Məhkəmə qərarları › İş №e-2(010)-3980/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3980/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3980/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Sığorta ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Opel Astra” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində - xx.xx.2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin protokulu ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərəkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 800 manat məbləğində sığorta ödənişi verilmişdir. "xxxx" Sığorta ASC hesab edir ki, zərərçəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Opel Astra” markalı,** DY *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini bildirmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, “Opel Astra” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən bir il yarım əvvələ qədər onun mülkiyyətində olmuşdur. Avtomobili yoldaşı idarə etsə də onun adına qeydiyyata alınmışdır. Lakin təxminən il yarım əvvəl yoldaşı avtomobili etibarnamə ilə satmışdır. Avtomobili yoldaşı satdığından neçəyə satılması, yaxud kimə satılması barədə dəqiq məlumatı yoxdur. Yalnız onu bilir ki, yoldaşı avtomobili satış üçün sayta qoymuş, sonra satmışdır. Həmin vaxt rəsmi alqı-satqı baş tutmamış, etibarnamə vermişdir. Avtomobil həmin şəxsə satıldıqdan sonra avtomobillə heç bir əlaqəsi qalmamışdır. Sonradan Zaur adlı şəxs də etibarnamənin müddətinin bitməsi ilə bağlı onlara müraciət etməmişdir. Yalnız hazırkı iş üzrə məhkəmə prosesindən sonra yoldaşı digər Cavabdeh2 ilə danışmış, o, əvvəlcə hadisəni törədənin özü olmadığını, avtomobili sürmək üçün qohumuna verdiyini, onun da belə bir qəza törətdiyini bildirmişdir. Lakin sonradan dəymiş zərəri hissə-hissə ödəyə biləcəyini demişdir. Hər bir halda nəzərə alınmalıdır ki, avtomobil faktiki olaraq başqa şəxsin mülkiyyətindədir və baş vermiş yol-nəqliyyat hadisəsinin ona aidiyyəti yoxdur. Bu səbəbdən hesab edir ki, iddia özünə münasibətdə təmin edilməməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. "xxxx" Sığorta ASC tərəfindən tərtib edilmiş PGU-220341 saylı sığorta aktından görünür ki, "xxxx" Sığorta ASC tərəfindən sığorta edilmiş “Opel Astra” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Z.Bünyadov prospektində toqquşmuşdur. Baş vermiş sığorta hadisəsinə görə X3 800 manat məbləğində sığorta ödənişi edilmişdir.

7. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Toyota” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 320 manat, görülən işlərə görə 480 manat xərc olmaqla, cəmi 800 manat məbləğində ziyan dəymişdir.

8. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, sat 17:01-də “Opel Astra minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

9. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, 120085 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Sığorta ASC tərəfindən X1 hesabına sığorta aktına əsasən dəymiş zərər üçün 800 manat məbləğində pul köçürülmüşdür.

İşin faktiki halları.

11. “Opel Astra minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi əsasında bir illik müddətə "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddətdə - xx.xx.2022-ci il tarixdə hazırkı iş üzrə Cavabdeh2 səlahiyyəti olmadan idarə etdiyi həmin avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş və X4 məxsus “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsiri müəyyən edilmişdir.

12. Cavabdeh2 səlahiyyəti olmadan idarə etdiyi avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə dəymiş zərərə görə sığortaçı "xxxx" ASC tərəfindən 800 manat məbləğində sığorta ödənişi edilmişdir.

13. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı "xxxx" ASC sığorta predmeti olan “Opel Astra minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin digər Cavabdeh1 mülkiyyətində olmasını əsas gətirərək hadisə nəticəsində zərərçəkmiş avtomobilə görə ödədiyi sığorta ödənişinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi işə iştirakları olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 isə avtomobili etibarnamə ilə başqasına satdığını, avtomobillə heç bir əlaqəsi qalmadığını bildirərək iddianı qəbul etməmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 897. İcbari sığorta. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

20. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

21. İddia tələbindən görünür ki, tələb iki cavabdehə - Cavabdeh2 və Cavabdeh1 yönəlmişdir. Belə olan halda məhkəmə hər iki cavabdehə yönəlmiş tələbə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.

22. İlk növbədə iddia tələbinin Cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirmək üçün məhkəmə işin faktiki hallarına istinad etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Opel Astra minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 məxsus “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş hadisədə Cavabdeh2 təqsiri hadisədən sonra tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla təsbit edilmişdir. Bundan sonra hadisə nəticəsində zərər dəymiş avtomobilə görə sığorta ödənişi (800 manat) "xxxx" ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Belə olan halda Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini həmin cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur.

23. Digər Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbindən və iddia ərizəsinin əsaslandırıcı hissəsindən belə görünür ki, iddiaçı "xxxx" ASC bu cavabdehə qarşı tələbini həmin cavabdehin avtomobilin mülkiyyətçisi olması ilə əsaslandırmışdır.

24. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Həmin maddədə qeyd edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən ... istifadə edilməsi...) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki ... şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş (§ 16) qərarında qeyd edilmişdir ki, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

26. İş materiallarından görünür ki, Cavabdeh1 avtomobilin mülkiyyətçisidir. Bu baxımdan onun yüksək təhlükə mənbəyinin sahibi hesab edilməsi üçün hüquqi əsas vardır. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 avtomobil üzərində heç bir hakimiyyətə malik deyil, avtomobillə bağlı heç bir mənfəəti yoxdur və ondan yararlanmır. Hətta o, avtomobili etibarnamə olmadan idarə edən şəxsi belə tanımır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatdan belə görünür ki, o, avtomobili etibarnamə əsasında “satmış”, bununla da avtomobil üzərində faktiki hakimiyyətini itirmişdir. Avtomobillərin etibarnamə əsasında “alqı-satqı”sı ölkə üzrə geniş yayılmış praktika olduğundan cavabdehin izahatı ağlabatandır. Bunun əksinə, heç bir “alqı-satqı” olmadan cavabdehin tanımadığı şəxsə avtomobilini verməsi və bir daha avtomobil ilə maraqlanmaması inandırıcı deyil. Bu baxımdan məhkəmə Cavabdeh1 yüksək təhlükə mənbəyinə sahibliyi ilə bağlı maddi şərtin mövcud olmadığı nəticəsinə gəlir.

27. Belə olan halda sığortaçı tərəfindən həmin cavabdehdən avtomobilin sahibi kimi subroqasiya qaydasında pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia həmin cavabdehə münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri.

28. Bundan başqa, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsi ilə müəyyən edilmiş iddia qiymətinə (1000 manatadək) mütənasib olmuşdur.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edildiyindən ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 800 manat məbləğində sığorta ödənişi, 30.4 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 800 (səkkiz yüz) manat məbləğində sığorta ödənişi, 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar