasından ibarət öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmişdir. İddiaçı müvafiq kredit müqaviləsinə xitam verməklə həmin müqavilə üzrə əsas, faiz və cərimə borcunu cavabdehdən tələb etmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olan cavabdeh iddia tələbində qeyd edilənlərə dair mülahizə və ya etirazını məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 2057sBKXb/24 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında 96.79 manat əsas, 10.1 manat faiz, 1.9 manat cərimə olmaqla, cəmi 108.79 manat məbləğində borcu vardır. Bununla da, iddiaçının cavabdehdən müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı bununla kredit müqaviləsindən bir tərəfli qaydada imtina etmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və cavabdehin bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə görünür ki, cavabdehin müqavilə ləğv edildiyi ana olan faiz borcu 10.1 manat məbləğində olsa da, iddiaçı müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 13.67 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 10.1 manat həcmində təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, qanunvericiliyə əsasən dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2024-cü il tarixli, 2057sBKXb/24 nömrəli kredit müqaviləsi üzrə 3.43 manat cərimə pulu tənasübsüz yüksək məbləğ deyildir və işin hallarına tam uyğundur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (110.32 manat) mütənasib hissəsi olan 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 96.79 manat əsas borc, 10.1 manat faiz borcu və 3.43 manat cərimə olmaqla, cəmi 110.32 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 2057sBKXb/24 nömrəli kredit müqaviləsi üzrə 96.79 (doxsan altı manat yetmiş doqquz qəpik) manat əsas, 10.1 (on manat on qəpik) manat faiz və 3.43 (üç manat qırx üç qəpik) manat cərimə olmaqla, cəmi 110.32 (yüz on manat otuz iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar