Məhkəmə qərarları › İş №e-2(010)-3991/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3991/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3991/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1985,40 manat məbləğində zərərin, debitor borc üzrə 4,52 manat və 39,90 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2029,82 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-06109xx/xx-2024 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03577 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G2.5T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1985,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 4,52 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 1989,92 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, cavabdehə məxsus evə baxış keçirilən zaman kənar xətt aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1985,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 4,52 manat borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 989,92 manat təşkil etməkdədir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onlar evi alan zaman sayğacla almışdırlar. Sayğac da sıfır idi. Nə olubsa onlardan öncə olmuşdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs X5 izahat verərək bildirmişdir ki, onun borcu olmamışdır. Borc olmadan evi satmışdır. Şəkili çəkən şəxslərin gəlib sübuta yetirməli olduğunu qeyd edir. Şahidlərin izahatları. Məhkəmənin əvvəlki baxış iclasında Şahid2 izahat verərək bildirmişdir ki, o, Zığ qəsəbəsində nəzarətçi işləyir. Qeyd edir ki, akta əlavə şəkillər çəkilib. Həmin şəkillər 1 avqust 2023-cü ildə çəkilib. O, həmin vaxt o ərazidə işləməmişdir. Akt tərtib edilərkən o, həmin ərazidə nəzarətçi olduğuna görə adı yazılmışdır, imza ona məxsus deyil. Bu məsələ ilə bağlı məlumatı yoxdur. Məhkəmənin əvvəlki baxış iclasında Şahid1 izahat verərək bildirmişdir ki, o, Zığ qəsəbəsində qrup rəhbəri işləyir. O vaxt Əmircan qəsəbəsində işləyirdi. Özü ünvana gedib, şəkilləri çəkmişdir. Şlanqın şəklini o çəkməmişdir, sayğacı çəkmişdir. Avqust ayında o ərazidə işləməyib. Akt tərtib olunanda sayğac artıq qeydiyyata düşmüşdür. Öz ərazisi olduğu üçün deyə imza çəkmişdir. Yeni sayğac quraşdırılanda cərimə yazmaq olmur. Onun üçün gərək sayğac qeydiyyata düşsün. Qanunsuz qoşulma görməmişdir. Sayağcın şəklini o 27 may tarixində çəkmişdir. Qanunsuz qoşulma olduqda o, həmin ərazidə işləməmişdir. İş materialları. “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istifadəçisi arasında qazın alqı-satqısı barədə” bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmış, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” Aktdan görünür ki, İddiaçı və Cavabdeh qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədlərini “qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı” kimi müəyyən etmişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni qaydalarla: AZ1125 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 66-cı Zığ, 8-ci döngə, 8 ünvanda olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı (X5) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni qaydalarla: AZ1125 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 66-cı Zığ, 8-ci döngə, 8 ünvanında yerləşən, ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinin alıcının (Cavabdeh) mülkiyyətinə verir. Müqavilənin 10-cu bəndinə əsasən Alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi Satıcının üzərinə düşür. 11. Daşınmaz əmlak alıcının faktiki sahibliyinə xx.xx.2023-cü il tarixində verirlir. İddiaçı tərəfindən tərtib olunmuş “Təbii X4nın pozulması haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar – Suraxanı rayonu, Bahar qəsəbəsi, Zığ ünvanında yerləşən mənzildəki (abonent kodu: **********03577) qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunması və kod açılana qədər qeydiyyatsız qazdan istifadə olunması barədə qeyd edilmişdir. Dəymiş ziyan hesablansın və ödənilsin. Aktın doğruluğunu təsdiq edənlər: Sadayev Orxan, Səmədov Arif, Şahid2. İş materiallarında olan Cavabdeh aid **********03577 nömrəli abonentin kodunun saldosuna əsasən, Cavabdeh qaz sərfiyatına görə 2024-cü il yanvar ayına 65.64 manat, fevral ayına 53.40 manat, mart ayına 53.28 manat, aprel ayına 18.8 manat, cəmi 191.12 mnat sərfin məbləği, ödəniş məbləği isə 192 manat kimi geyd olunur. İstifadə olunan cihazlar: 4 gözlü qaz plitələr. İş materiallarında olan xx.xx.2023-cü il tarixli foto şəkillərdən görünür ki, fərdi yaşayış evin divarında qaz borusu və şlanq quraşdırılmış, sayğac isə quraşdırılmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli foto şəkillərdən görünür ki, fərdi yaşayış evin divarında qaz borusu, şlanq və sayğac quraşdırılmışdır. İş materiallarında olan BRQSD-nin nümayəndələri Şahid1, Asif Səmədov, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar yaşayış massivi ünvanında Cavabdeh