Məhkəmə qərarları › İş №e-2(010)-397/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-397/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-397/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 029A********** saylı kredit müqaviləsi üzrə 20579.41 manat kredit borcu, 1303.51 manat faiz borcu və 285.22 manat cərimə olmaqla cəmi 22168.14 manat, 029A**********5 saylı kredit müqaviləsi üzrə 8154.23 manat kredit borcu, 713.57 manat faiz borcu və 126.72 manat cərimə olmaqla cəmi 8994.52 manat, iki kredit müqaviləsi üzrə ümumilikdə cəmi 31162 manat 66 qəpik məbləğində borcun və ödənilmiş 183.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24300 (iyirmi dörd min üç yüz) manat məbləğində kredit götürmüşdür. O,kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.

Tərəflərin izahatları

3. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları

5. xx.xx.2023-cü il tarixli, 029A********** saylı Kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə 24300 (iyirmi dörd min üç yüz) manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, Bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmişdir.

7. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 2384.25 manat əsas borc, 39.34 manat faiz borcu, 23.84 manat cərimə borcu olmaqla cəmi 2447.43 manat borcu vardır.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 3673.88 manat əsas borc, 84.19 manat faiz borcu, 36.74 manat cərimə borcu olmaqla cəmi 3794.81 manat borcu vardır.

İşin faktiki halları

10. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 029A********** saylı və xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqavilələrinin bağlanması və həmin müqavilələrdə qeyd olunan kredit vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

14. İş materiallarından göründüyü kimi, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış hər iki kredit müqaviləsi əsasında Bank tərəfindən Cavabdeh kredit müqavilələrində nəzərdə tutulan kredit vəsaiti təqdim edilmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur və həmin müqavilələrin etibarsızlığına dəlalət edən hallar müəyyən edilmir. İddiaçı kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur. Lakin bununla belə məhkəmə cavabdehdən tutulmalı olan pul məbləğində münasibətdə qeyd edir ki, iddiaçı hazırki tələbində cavadehdən xx.xx.2023-cü tarixli 029A********** saylı kredit müqaviləsi üzrə 20579.41 manat əsas kredit borcu, 1303.51 manat faiz borcu və 285.22 manat cərimə olmaqla cəmi 22168.14 manat, 029A**********5 saylı kredit müqaviləsi üzrə 8154.23 manat əsas kredit borcu, 713.57 manat faiz borcu və 126.72 manat cərimə olmaqla cəmi 8994.52 manat, iki kredit müqaviləsi üzrə ümumilikdə cəmi 31162 manat 66 qəpik məbləğində borcun tutulmasını tələb etsə də, lakin iş materiallarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 2384.25 manat əsas borc, 39.34 manat faiz borcu, 23.84 manat cərimə borcu olmaqla cəmi 2447.43 manat, xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 3673.88 manat əsas borc, 84.19 manat faiz borcu, 36.74 manat cərimə borcu olmaqla cəmi 3794.81 manat, ümumilikdə iki müqavilə üzrə 6242.24 manat borcu vardır. Belə olan halda məhkəmə hesab edir ki, hər iki kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışlarında qeyd olunan formada pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 183.50 manat dövlət rüsumunun 82.42 manat hissəsi cavabdeh Həmzəyev Faı̇ q Nüsrət oğlundan tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməli və qalan dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Həmzəyev Faı̇ q Nüsrət oğlundan xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 2384.25 manat əsas borc, 39.34 manat faiz borcu, 23.84 manat cərimə borcu olmaqla cəmi 2447.43 manat, xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 3673.88 manat əsas borc, 84.19 manat faiz borcu, 36.74 manat cərimə borcu olmaqla cəmi 3794.81 manat, ümumilikdə iki müqavilə üzrə 6242.24 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməli və ödənilmiş 183.50 manat dövlət rüsumunun 82.42 manat hissəsi cavabdeh Həmzəyev Faı̇ q Nüsrət oğlundan tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməli və qalan dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Həmzəyev Faı̇ q Nüsrət oğlundan xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 2384.25 manat əsas borc, 39.34 manat faiz borcu, 23.84 manat cərimə borcu olmaqla cəmi 2447.43 manat, xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 3673.88 manat əsas borc, 84.19 manat faiz borcu, 36.74 manat cərimə borcu olmaqla cəmi 3794.81 manat, ümumilikdə iki müqavilə üzrə 6242.24 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 183.50 manat dövlət rüsumunun 82.42 manat hissəsi cavabdeh Həmzəyev Faı̇ q Nüsrət oğlundan tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin və qalan dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar