Məhkəmə qərarları › İş №e-2(010)-400/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-400/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-400/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 22 fevral 2021-ci il tarixli 105804-922161/2 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 16.000 manat məbləğində kredit verilmişdir.

2. 22 fevral 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 16.000 manat məbləğində pul köçürülmüşdür.

3. 17. oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 22 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8034,53 manat əsas; 2484,37 manat faiz; cəmi 10518,90 manat borcu vardır.

4. 18 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 121,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

5. 11 avqust 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə banka olan borcun 7 təqvim günü müddətində ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 9/973 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göst\rilənlərə əsasən, borcalan Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış 22 fevral 2021-ci il tarixli 105804-922161/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixədək) olan borcu aşağıdakı kimi hesablanır: xx.xx.2022-ci il tarixə - əsas borc üzrə 7795,13 manat; - faiz borcu üzrə 618,41 manat.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/4886 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış 22 fevral 2021-ci il tarixli 105804-922161/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixədək) olan borcu aşağıdakı kimi hesablanır: xx.xx.2022-ci il tarixə - əsas borc üzrə 7795,13 manat; - faiz borcu üzrə 618,41 manat. Bildirilir ki, iş materiallarında olan cari hesabdan çıxarışda (səh 46-51) borcalan tərəfindən aparılmış ödənişlərlə bağlı silinmələr bank daxili qaydalara uyğun olaraq kodlaşdırıldığından həmin ödənişlərin əsas borca, faiz borcuna və ya cərimə borcuna silinməsini müəyyən etmək olmadı. Qeyd edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 22 fevral 2021-ci il tarixli, 105804-922161/2 saylı kredit müqaviləsi üzrə cərimə hesabı (həmçinin dəbbə hesabı) iş materiallarında mövcud olmadığından Cavabdeh cərimə (həmçinin dəbbə) hesablanmadı. İşin faktiki halları

8. İddiaçı ASC ilə Cavabdeh arasında 22 fevral 2021-ci il tarixli 105804-922161/2 kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.

İddia tələbi

9. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8034,53 manat məbləğində əsas bоrc və 2484,37 manat faiz borcu оlmaqla, cəmi 10518,9 manat borcun və 121,96 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. İddiaçının nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və iddia tələbini müdafiə edərək, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və cavabdehin əsas borcun etiraf etməsini nəzərə alaraq təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

12. Cavabdeh xx.xx.2023-cü tarixli məhkəmə iclasında iddia tələbini əsas borc hissəsində qəbul edərək həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

16. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Məhkəmə tərəfindən təyin edilmiş hər iki məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7795,13 manat, faiz borcu üzrə 618,41 manat borcu vardır. Lakin iddiaçı tərəf əsas borc məbləği ilə razılaşmayaraq bildirmişdir ki, rəydə ödənişlərin ekspert tərəfindən yalnız əsas və faiz borcundan sililməsi göstərilmişdir. Halbuki, borc üzrə gecikmələr olduqda ödənişlər ilk növbədə dəbbə pulundan, sonra əsas borcdan və faiz borcundan silinir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda silinmələrin hansı qaydada aparılması aydın göstərilir. Lakin, göstərilənləri ekspert öz rəyində nəzərə almamış, ödənişlər hesablanarkən silinmələr yalnız əsas və faiz borcundan aparmış və nəticədə məhkəməyə düzgün rəy təqdim etməmişdir. Ona görə, bank tərəfindən təqdim edilmiş borc məbləği ilə ekspert rəyində göstərilmiş məbləğ arasında böyük fərq yaranmışdır. Bu səbəbdən göstərilənlərə aydınlıq gətirməsi üçün ekspert X1 məhkəmə iclasına dəvət edilmiş və o, məhkəmə iclasında rəyini müdafiə edərək bildirmişdir ki, iş materiallarında olan cari hesabdan çıxarışda borcalan tərəfindən aparılmış ödənişlərlə bağlı silinmələr bank daxili qaydalara uyğun olaraq kodlaşdırıldığından həmin ödənişlərin əsas borca, faiz borcuna və ya cərimə borcuna silinməsini müəyyən etmək mümkün olmur. Habuki, Mərkəzi Bankın tərtib etdiyi və bütün banklar tərəfindən istifadə olunan hesablar planı olur və bütün banklar tərəfindən hesablamalar həmin plana uyğun aparılmalıdır. Bank daxilində cərimə və ya penya məbləğləri ilə bağlı daxili kodlaşdırmalar ola bilər və bu, Mərkəzi bankın tərtib etdiyi hesablar planına uyğun gəlmir. Cərimənin hesablanması ilə bağlı cərimə hesabından çıxarış olmalıdır. Həmin hesabdan çıxarış olmadıqda cərimə məbləğini hesablanılmır, çünki bank tərəfindən cərimə məbləğinin hesablanmadığı qənaətinə gəlinir.

18. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən borcun düzgün hesablanmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim edilməmişdir.

19. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

20. Ekspert tərəfindən cavabdehin kredit müqaviləsi üzrə 7795,13 manat əsas borcu olduğu qeyd olunsa da, məhkəmə iclasında cavabdeh əsas borcunun həqiqətən də 8034,53 manat olduğunu qəbul etdiyini bildirmişdir.

21. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 22 fevral 2021-ci il tarixli 105804-922161/2 kredit müqaviləsinə əsasən 8034,53 manat əsas borcun tutulması barədə tələb cavabdeh tərəfindən etiraf və qəbul edildiyindən əsaslıdır, lakin faiz borcu ekspert rəyində göstərilən məbləğdə, yəni 618,41 manat qəbul edilməlidir. Çünki iddiaçı tərəfindən bunun əksini təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumun qalan 21,56 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

24. İlkin aparılmış ekspertiza təqdiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh, sonrakı ekspertiza təqdiqatının dəyəri olan 145 manat məbləğində pul isə İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 fevral 2021-ci il tarixli 105804-922161/2 kredit müqaviləsinə əsasən 8034,53 manat əsas, 618,41 manat faiz olmaqla, cəmi 8652,94 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 22 fevral 2021-ci il tarixli 105804-922161/2 kredit müqaviləsinə əsasən 8034,53 manat əsas, 618,41 manat faiz olmaqla, cəmi 8652,94 (səkkiz min altı yüz əlli iki manat doxsan dörd qəpik) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun qalan 21,56 (iyirmi bir manat əlli altı qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. İlkin aparılmış ekspertiza təqdiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh, sonrakı ekspertiza təqdiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar