Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3985/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 770,4 manat olan Sony TV hər ay 42,8 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
2. İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 550,44 manat olan imei kod **********81100 Samsung Galaxy A03S markalı telefon, AİWA qulaqlıq hər ay 45,87 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır.
3. İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 2341 manat olan imei kod **********50910 Huawei P30 markalı telefon hər ay 128,5 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 460 manat, cərimə borcuna görə 46 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 219,95 manat, cərimə borcuna görə 21,05 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 100 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 857 manat borcu yaranmışdır.
5. Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı borcalana alqı-satqı müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
7. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə Sony TV üçün 460 manat ödənilməmiş hissə; 46 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə iki ədəd imei kod **********81100 Samsung Galaxy A03S markalı telefon, AİWA qulaqlıq üçün 219,95 manat ödənilməmiş hissə; 21,05 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə imei kod **********50910 Huawei P30 markalı telefon üçün 100 manat ödənilməmiş hissə; 10 manat cərimə borcu olmaqla, cəmi 857 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Sony TV, imei kod **********81100 Samsung Galaxy A03S markalı telefon, AİWA qulaqlıq, imei kod **********50910 Huawei P30 markalı telefon almış və nəticədə 857 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı 770,4 manat (18 ay x 42,8 manat + 0 manat ilkin ödəniş) olan Sony TV üçün ümumilikdə 506 manat olmaqla, ondan, 460 manat ödənilməmiş hissə, 46 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı 550,44 manat (12 ay x 45,87 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********81100 Samsung Galaxy A03S markalı telefon, AİWA qulaqlıq üçün ümumilikdə 241 manat olmaqla, ondan 219,95 manat ödənilməmiş hissə, 21,05 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı 2341 manat (18 ay x 128,5 manat + 28 manat ilkin ödəniş) olan imei kod **********50910 Huawei P30 markalı telefon üçün ümumilikdə 110 manat olmaqla, ondan 100 manat ödənilməmiş hissə, 10 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2881,89 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, borclu müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
10. İddiaçı MMC tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə Sony TV üçün 440 manat ödənilməmiş hissə; 44 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə imei kod **********81100 Samsung Galaxy A03S markalı telefon, AİWA qulaqlıq üçün 200 manat ödənilməmiş hissə; 20 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə imei kod **********50910 Huawei P30 markalı telefon üçün 80 manat ödənilməmiş hissə; 8 manat cərimə borcu olmaqla, cəmi 792 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Tərəflərin izahatları.
11. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları.
13. Tərəflər arasında alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun icra edilməmiş pul öhdəliyi yaranmışdır. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
18. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia təmin edilməklə, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 440 manat ödənilməmiş əsas məbləğ və 44 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 200 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 80 manat ödənilməmiş əsas məbləğ və 8 manat cərimə məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
19. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 440 manat əsas və 44 manat cərimə; xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 200 manat əsas və 20 manat cərimə; xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 80 manat əsas və 8 manat cərimə olmaqla, cəmi 792 (yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.