Məhkəmə qərarları › İş №e-2(010)-3962/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3962/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3962/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2206 manat pulun və 43 manat ödəmiş olduğu dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Saatlı rayonu ərazisində lomabrd fəaliyyəti ilə məşğul olur.Bu barədə vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan da keçmişdir. VÖEN-ni də vardır. 07 iyun 2023-cü il tarixdə iş yoldaşı X2, onun oğlu Çingiz İsmayılov və Cavabdeh yanına gələrək Cavabdeh ilə X3 rayonunda hərbi hissədə birlikdə işlədiklərini bildirdilər. Həmin vaxt Cavabdeh ona bildirmiş ki, istifadəsində olan “Ural” markalı yük maşının matorunun yandığı üçün pula ehtiyacı yaranmışdır. Bu səbəbdən də Cavabdeh ona 2500 manat borc pul verməyini xahiş etdi. Cavabdeh iş yoldaşı X1 bir hər hissədə işləməsini, bundan əlavə X4 tanıdıqlarını nəzərə alaraq Ramiqə 2500 manat borc pul vermişdir. Həmin vaxt Cavabdeh söz verərək öhdəsinə götürmüşdür ki, 2500 manatın əvəzi olaraq ona bir il müddətində hər ay 295 manat pul qaytaracaqdır və bundan sonra Cavabdeh öz imzası ilə məxaric xəzinə orderini və ödəniş cədvəlini də imzalayaraq təsdiq etmişdir. Hətta həmin vaxt Cavabdeh şəxsiyyət vəsiqəsinin və əmək haqqı kartının surətini də ona vermişdir. Cavabdeh birinci ayın pulundan 294 manat ödəniş etsə də sonradan ödənişlərini dayandırmışdır. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlayaraq ona olan 2206 manat borcunu qaytarmasını bildirsə də cavabdeh hər dəfə ona vaxt verməyimi xahiş edərək borcu ödəməkdən yayınmış və onu aldatmışdır. Hazırda Cavabdeh könüllü olaraq ona olan 2206 manat pulu qaytarmayacağını görərək məcburiyyət qarşısında qalıb iddia ərizəsi ilə müraciət etmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. xx.xx.2023-cü il tarixli Saatlı Lombard MMC-nin məxaric xəzinə orderindən görünür ki, Cavabdeh 2500 manat məbləğində pul məxaric etmişdir.

6. Saatlı-Lombard MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh öhdəliyinin icrası ilə bağlı ödəməli olduğu 2500 manat puldan 294 manat ödəniş etmişdir.

İşin faktiki halları

7. Hazırda iddiaçı cavabdeh ilə aralarında olan borc öhdəliyi üzrə öhdəliyini yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tələbində ona əsaslanır ki, cavabdehə borca pul vermiş, borc məbləği sövdələşməyə görə 12 ay ərzində hissə-hissə qaytarılmalı idi. Lakin, cavabdeh yalnız bir dəfə ödəniş edərək, şərtləşdirilmiş vaxt ərzində borcunu geri qaytarmamışdır. Cavabdehin iddia tələbi ilə bağlı mülahizəsi və yaxud etirazı daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edildi ki, hazırki iş üzrə Cavabdeh iddiaçıdan 2500 manat məbləğində borc pul əldə etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi münasibətləri olmuşdur. İş materialından müəyyən edilmişdir ki, cavabdeh ödəniş qrafikinə uyğun borcu geri ödəməyi öhdəsinə götürsə də, lakin yalnız bir dəfə ödəniş etmiş, sonra isə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin əksini sübut edən hər hansı bir sübut təqdim etməmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər . Borcun etiraf olunması hallaına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.Hazırkı işdə cavabdeh borc məbləği üzrə bir dəfə ödəniş etmişdi. Qeyd edilən səbəblərdən, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 43 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2206 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iş üzrə ödənilməli olan 43 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 2206 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 43 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar