Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4013/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimetin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2052/2019 saylı, 29 mart 2019cu il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment, habelə xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 manat pulun X5 xeyrinə tutulması, alimentin tutulmasının müddəti xx.xx.2019-cu il tarixdən müəyyən edilməsi qət edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-1611/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) Cavabdeh ilə X8 arasında 4 saylı Bakı Asan Xidmət X11 tərəfindən xx.xx.2015-ci tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2104 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları X5 himayəsində qalması qət edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3969/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2052/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh X5 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanılması qət edilmişdir. Övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 ehtiyaclarının (tibbi, geyim, qida, və s.) ödənilməsinə ayda xeyli pul lazımdır. Məhkəmə tərəfindən uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği uşaqların hazırki ehtiyaclarını ödəmir və buna görə çox böyük maddi sıxıntı keçirir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Həmçinin uşaqların səhhətlərində də problem olduğu üçün müalicəyə ehtiyacları var. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3969/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan 3 ilə yaxın müddət keçir. Bu illərdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da dövlət tərəfindən dəfələrlə artırılmışdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün isə 235 manat müəyyən edilmişdir. Həmin bu illərdə cavabdehin gəlirlərində də dəyişiklik olmuş, artmışdır. Ona görə də məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərək, məbləğin artırılması zərurəti yaranmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbi ilə qismən razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh hazırda 2-ci dəfə ailə həyatı qurub. Hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment müəyyən edilməsini xahiş edirəm. Cavabdeh Socar Neft şirkətində elektrik olaraq işləyir və aylıq 1200 manat əmək haqqı alır.
İş materialları
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3969/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2052/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh iddiaçı X5 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir.
6. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də teknik, elektronika, elektrik enerjisinin ötürülməsi vəzifəsində işləyərək, aylıq əmək haqqı məbləği 1724 manatdır.
İşin faktiki halları
7. Tərəflərin rəsmi nikaha daxil olması, rəsmi nikah münasibətlərindən iki uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment təyin edilməsi, daha sonra məhkəmə qətnaməsi əsasında tutulan aliment miqdarının artırılaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladlarının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh tərəf isə iddia tələbini qəbul qismən qəbul etdiyini bildirir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
14. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddia təmin edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2052/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh Nadır oğlundan iddiaçı X5 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqlar analarının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 57.30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3969/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi hər ay 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 57.30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.