Məhkəmə qərarları › İş №e-2(010)-4028/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4028/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4028/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 717,48 manat olan İmei kod **********50206 Samsung Galaxy A22 markalı telefon almışdır.

2. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Qəniyeva X1 **********50206 Samsung Galaxy A22 markalı telefon təhvil almışdır.

3. Maliyyə və ödəniş cədvəlinə əsasən Soyuducu Samsung üçün cavabdehin 237,98 manat ödənilməmiş hissə, 70,72 manat dəbbə borcu yaranmışdır.

4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 2800,08 manat olan Soyuducu LG, Paltaryuyan LG almışdır. 5.xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Soyuducu LG, Paltaryuyan LG təhvil alınmışdır.

6. Maliyyə və ödəniş cədvəlinə əsasən Soyuducu LG, Paltaryuyan LG üçün cavabdehin 1865,28 manat ödənilməmiş hissə, 558,02 manat dəbbə borcu yaranmışdır.

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 4800 manat olan Galaxy - Qonaq - Kamod, Galaxy - Qonaq - Masa, Galaxy - Qonaq - Vitrin, 6 ədəd stul – Antuanetta, Elantra- Yumsaq - X4 almışdır.

8. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Galaxy - Qonaq - Kamod, Galaxy - Qonaq - Masa, Galaxy - Qonaq - Vitrin, 6 ədəd stul – Antuanetta, Elantra- Yumsaq - X4 təhvil alınmışdır.

9. Maliyyə və ödəniş cədvəlinə əsasən Galaxy - Qonaq - Kamod, Galaxy - Qonaq - Masa, Galaxy - Qonaq - Vitrin, 6 ədəd stul – Antuanetta, Elantra - Yumsaq - X4 üçün cavabdehin 1900 manat ödənilməmiş hissə, 570 manat dəbbə borcu yaranmışdır.

10. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 1604,16 manat olan İmei kod **********48300 Samsung Galaxy A53 markalı telefon, Samsung Charger almışdır.

11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Qəniyeva X1 **********48300 Samsung Galaxy A53 markalı telefon, Samsung Charger təhvil almışdır.

12. Maliyyə və ödəniş cədvəlinə əsasən Soyuducu Samsung üçün cavabdehin 1200,96 manat ödənilməmiş hissə, 216,04 manat dəbbə borcu yaranmışdır.

13. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

14. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 86,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

15. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.

İddia tələbi

16. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Galaxy - Qonaq - Kamod, Galaxy - Qonaq - Masa, Galaxy - Qonaq -Vitrin, 6 ədəd Stul – Antuanetta, Elantra - Yumsaq - X4 üçün 1900 manat ödənilməmiş hissə, 570 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu LG, Paltaryuyan LG üçün, 1865,28 manat ödənilməmiş hissə, 558,02 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********48300 Samsung Galaxy A53 markalı telefon, Samsung Charger üçün 1200,96 manat ödənilməmiş hissə, 216,04 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50206 Samsung Galaxy A22 markalı telefon üçün, 237,98 manat ödənilməmiş hissə, 70,72 manat dəbbə, ümumilikdə 6619 manat borc, 86,19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 4 müqavilə üzrə ümumilikdə 6619 manat borc yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün cavabdehə bildiriş göndərilmiş, lakin ödəniş edilməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

19. Cavabdeh 27 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdirmişdir ki, o, iddiaçıdan qızı üçün cehiz əşyaları kreditə götürmüş, qızı isə ailə qurduqdan 5 ay sonra həyat yoldaşı onu döyərək evdən qovmuş və bütün alınmış əşyalar həmin evdə qalmışdır. Kürəkəni onları aldatmış və cehiz əşyalarını verməkdən imtina etmişdir. O, bu zamanadək onların pul verəcəyini və ya əşyaları qaytaracağını düşündüyü üçün ödəniş etməmişdir. Borcu qəbul edir və ödəyəcəkdir, ancaq həmin borcu birdəfəyə ödəmək imkanı olmadığı üçün hissə-hissə ödəyə bilər.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi

21. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alğı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat müəyyən edilməlidir.

Məhkəmə xərcləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,46 məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 16,73 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 237,98 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu, cəmi 247,98 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1865,28 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, cəmi 1915,28 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1900 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, cəmi 1950 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1200,96 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 1220,96 manat, ümumilikdə 5334,22 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 237,98 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu, cəmi 247,98 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1865,28 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, cəmi 1915,28 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1900 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, cəmi 1950 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1200,96 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 1220,96 manat, ümumilikdə 5334,22 (beş min üç yüz otuz dörd manat iyirmi iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,46 (altmış doqquz manat qırx altı qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 16,73 (on altı manat yetmiş üç qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar