Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4032/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonrakı mətndə ləğv prosesində olan İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2009-cu il tarixli İS- 3978 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 6200 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Hesabdan çıxarışdan görünür ki, Cavabdehnın hesabına 04 avqust 2009-cu il tarixdə 6200 ABŞ dolları məbləğində pul köçürülmüşdür.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın kredit müqaviləsi üzrə Banka 2483,07 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 124,22 ABŞ dolları faiz, 2925,81 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1480,36 ABŞ dolları borc, ümumilikdə 7013,46 ABŞ dolları məbləğində borcu vardır.
4. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 3 gün müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
5. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 89,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia müddəti ötdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə verildiyindən, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
İşin faktiki halları
8. İddiaçı ASC ilə Cavabdeh arasında 04 avqust 2009-cu il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4087,65 ABŞ dolları olmaqla – 2483,07 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə hesablanmış 124,22 ABŞ dolları faiz borcunun, 1480,36 ABŞ dolları geckdirilmiş vaxt üçün hesablanmış 5% borcunun və iş üzrə ödənilmiş 89,50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
10. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
11. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək və iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 30% dərəcəsi ilə 6200 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Cavabdehdən cəmi 4087,65 ABŞ dolları olmaqla – 2483,07 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə hesablanmış 124,22 ABŞ dolları faiz, 1480,36 ABŞ dolları geckdirilmiş vaxt üçün hesablanmış 5% borcu və iş üzrə ödənilmiş 89,50 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Həmçinin, maliyyə arayışında cərimə borcu olmasına baxmayaraq cavabdehdən həmin cərimə borcu tələb etmirlər.
12. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək və “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəsinə uyğun izahat verərək, iddiaçının həm müqavilə tələbləri üzrə, həm də ümumi iddia müddətini ötürdüyünü, buna görə də iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 399. Müqavilənin qüvvəsi 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı
Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
16. Belə ki, iş üzrə Cavabdeh və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir.
17. İş materiallarında olan 04 avqust 2009-cu il tarixli İS-3978 №-li kredit müqaviləsindən görünür ki, borcluya verilən kreditin müddəti 24 ay müddətinə müəyyən olunmuş və kreditin müddəti xx.xx.2011-ci il tarixədək təyin edilmişdir.
18. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti xx.xx.2011-ci il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur.
19. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
20. İddiaçı ilə cavabdeh arasında müqavilə 04 avqust 2009-cu il tarixdə bağlandığından və müqavilənin icra müddəti 04 avqust 2011-ci il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2011-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2011-ci il tarixdən başlamışdır.
21. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdə bitmişdir.
22. Göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu artıq xx.xx.2011-ci il tarixdən bildiyi halda, yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 12 il 15 gün sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür.
Məhkəmə xərcləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.
26. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.