Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3999/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. “Bank” “X3 Azərbaycan QSC”, “müştəri” “Cavabdeh” olmaqla bağlanmış xx.xx.2019-cu il tarixli, 253347 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh illik 20% ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən "Bocverən", “Borcalanın" öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borcların geri qaytarılmasının təmin edilməsi məqsədilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tətbirlərin həyata keçirilməsi üçün (məhkəmə instansiyalarına\orqanlarına müraciət və s.) “Borcalana" aid olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri (xərcləri) "Borcalandan" tələb etmək (tutmaq/almaq) hüququna malikdir; “Borcverən” bu müqavilə üzrə tələb hüquqlarını üçüncü şəxslərə satmaq və ya güzəşt etmək hüququna malikdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(010)-2726/2021 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi; Cavabdeh 253347 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 6310.23 manat məbləğində əsas borc, 274.10 manat məbləğində faiz borcu, 24.97 manat cərimə borcu olmaqla, cəmi 6609.30 manat, 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri və 30 manat dövlət rüsumunun tutularaq “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
4. "xxxx" QSC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin surətindən görünür ki, müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.
5. İş materiallarına əlavə edilmiş aktlardan görünür ki, həmin aktlarda ‘‘X3 Azərbaycan” QSC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən “X1” MMC tərəfindən borclu müştərilərin borclarının ödənilməsi təmin edilərək ödənişlərin “X3 Azərbaycan” QSC-yə təhvil verilməsi; geri ödənişlərin 15-25% aralığında xidmət haqqının Bank tərəfindən MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur.
6. İş materiallarına əlavə edilmiş təhvil aktlarının cədvəllərindən görünür ki, digər müştərilərlə yanaşı Cavabdeh tərəfindən ümumilikdə 5776,50 manat, yəni 2021-ci ilin iyul ayı ərzində 326,39 manat və 73,61 manat, 2021-ci ilin avqust ayı ərzində 336,71 manat və 63,29 manat, xx.xx.2021-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 376,50 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-ci il tarixində 100 manat ödəniş həyata keçirilmişdir.
7. “X3 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh bank tərəfindən “X1” MMC-yə köçürülmüş 851,48 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində “X3 Azərbaycan” QSC-yə ödənilməsi barədə xəbərdar edilmişdir.
8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
9. İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı hüquqi yardım üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 851,48 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(010)-2726/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı “X3 Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənilməmiş ümumilikdə 5676,50 manat, o cümlədən, 2021-ci ilin iyul ayı ərzində 326,39 manat və 73,61 manat, 2021-ci ilin avqust ayı ərzində 336,71 manat və 63,29 manat, xx.xx.2021-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 376,50 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-ci il tarixində 100 manat borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən ümumilikdə 5676,50 manat məbləğlərindəki vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 851,48 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bank yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 851,48 manat məbləğində xidmət haqqı ödəmişdir. “X3 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 5 və 6-cı bəndində «Borcverən»-in hüquq və vəzifələri/Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə kredit və ona hеsablanmış faiz borcunu, o cümlədən kredit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, kreditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə kreditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun cavabdehdən tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
12. İddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, kredit müqaviləsi üzrə banka borcu yoxdur. Belə ki, borcunu tam şəkildə ödəmişdir. İddiaçının xidmət haqqına görə ödədiyi puldan məlumatı olmamışdır, lakin həmin pulu ödəməlidirsə bu pulu hər ay yüz manat olmaqla hissə-hissə ödəyə bilər.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 420.3.5. Zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb) təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərti etibarsız sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.1. Məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 10000 manat məbləğində kredit verilmiş, cavabdeh isə kreditin əsas məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz öhdəsinə götürmüşdür.
20. Daha sonra, Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə əsas öhdəliyinin şərtlərini pozduğuna görə ona qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia ərizəsi verilmiş və xx.xx.2021-ci il tarixli, e-2(010)-2726/2021 nömrəli qətnaməyə əsasən iddianın təmin edilməsi; Cavabdeh kredit müqaviləsinə əsasən cəmi 6609,30 manat pulun və dövlət rüsumunun tutularaq “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Cavabdeh tərəfindən icra sənədi üzrə borc “X3 Azərbaycan” QSC-yə ödənilmişdir.
21. Hazırda isə iddiaçı icra mərhələsində ona hüquqi xidmət göstərilməsinə görə “X1” MMC-yə ödənilmiş 851,48 manat məbləğində pul vəsaitinin və hazırki mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
22. İcra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. İcra məmurunun öz vəzifələrini lazımınca yerinə yetirməməsi ilə bağlı əmələ gələn zərər risklərinin müqavilənin standart şərtləri sayəsində borcluya həvalə edilməsi qanuna və hüquqa zidd olduğundan etibarsızdır. Həmçinin qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır.
23. Göründüyü kimi, məhkəmə qərarının qanunla müəyyən edilmiş müddətlərdə və qaydada icra olunması üçün qanunvericilik tərəfindən dövlət orqanlarına zəruri olan bütün imkanlar yaradılmışdır. Belə olan halda dövlət orqanına aid vəzifənin, dolayısı ilə isteklakçının kredit müqaviləsi üzrə bank qarşısında yaranan borcların geri qaytarılması üçün göstəriləcək hüquqi xidmətlərin istehlakçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla istehlakçıların hüquqlarının qorunması prinsipinə uyğun deyildir.
24. “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 5.5-ci bəndinə əsasən icra orqanın vəzifəsi olaraq icra sənədinin icra edilməsi ilə bağlı zərərin ödənilməsinin Cavabdeh üzərinə qoyulması istehlakçı hüquqlarının məhdudlaşdırılması baxımından qanunvericiliyin tələbinə ziddir, buna görə də həmin müqavilənin şərti etibarsız hesab olunmalıdır.
25. Göstərilənlərlə yanaşı, iddiaçı tərəfindən məhkəməyə “X1” MMC tərəfindən verilmiş akt təqdim edilməsinə baxmayaraq, hüquqi xidmətlə bağlı göstərilən məbləğlərin həmin MMC-nin hesabına köçürülməsini təsdiq edən mötəbər sübutları (qəbz, kassa mədaxil orderi və s) məhkəməyə təqdim etməmişdir.
26. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
27. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı – cavabdehdən 851,48 manat məbləğində maddi zərərin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.