məxsus mənzildə qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün tərtib olunmuş ******* akta əsasən hesabatı aparılmış 16545 m3 qaz həcminin mənzil nümayəndəsinə təqdim edilməsinə baxmayaraq edilən cəhdlər nəticəsiz olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsaasən, Cavabdeh məxsus Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən fərdi evdə (müəssisədə, istixanada) (abonent kodu: **********03577) “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla bağlı icra olunacaq tədbirlərə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması aiddir. Dəymiş ziyan həcminin hesablanması: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, QSSQ(150 L)-nin maksimal saatlıq qaz sərfi 1.88 rrvVsaat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İran sobası-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi şəklində göstərilmişdir. İş materiallarında olan Cavabdeh aid **********03577 nömrəli abonentin kodunun saldosuna əsasən, Cavabdeh qaz sərfiyatına görə 2023-cü il dekabr ayının əvvəlinə -4.2 manat borc, dekabr ayın sonuna isə 0.12 manat, 2024-cü il yanvar ayının əvvəlinə 0.12 manat görünür. 2024-cü il may ayı üzrə “qalıq və aktlar üzrə” 1985.4 manat yazılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər..... 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır..... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. qazın paylanması – qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyət istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”.

5. X7 Şərtləri 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).... 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı tərəf Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar yaşayış massivi ünvanında yeni qaydalarla: AZ1125 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 66-cı Zığ, 8-ci döngə, 8 ünvanda olan fərdi yaşayış evində qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən ona dəymiş 1985,40 manat məbləğində zərərin, debitor borc üzrə 4,52 manat pulun əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh ilə X5 arasında həmin ünvanda yerləşən mənzilə görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanılmış, həmin mənzil Cavabdeh adına Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən tərtib olunmuş “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar xx.xx.2024-cü il tarixinə təsadüf etsə də, həmin aktlarda təsvir edilən hallar iş materiallarında olan xx.xx.2023-cü il tarixli şəkillərlə müəyyən edilir. Həmin şəkillərdən görünür ki, fərdi yaşayış evin divarında qaz borusu və şlanq quraşdırılmış, sayğac isə quraşdırılmamışdır. Bununla da, belə nəticəyə gəlinir ki, 2023-cü ilin avqust ayında Cavabdeh həmin ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından, abonent müqaviləsi onunla bağlanmadığından, sayğac quraşdırmadan qazdan istifadəsi onun əməli ola bilməzdi. İddiaçının əsas sübutu - tərəfindən tərtib olunmuş “Təbii X4nın pozulması haqqında” müvafiq aktlardır, lakin yuxarıda təsvir olunanlara əsasən, həmin sübut mötəbər sayıla bilməz. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə şərtləri qaz paylayıcısı ilə istehlakçı arasında bağlanan qazın alğı-satqısı barədə müqavilə ilə tənzimlənir və istehlakçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır. İddiaçı isə cavabdeh üzərinə müqavilədən kənar öhdəlik qoymaqla onun təqsiri olmadan yaranmış borcun əsassız olaraq ona ödənilməsini tələb edir. Eyni zamanda, məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, yaranmış vəziyyətdə cavabdeh iddiaçıya dəymiş zərərin ödənilməsini iddiaçıdan deyil, əvvəlki abonentdən tələb edə bilərdi. Göründüyü kimi, sayğacı olmayan divarın şəkilləri çəkildiyi dövrdə həmin mənzilin mülkiyyətçisi X5 olmuş, iddiaçı ilə abonent müqaviləsi bağlayan tərəf də o olmuşdur. Həmçinin, o mülki iş üzrə üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçıya hazırki cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı razı olmamış, hazırki cavabdehi əsl cavabdehlə əvəz etməmişdir. Belə olan halda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə də, məhkəmə bu müddəaya və yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. İddia tələbinin digər qismi - debitor borcu ilə bağlı tələb hissəsində məhkəmə qeyd edir ki, məhkəmə iş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent saldosunu təhlil etmiş və cavabdehin 4,2 manat debitor borcunun olmasını müəyyən etməmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1985,40 manat məbləğində zərərin, debitor borc üzrə 4,52 manat və 39,90 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2029,82 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1985,40 manat məbləğində zərərin, debitor borc üzrə 4,52 manat və 39,90 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2029,82 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar